İstanbulun fəthi. Filip de Mazerolun “VII Karlın Xronikası”na çəkdiyiminiater (1450-1475)
Məlum olduğu kimi, İstanbul 1453-cü ilin aprelin 6-sından mayın 29-arasına qədər sürən mühasirədən sonra Sultan II Mühəmməd Fatehin komandanlığındakı Osmanlı birlikləri tərəfindən fəth edilib (Ahmet Gündüz, 2008, s. 53). O dövrə qədər Konstantinopol adlanan şəhər əvvəllər də dəfələrlə mühasirəyə alınmış, lakin onu fəth etmək kimsəyə müyəssər olmamışdı. Bu dəfə də şəhərə edilən ilk hücumlar uğursuzluqla nəticələnmiş, paytaxta kömək gətirən gəmilər Osmanlı donanmasını yarıb keçməyə nail olmuşdu. Buna baxmayaraq, sultan ruhdan düşmürdü. O, dövlət adamları ilə birlikdə yığıncaq keçirdi. Yığıncaqda Avropa dövlətlərinin köməyə gələcəyini təkrarlayan Candarlı Xəlil Paşa mühasirənin dayandırılmasını və Bizansdan 70000 duka vergi alınmasını təklif etdi, Zağanos Paşa və Gürani başda olmaqla bir qrup şəxs isə buna qarşı çıxdılar (Joseph von Hammer, 2015, s. 285-286).
Sultan II Mühəmməd Fateh ilk olaraq Zağanos Paşaya Qalata ilə şəhər arasında əlaqə qurulması üçün körpü inşa etməyi, körpünün Qızıl Buynuzdakı Bizans və müttəfiq gəmilərinə qarşı müdafiəsiz qalmaması üçün Beşiktaş (Diplonsiyon) önlərində olan Osmanlı donanmasının Qalata divarları önündən qurudan yeridilərək Qızıl Buynuza endirilməsini əmr etdi. (Refik Özdek, 1990, s. 412; Joseph von Hammer, 1985, s. 287). Bundan başqa Qızıl Buynuz tərəfdəki şəhər divarlarını və limandakı gəmiləri vurmaq üçün Qalata ətrafındakı təpələrə toplar yerləşdirildi. Gəmilərin keçəcəyi yer meşəlikdi. Bu yolun üstündəki ağaclar kəsilərək genuyalılardan alınan yağlarla sürüşkənləşdirilir və bundan sonra sabit şəkildə yerə düzülürdü. Gəmilər yeridilməmişdən əvvəl Qalata ətrafındakı təpələrdə mövqe tutmuş toplardan limandakı gəmilərə atəş açıldı (İstanbulun Fethi, 2015; İsmail Hakkı Uzunçarşılı, 2019, s. 418-419). Bizans tərəfinin duyuq düşməməsi üçün gəmilər 21-22 aprel gecəsi yeridildi (Gregory Timothy E.,2019, s. 318). Bu müddət ərzində onların diqqətini başqa yönə çəkmək üçün Müqəddəs Romanos qapısı tərəfdəki divara hücum nəticəsində orada boşluq açıldı. Həmin gecə şəhərdəkilər bu boşluğu doldurmaqla məşğul idilər (Refik Özdek, 1990, s. 412). Səhər açılanda 72 Osmanlı gəmisi uğurla limana endirilmiş və limanı bağlayan zəncir əhəmiyyətsiz qalmışdı. Osmanlı tərəfi planın ikinci mərhələsi olan taxta körpünün tikintisinə başladı. 24 apreldə Yustiniyaninin bir gəmisi körpünü yandırmaq üçün yaxınlaşmağa cəhd göstərsə də, Osmanlı topçuları tərəfindən batırıldı (Refik Özdek, 1990, s. 413). Bu hadisədən sonra Müqəddəs Mariya kilsəsində toplanan Bizans tərəfi yenidən hücuma keçərək körpünü yandırmağı qərara aldı. Hücum venesiyalı komandan Cakomo Kokonun rəhbərliyində gecə vaxtı ediləcəkdi. Gəmiləri hücuma hazırlamaq bəhanəsi ilə hücumu bir günlük təxirə salan Qalata genuyalıları qazandıqları vaxtdan yararlanaraq planı gizli şəkildə sultana çatdırdılar (Joseph von Hammer, 1985, s. 287).
Plandan xəbərdar olan II Mühəmməd limana endirilən gəmilərə dəstək göndərilməsini və sahilə əlavə olaraq iki topun da yerləşdirilməsini əmr etdi. 28 aprel gecəsi yunan odu ilə yüklənmiş Cakomo Kokonun komandanlığındakı iki və ya üç gəmi Osmanlı gəmilərinə yaxınlaşdı. Osmanlı gəmiləri dərhal atəş açdı. Kokonun gəmisi batırıldı. Qabriel Trivixanın komandanlığındakı digər gəmi topların gurultusu səbəbindən Kokonun gəmisinin başına gələnlərdən xəbərsiz halda irəliləməyə davam edirdi. Osmanlı topçuları bu gəmini də vurdular. Buna baxmayaraq gəmi heyəti gəminin gövdəsində açılan dəliyi bağlamağı bacararaq gəmiyə su dolmasının qarşısını aldı. Qarşı tərəfin atəşi nəticəsində Osmanlı tərəfinin də bir gəmisi yanmışdı. Osmanlılar əsir aldıqları dənizçiləri şəhərdən görüləcək şəkildə edam etdilər. Buna cavab olaraq Bizans tərəfi də əllərində olan 260 əsiri edam etdi və kəsilmiş başlarını şəhər divarlarına sancdı (Joseph von Hammer, 1985, s. 265; 287-288).
Dostları ilə paylaş: |