İqtisadi artım modelləri, real iqtisadiyyatın sadələşdirilmiş ifadəsi, yaxud formasıdır. Bu modellər vasitəsilə iqtisadçılar və mütəxəssislər ölkənin təsərrüfat həyatında baş verən müxtəlif istiqamətli mürəkkəb prosesləri təhlil edərək, mövcud real vəziyyəti sadələşdirilmiş formada, müəyyən model (variant) qurmaq əsasında ifadə edirlər. İqtisadi modelləri mütləq mənada başa düşüb qəbul etmək doğru deyil. Ona görə ki, əslində heç bir model yaxud variant real təsərrüfat həyatını tam dəqiqliyi ilə əks etdirə bilməz. Çünki canlı orqanizmi xatırladan, tələblə təklifin dəyişkənliyi əsasında formalaşan qiymət və rəqabətlə bağlı ziddiyyətli vəziyyətin mürəkkəbliyini özündə əks etdirən iqtisadi modellər,ən yaxşı halda iqtisadiyyatda gedən prosesləri həmin dövr üçün aydınlaşdıra bilər. Bu mənada, iqtisadi modellərin dəqiqliyi real təsərrüfat həyatında baş verən çoxcəhətli prosesləri tam əks etdirə bilməsi, sırf nisbi və nəzəri-metodoloji xarakter daşıyır. Təsərrüfat əlaqələrinin genişləndiyi, beynəlxalq əmək bölgüsünün dərinləşdiyi, inflyasiya, işsizlik problemlərinin kəskinləşdiyi müasir şəraitdə, iqtisadi modellər olmadan, ölkənin təsərrüfat həyatının mövcud və perspektiv inkişaf (artım) modellərini (variantlarını) qurmadan keçinmək mümkün deyildir. Ona görə də dünyanın müxtəlif ölkələri, bir-birindən fərqli iqtisadi artım modellərindən, yaxud həmin modellərin müəyyən cəhətlərindən istifadə edirlər. İqtisadi modelləri tərtib edib qurmaq və təsərrüfat həyatına tətbiq etmək üçün cəmiyyət miqyasında əmtəələrin, habelə xidmətlərin fasiləsiz axını şəraitində, onların bir sistem halında həm xərclərini, həm də nəticələrini (gəlirlərini) müqayisə etmək lazımdır. Bu mühüm məsələnin ilk tədqiqatçısı tanınmış fransız iqtisadçısı Fransua Kene (1694-1774) sayılır. O, 1758-ci ildə nəşr olunmuş "İqtisadi cədvəl" əsərində ölkənin milli iqtisadiyyatının ibtidai şəkildə balansını vermişdir. Doğrudur, F.Kene bunu yalnız kənd təsərrüfatının timsalında hesablamış və elə düşünmüşdü ki, ölkədə istehsal olunan bütüm məhsullar ilk növbədə yalnız torpaqla bağlıdır. Lakin bu məhdud cəhətə baxmayaraq, F.Kenenin modeli məsələnin ilkin qoyuluşu və araşdırılması baxımından böyük maraq doğurur. Sonralar bu problem öz davamını və əksini Karl Marksın (1818-1883) "Kapital" əsərndə tapmışdır. Onun iqtisadi təlimində bütövlükdə ictimai istehsal, istehsal vasitələri istehsalına (I bölmə) və istehlak şeyləri istehsalına (II bölmə) ayrılmışdı. Lakin bu bölgü əsasında iqtisadiyyatda baş verən, yaxud verəcək proseslərin elmi izahı və siyasətləşdirilmiş iqtisadi-sosial nəticələrinə dair fikirlər real həyatda özünü doğrultmadı. Çünki, məlumdur ki, hər hansı bir ölkənin milli iqtisadiyyatında yalnız 2 iri təsərrüfat bölməsi deyil, yüzlərlə digər sahə və yarımsahə, habelə digərləri də iştirak edir. XX əsrin əvvəllərində Nobel mükafatı laureatı Vasiliy Leontyev (ABŞ) tərəfindən "istehsal xərcləri və məhsul buraxılışı" modeli yaradılmışdır. Bu modeldə şahmat taxtası formasında tərtib olunmuş cədvəldə, iqtisadiyyatda maddi və dəyər (pul ifadəsində) axınlarınınhərəkəti təsvir olunmuşdur. Sahələrarası balansadlanan V.Leontyev modeli: a) maddi xərclər; b) son məhsul; c) xalis məhsul; ç) xalis məhsulun yenidən bölgüsü kimi 4 hissəni əhatə edir. Bu cədvəl elə qurulmuşdur ki, oradakı üfüqi sıralardakı göstəriciləri (xərcləri) şaquli sıralardakı gəstəricilərə (hazır məsula)bölmək yolu ilə müxtəlif sahələrin ümumi daxili məhsul həcmindəki xüsusi çəkisini (payını) müəyyənləşdirmək mümkündür. Tarixi və məntiqi ardıcıllıq baxımından iqtisadi artım modelləri çoxsaylı olsa da, lakin əsasən aşağıdakılardan ibarətdir: klassik model, keynsci modellər, neoklassik modellər, tarixi-ictimai modellər, monetar model.