C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­


Makroiqtisadiyyatın vəzifələri və onun təhlil metodları



Yüklə 2,89 Mb.
səhifə3/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   114
C fakepathelave vesait

Makroiqtisadiyyatın vəzifələri və onun təhlil metodları



Makroiqtisadiyyat bütövlükdə ölkə iqtisadiyyatı­nı vahid təsərrüfat sistemi kimi təhlil etdiyindən, aydındır ki, bu mövqedən yanaşmada saysız-hesabsız ev təsərrüfat­ları­nın, şirkətlərin, birliklərin fəaliyyət mexanizminin tərkib hissələri sayılan qiymət, rəqabət, ayrı-ayrı məhsul-xidmət­lə­rə olan tələb və təklif anlayışları kifayət deyildir. Milli iqtisadiyyatın makroiqtisadi təhlili, yeni və ümumiləşdiril­miş (məcmu) göstəricilərdən (parametrlərdən), habelə təd­qiqat metodlarından istifadə olunmasını irəli sürmüş­dür.
C.M.Keynsin fikrincə, bütövlükdə ölkə iqtisadiy­yatı, sırf bazar münasibətlərini əks etdirən mikroiqtisadi anlayışlara forma cəhətdən oxşasa da, lakin mahiyyətcə üst-üstə düşmürlər. Çünki, «böyük iqtisadiyyat» (ölkənin təsərrüfat həyatı) anlayışı, onun «kiçik hissələrinin» (ev təsərrüfatlarının, şirkətlərin) sadəcə mexaniki toplusu ol­ma­dığından, bunları xarakterizə edən göstəricilər və idarə edən prinsiplər eyniyyət təşkil edə bilməzdi. Deməli, ölkənin təsərrüfat həyatı mənasında «böyük iqtisadiyyat» təkcə kəmiyyət (miqdar, həcm) məsələsi olmayıb, eyni za­manda yeni keyfiyyət (mərhələ) sayıldığından, bir sistem kimi onun fəaliyyəti daha ümumi göstəricilərlə səciy­yələn­dirilib öyrənilməlidir. Ona görə də vahid iqtisadi sis­tem daxilində mikro və makroiqtisadiyyatların qarşılıqlı əlaqə, bir-birinə təsir mexanizmlərinə baxmayaraq, onların ayrı-ayrılıqda kəmiyyət, keyfiyyət fərqləri bu istiqamət­dəki tədqiqatlara, onların metodlarına yeni mövqelərdən yanaşmağı şərtləndirmişdir.
Makroiqtisadi mövqeyə görə hər hansı bir ölkənin iqtisadiyyatı 4 ümumiləşdirilmiş təsərrüfat subyektlərin­dən ibarətdir: a) ev təsərrüfatları; b) sahibkarlar; c) döv­lət; ç)xaricdə yerləşib fəaliyyət göstərən bölmələr (sektor­lar).
Bu subyektlərin qarşılıqlı iqtisadi münasibətlə­ri və çoxcəhətli əməkdaşlıq əlaqələrinin əsas hissəsi müxtəlif bazarlarda formalaşıb həyata keçirilir.
Bazar münasibətləri iqtisadi sistemi şəraitində möv­cud olub, fəaliyyət göstərən çoxsaylı bazarlardan C.M.Keyns əsas dördünü seçmişdir. Bu bazarlar aşağıdakılardır: 1) məhsul və xidmətlər bazarı; 2) pul bazarı; 3) əmək bazarı; 4) qiy­mət­li kağızlar bazarı.
Sonralar bu bazarlar sırasına real kapital (dəzgahlar, maşınlar, avadanlıqlar və s.) bazarı və beynəlxalq valyuta bazarı (milli valyutaların mübadiləsi bazarı) əlavə olun­muşdur.
İqtisadi nəzəriyyənin makroiqtisadiyyat hissəsi əsa­sən aşağıdakı problemlərin təhlili və araşdırılması ilə məş­ğul olur:

  • ümumi milli məhsul (ÜMM) və ümumi daxili məh­sulun (ÜDM) həcmi, habelə artım templəri;

  • məşğulluq və işsizliyin səviyyəsi;

  • inflyasiya və qiymətlərin indeksi;

  • iqtisadi tsikllər və inkişafin qeyri-sabitliyi;

  • dövlətin makroiqtisadi siyasəti;

  • ölkənin xarici iqtisadi siyasəti və beynəlxalq əla­qələr sistemi;

  • əhalinin həyat səviyyəsi problemləri.

Makroiqtisadiyyatın vəzifələrinə gəldikdə, buraya yuxarıda qeyd olunan iqtisadiyyatın artım templəri, inflya­siya və işsizliyin səviyyəsinin təhlili ilə yanaşı, ölkənin tədiyyə balansının vəziyyəti, milli gəlirin artım templəri, investisiya qoyuluşlarının həcmi, onların səmərəliliyi, döv­lət büdcəsinin formalaşması, pul-kredit siyasəti, bank faizləri, xarici ticarət balansı, dövlət borcu kimi məsələlər də aid edilir.
Makroiqtisadi təhlil, cəmiyyətin iqtisadi-sosial inki­şafı gedişində, təbii olaraq qarşıya çıxan bir sıra suallara cavab axtarır: Nə üçün müxtəlif inkişaf mərhələlərində qiy­mətlərin artımı istehsalın artım templərini ötür? Məş­ğul­­luğu və inflyasiyanı doğuran səbəblər hansılardır? Döv­­lət büdcəsində yaranan kəsirin inflyasiya və işsizliklə əlaqəsi necədir? Milli valyutanın məzənnəsinin dəyişməsi hansı problemlər doğurur?
Ölkənin iqtisadi-sosial inkişafı və onun gələcək pers­pektivləri üçün həyati bir əhəmiyyət kəsb edən bu məsələlərin pozitiv iqtisadi nəzəriyyə mövqelərindən öy­rə­nilərək, normativ istiqamətli nəticələr çıxarılması, döv­lətlərin iqtisadi siyasətinin hazırlanması və həyata keçiril­məsində mühüm rol oynayır.
Vaxtilə C.M.Keyns yazmışdır ki, iqtisadi nəzəriy­yənin vəzifəsi konkret məsləhət və tövsiyələr verib, bun­ların tezliklə iqtisadi siyasət vasitəsilə həyata keçirilməsi deyildir. Onun fikrincə, «iqtisadi nəzəriyyə doktirina (hökm) olmayıb, bir metod, düşüncə və təfəkkür aləti kimi düzgün nəticələr çıxarmağa kömək göstərməlidir». Demə­li, makroiqtisadi problemlərdən irəli gələn konkret vəzifə­lə­rin həlli yollarının müəyyənləşdirilib dövlətin iqtisadi siyasəti səviyyəsində ardıcıllıqla həyata keçirilməsi, şüb­hə­siz ölkədə tarazlı tənzimlənmiş inkişaf sayəsində opti­mal məşğulluq, normal inkişaf templəri və nəzarətdə sax­lanılan inflyasiya təmin etmək imkanları yarada bilər.
Makroiqtisadi təhlil prosesində iqtisadi nəzəriyyədə tətbiq olunan elmi abstraksiya, müqayisəli məntiq və tarixi ardıcıllıq, analiz və sintez, pozitiv və normativ, riyazi-iqtisadi metodlardan yeri gəldikcə istifadə olunur. Eyni zamanda bu metod və yanaşma üsullarının makroiqtisa­diy­yatın mahiyyətindən irəli gələn özünəməx­sus cəhət­lərin nəzərə alınması tələb olunur. Həmin özünəməxsus cəhətlər sırasında, ilk növbədə makroiqtisadiyyatın ümu­mi­ləş­dirici göstəricilərə əsaslanması və ölkənin çoxsahəli təsərrüfat həyatının bütün bir tam halında, habelə qarşılıqlı tarazlıq prinsipləri təməlində fəaliyyət göstərməsi həll­edici əhəmiyyətə malikdir.
Qeyd etmək zəruridir ki, makroiqtisadi təhlildə iqti­sadi subyektlərin qarşılıqlı əlaqə və təsiri müxtəlif model­lər vasitəsilə aydınlaşdırılır. Real gerçəkliyin və iqtisadi proseslərin formal (şərti) ifadəsi olan müxtəlif modellər, hadisələrin mühüm olmayan cəhətlərini nəzərə almayaraq, əsas diqqəti iqtisadi əlaqələrin mahiyyətinə yönəldir.
Makroiqtisadi modellərdə iqtisadi sistemin həm da­xi­li (endogen), həm də ona kənardan təsir göstərən xarici (ekzogen) amillərin qarşılıqlı əlaqələri öz əksini tapır. Ölkənin konkret vəziyyəti və şəraitdən asılı olaraq, müx­təlif makroiqtisadi modellərin məqsədi - baş verən dəyi­şikliklər, habelə, meyllər əsasında iqtisadi -sosial inkişafın ümumi qanunauyğunluqlarını təhlil edib aydınlaşdırmaq, bu inkişafın gələcək perspektivlərini müəyyənləşdir­mək­dir.




    1. Yüklə 2,89 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin