Onuncu, cəmiyyətin siyasi-mənəvi birliyini qoruyub saxlamaq, milli mentalitetin müsbət ənənə və psixoloji cəhətlərindən faydalanmaq, tarixi mənəvi əxlaqi dəyərlərə zərbə vuran mənfi hallara (yerliçilik, tayfabazlıq, süründürməçilik, rüşvətxorluq, qanun pozuntuları, korrupsiya) qarşı qanunun aliliyi prinsipi əsasında qətiyyətlə mübarizə aparmaq vəzifəsi ardıcıllıqla, habelə kimliyindən asılı olmadan, heç bir güzəşt edilmədən reallaşdırılmalıdır. Postsosialist və postsovet ölkələrinin inzibati-amirlik sistemindən bazar münasibətlərinə keçid dövrü, XX əsrin 90-cı illərin-dən başlayaraq müəyyən mərhələlər keçmişdir. Doğrudur, ayrı-ayrı ölkələrin iqtisadi-sosial inkişaf səviyyəsində konkret tarixi şəraitlə bağlı müxtəlif fərqli cəhətlər meydana çıxsa da, lakin ümumi oxşar bənzəyişlər də olmuşdur. Bu səciyyəvi dəyişikliklər ilk növbədə XX əsrin 90-cı illərinin ikinci yarısından etibarən, postsosialist və postsovet ölkələrinin tədricən iqtisadi-sosial böhrandan çıxaraq, sonrakı dövrdə bazar münasibətləri iqtisadi sisteminin formalaşması nəticəsində keçid mərhələsini əsasən başa çatması ilə bağlıdır.
XI FƏSİL. MİLLİ İQTİSADİYYAT VƏ MİLLİ BAZAR, İQTİSADİYYATIN DÖVLƏT TƏNZİMLƏNMƏSİ
11.1.Mili bazarın formalaşması və quruluşu Milli bazar ölkənin milli iqtisadiyyatının tərkib hissəsi kimi onunla vəhdət təşkil edir. Bilavasitə milli iqtisadiyyata, onun potensial resurslarına, istehsal imkanlarına arxalanan milli bazar, ölkənin təsərrüfat həyatının gücünü, habelə rəngarəngliyini göstərir. Ölkənin iqtisadi sistemi, müxtəlif mülkiyyət formalarının (növlərinin) sərbəst fəaliyyəti, yanacaq-xammal bazasının imkanları, kadr potensialı, daxili-xarici investisiyaların ümumi həcmi və yönəldiyi istiqamətlər, əhalinin həyat səviyyəsinin iqtisadi-sosial göstəriciləri, şübhəsiz bütövlükdə milli iqtisadiyyata, o cümlədən də milli bazara öz müxtəlif istiqamətli təsirini göstərir. Ümumiyyətlə «milli iqtisadiyyat» anlayışı, konkret surətdə «sağlam (sivilizasiyalı) iqtisadiyyat», sonra «asılı xarakterli milli iqtisadiyyat», nəhayət «yarımasılı xarakterli milli iqtisadiyyat» mənasında öz mahiyyətini üzə çıxarır. Bazar münasibətləri iqtisadi sisteminin formalaşdığı postsovet post-sosialist məkanında yerləşən müstəqil dövlətlərdə, o cümlədən də Azərbaycan Respublikasında bu ziddiyyətli proses öz təsirini müxtəlif yollarla milli bazarın yaranmasında da göstərmişdir. Keçid dövrünün ilk mərhələsində, əsas etibarilə yaxın-uzaq xarici ölkələrdən idxal olunan malların hesabına fəaliyyət göstərən bazarı sağlam iqtisadiyyata söykənən sağlam milli bazar hesab etmək çətindir. Milli bazarın təməli, ölkənin özündə müxtəlif təyinatlı məhsulların istehsalı, mədəni təşkil olunmuş istehlak bazarı, xidmət dairəsi, əmək bazarı, kapital-pul bazarı və bunları tənzimləyən çevik maliyyə bank, habelə vergi-gömrük sistemi ilə qoyulur. Hər hansı bir ölkənin milli bazarı aşağıdakı quruluşa (struktura) malikdir: əmtəə-xidmətlər bazarı; iş qüvvəsi bazarı; kapital bazarı. Yalnız bu strukturların qarşılıqlı əməkdaşlığı və bir-birinə işgüzar yardımı nəticəsində, milli bazarın aydın inkişaf perspektivlərini müəyyənləşdirmək mümkündür. Hələlik isə ayrı-ayrılıqda milli bazarın həmin ünsürlərinin fəaliyyəti kompleks xarakter daşımadığından, bu mütərəqqi prosesin son iqtisadi-sosial səmərəliliyi istənilən səviyyədə deyildir.