Utilitarizmsiyasi-fəlsəfi məktəbin nümayəndələri (C.Milli və başqaları) hesab edirdilər ki, hökumət cəmiyyətdəki hər bir nəfərinin faydasını və rifahını təmin etməlidir. Onların fikrincə, insanların xoşbəxtlik və razılıq meyarı olan fayda anlayışı, cəmiyyətin dayaq nöqtəsi kimi həm ayrı-ayrı fərdlərin, həm də dövlətin son məqsədi sayıldığından, hər kəsin rifahı qayğısına diqqət yetirilməsi şərti, gəlirlərin bölgüsündə nəzərə alınmalıdır. Liberalizmmövqeyinin tərəfdarları (C.Rouls və başqaları) hökumətləri gəlirlərin bölgüsündə ədalətli bir mövqe tutmağa çağıraraq, «hamının ümumi faydasını maksimallaşdırmaqdansa, minimum faydanı maksimallasdırmaq» ideyasını irəli sürmüş, yəni ilk növbədə hakimiyyətin, cəmiyyətin yoxsul təbəqələrinin rifahı üçün məsuliyyət daşıdığını göstərmişdilər. Libertarianizm istiqaməti nümayəndələrinin (R.Nozik və başqaları) fikrincə, cəmiyyətin gəliri anlayışı doğru deyildir, çünki gəliri əldə edənlər konkret insanlardır. Ona görə də, hökumətin gəlirlərin bölgüsü adı altında bəzilərinin əməyinin nəticələrini onlardan alınıb digərlərinə verilməsi siyasəti bəyənilə bilməz. Hakimiyyət elə hüquqi-təşkilatı imkanlar yaratmalıdır ki, cəmiyyətin hər bir üzvü öz istedad və qabiliyyətindən daha dolğun faydalana bilsin, «çünki imkanların bərabərliyi, gəlirlərin bərabərliyindən daha vacibdir». Klassik iqtisadi məktəbintərəfdarları isə hesab etmişlər ki, gəlirlərin bölgüsünü dəyişmək olmaz. Onların fikrincə, ölkənin yoxsul əhalisinin vəziyyətini dövlətin bu işə qoşulması və müdaxiləsi yolu ilə yaxşılaşdırılması mənasız bir addım olub, son nəticə etibarilə cəmiyyətin milli gəlirinin azalmasına gətirib çıxaracaqdır. Lakin XIX əsrin sonlarından bu sahədə, ilk növbədə Avropa ölkələrinin siyasi dairələrində yeni düşüncə tərzi formalaşmağa və konkret addımlar atılmağa başlanmışdır. O dövrdə Almaniya və İngiltərədə ölkənin rəsmi dairələrinin əhalinin həyat səviyyəsi, dolanacağı üçün məsuliyyət daşıması ideyası irəli sürülmüş, habelə bu istiqamətdə müəyyən səylər göstərmişdir. Sonralar, XX əsrin 30-cu illərində ABŞ prezidenti F.Ruzvelt, 1929-1933-cü illəri əhatə etmiş dünya iqtisadi böhranının ağır nəticələrini aradan qaldırmaq üçün dövlət tərəfindən əhalinin yoxsul təbəqələrinə yardım göstərilməsinin zəruriliyini əsaslandırdı. Bu kömək əhaliyə təqaüdlər verilməsi, ərzaqla yardım, sığorta ödənişləri, çoxuşaqlı ailələrə və tənha analara güzəştli ərzaq talonları paylanması, habelə müxtəlif təyinatlı yardım Proqramları vasitəsilə həyata keçirilmişdi. Müxtəlif ölkələrin təcrübəsi sübut edir ki, dövlətin vergi siyasəti və transfer ödənişləri sistemi (əvəzsiz yardımları) əhalinin müxtəlif təbəqələrinin gəlirləri arasındakı kəskin bərabərsizliyin (qeyri-bərabərliyin) müəyyən dərəcədə azalmasına, yaxud problemin «yumşalmasına» şərait yaradır. Hesablamalar göstərir ki, transfer ödənişləri vasitəsilə olan əvəzsiz yardımlar, ölkədə əhalinin gəlirlərinin qeyri-bərabərliyinin tənzimlənməsi mexanizminin 75-80 faizini təşkil edir. Bu əvəzsiz ödənişlərin, pul və məhsullarla (natural formada) yardımın dörddə üç hissəsi dövlət tərəfindən, üçdə bir hissəsi isə müxtəlif şirkətlər, birliklər, korporasiyalar tərəfindən göstərilir. Transfer ödənişlərində iştirak etmiş şirkət və korporasiyaların həmin məqsədlərə yönəlmiş məbləğləri, onların illik mənfəətlərindən vergilər tutularkən nəzərə alınır. Dünyanın bütün ölkələri öz imkanları çərçivəsində və müxtəlif sosial proqramları vasitəsilə, əhalinin maddi vəziyyətini yaxşılaşdırmaq, habelə mədəni səviyyəsini yüksəltmək üçün adətən 2 tip Proqramlardan istifadə edirlər: a) sosial sığorta (belfer) Proqramından; b) dövlət yardımı Proqramlarından. Həmin proqramların hazırlanıb və müəyyən şərt tələblər daxilində həyata keçirilməsində məqsəd, bir tərəfdən əhalinin gəlirlərinin səviyyəsindəki bərabərsizliyi tənzimləyib, cəmiyyətdə sosial gərginliyə yol verməmək; digər tərəfdən isə dövlətin zəruriliyi və onun orqanlarının fəaliyyətinin səmərəliliyini sübut etməkdir. Dövlət sosial təminat Proqramlarının cəmiyyət həyatında oynadığı rol müsbət qiymətləndirməklə yanaşı, eyni zamanda həmin Proqramların tənqidçiləri qeyd edirlər ki, bu işdə xeyli bürokratik əngəllər vardır, ayrılan vasitələr təyinatına görə xərclənmir, ayrı-ayrı ölkələrdə yardımlardan faydalanmaq imkanları eyni deyildir, müəyyən qanun pozuntularına və ədalətsizliklərə yol verilir. Lakin dövlətin ümumi iqtisadi siyasətinin tərkib hissəsi sayılan müxtəlif təyinatlı sosial Proqramların ayrı-ayrı ölkələrdə konkret şərait və imkanlardan asılı olaraq həyata keçirilməsi, müasir bazar münasibətləri iqtisadi sistemi şəraitində zəruri bir tədbir kimi müsbət qiymətləndirilməlidir.