XIII FƏSİL. BEYNƏLXALQ VALYUTA
MÜNASİBƏTLƏRİ
13.1.Dünya valyuta sistemi və valyuta bazarı
Müxtəlif ölkələrin alıcıları daxili bazarda əmtəə-xidmətlərdən faydalanıb istifadə etdiklərinin əvəzini milli valyuta (manat, dollar, avro) ilə ödəyib hesablaşdıqları halda, başqa dövlətlərlə alqı-satqı əməliyyatlarında isə həmin ölkələrin rəsmi pul nişanəsi sayılan valyuta tələb olunur. Rusiyada rubl, Türkiyədə lirə, Hindistanda rupi, Yaponiyada iyen, İranda rial, Norveçdə kron, Misirdə funt, Qazaxıstanda tənqə milli valyutadır. Müasir inteqrasiya və qloballaşma şəraitində Planetin 200-dən artıq ayrı-ayrı ölkələri, habelə müxtəlif regionları arasında iqtisadi-ticarət əlaqələrinin genişlənib-dərinləşməsi, beynəlxalq valyuta-kredit münasibətlərinin normal fəaliyyətindən əhəmiyyətli dərəcədə asılıdır.
Beynəlxalq valyuta münasibətləri dünya ölkələri arasında qarşılıqlı faydalı iqtisadi-ticarət əlaqələrinə xidmət edən və dünya pulu vəzifəsinin konkret fəaliyyəti ilə bağlı olan iqtisadi prosesdir. Bu mürəkkəb və ziddiyyətli münasibətlər sistemi, ölkələr arasında müxtəlif istiqamətli iqtisadi-ticarət əlaqələri genişləndikcə, dövrün tələblərinə uyğun olaraq təkmilləşir, habelə daha da inkişaf edir.
Beynəlxalq valyuta münasibətləri sahəsindəki müxtəlif konkret vəzifə və tədbirlər valyuta sistemi vasitəsilə həyata keçirilir. Bu beynəlxalq valyuta sistemi, milli qanunvericilik və dövlətlərarası sazişlər əsasında fəaliyyət göstərir. Milli valyuta sistemi isə ölkə qanunvericiliyi əsasında, onun valyuta münasibətlərinin təşkili formasıdır.
"Valyuta" sözünün italyanca mənası "qiymət", yaxud "dəyər" deməkdir. Müasir anlamda valyuta, hər hansı bir dövlətin rəsmi pul nişanəsi olub, daxili bazarın alqı-satqı münasibətlərinə xidmət göstərir. Ölkələrin milli valyutaları və qiymətli kağızları (səhmləri, vekselləri, çekləri) beynəlxalq valyuta bazarında müəyyən qaydalar əsasında sərbəst surətdə bir-birinə dəyişdirilir, mübadilə olunur, alınıb-satılır.
Dövlətlər arasında formalaşmış beynəlxalq valyuta münasibətləri biləvasitə yaxud dolayı yollarla əmtəə-xidmətlər, kapital, iş qüvvəsi hərəkət dairələrini əhatə edir. Bu iqtisadi və ticarət əlaqələr sisteminin fasiləsiz bir surətdə həyata keçirilməsində, beynəlxalq valyuta-kredit münasibətləri həlledici rol oynayır.
Vaxtilə A.Smit beynəlxalq valyuta sistemini "böyük bir çarxa" bənzədərək yazmışdı ki, “o nə qədər nöqsansız işləsə, dünya ölkələri arasındakı beynəlxalq ödənişlər (hesablaşmalar) bir o qədər uğurla həyata keçirilə bilər”. Bu fikir, müasir intensiv beynəlxalq iqtisadi-ticarət əlaqələri və əməkdaşlığı şəraitində daha aktual səslənir. Beynəlxalq valyuta sistemi, hazırda öz üzərinə düşən vəzifələri, ödəniş və köçürmə əməliyyatlarını vaxtında dəqiqliklə həyata keçirmək üçün fasiləsiz fəaliyyət göstərməklə yanaşı, həm də iş prosesində onun mexanizminin həyatın dəyişkən tələblərindən irəli gələn zəruri təkmilləşdirmələr istiqamətində qurulmaqdadır.
Dünya valyuta sisteminin keçdiyi təkamül və formalaşması yolu, müxtəlif inkişaf mərhələləri keçərək indiki səviyyəyə çatmışdır. Bu yolda milli, regional (bölgə), ümumdünya (beynəlxalq) valyuta sistemlərinin formalaşması, tarixi bir prosesin ardıcıl məntiqi mərhələləri kimi səciyyələndirilməlidir. Beynəlxalq valyuta sistemi XIX əsrin ikinci yarısından başlayaraq, tədricən vahid dünya bazarının formalaşması nəticəsində yaranmışdır.
Beynəlxalq valyuta münasibətləri nisbi müstəqilliyə malik olub, tədiyyə (ödəniş) balansı, müəyyən olunmuş valyuta məzənnəsi, kredit və əmanətlər üzrə nağd, habelə qeyri-nağd hesablaşmalar vasitəsilə həyata keçirilir. Eyni zamanda müxtəlif ölkələrin ikitərəfli və çoxtərəfli iqtisadi-ticarət əlaqələrinin nizamlanıb-tənzimlənməsi işində, beynəlxalq valyuta münasibətləri mühüm rol oynayır.
Mütəxəssislərin hesablamalarına görə dünyada gündəlik nağd və qeyri-nağd sövdələşmə əməliyyatlarının ümumi həcmi 1,5-2 trilyon dollara, ildə isə 400-450 trilyon dollara çatır. Həm də bu əməliyyatların həcmi və əhatə dairəsi getdikcə artmağa doğru meyl edir.
Ölkələrin milli valyutaları beynəlxalq valyuta mübadiləsində iştirakına yaxud işlənmə qaydasına görə 3 yerə bölünür: tam çevrilən (dönərli) valyutalar; qismən dönərli (çevrilən) valyutalar; çevrilməyən (qeyri-dönərli, qapalı) valyutalar.
Dostları ilə paylaş: |