İqtisadi artım və istehsal imkanları sxemindən aydın olur ki, təklif amillərindən hər birində baş verən kəmiyyət və keyfiyyət dəyişikliyi, AB əyrisinin soldan sağa və yuxarıya doğru CD istiqamətində hərəkətinə səbəb olur. İqtisadi artım, cəmiyyətin tələblərinin sonsuz, iqtisadi resursların məhdudluğu baxımından o həddə qədər yüksələ bilər ki, istehsal olunan məhsul-xidmətlərinin son faydalılıq həddi (MU), həmin məhsul xidmətlərinin son hədd xərclərini (MC) (MU>MC) ötsün yaxud bunlar bir-birinə uyğun (MU=MC) olsun. Deməli istehsal imkanları ilə iqtisadi artım, habelə onun templəri arasındakı optimal nisbət, nə qədər çətin olsa da maksimum faydalılıq prinsipi əsasında formalaşmalıdır. Cəmiyyətin tərəqqisinin və insanların həyat səviyyəsinin yaxşılaşmasının əsas şərti sayılan iqtisadiyyatın artım templəri məsələsi, ilk baxışda başa düşülən olsa da, təəssüf ki, mütəxəssislər arasında bu ideyanın həm tərəfdarları, həm də əleyhdarları olduğu kimi neytral mövqedə dayanaraq, inkişaf templərinin elə olduğu səviyyədə, yəni sıfır hədd çərçivəsində saxlanılmasını irəli sürənlər də vardır. İqtisadi artım templərinin yüksəldilməsi tərəfdarları əmindirlər ki, yalnız bu yolla ölkədə və dünyada maddi-mənəvi nemətləri artırmaq, yoxsulluğu və işsizliyi aradan qaldırmaq, insanlara rahatlıq yaratmaq və onların "əsl sərvəti" sayılan asudə vaxt hesabına şəxsiyyətin hərtərəfli inkişaf edib formalaşmasına nail olmaq mümkündür. İqtisadi artım templərinin yüksəldilməsi əleyhdarları bu fikirdədirlər ki, hədsiz sənayeləşdirmə və sürətli irəliləyiş yolu, bəşəriyyətin gələcək fəlakətlərinin zəmini olub, planetin təbii sərvətlərini, iqtisadi resurslarını azaldır, qlobal miqyasda istiləşmə yaradır, atmosferin zəhərlənməsini gücləndirir, təbiətlə insan arasındakı normal münasibətləri pozur, ətraf mühiti korlayır, ekoloji problemləri gərginləşdirir. Şübhəsiz, bu mürəkkəb və ziddiyyətli problemlərin həlli yollan barəsində hazır variant yoxdur. Hər bir ölkə öz keçdiyi inkişaf yolu, çatdığı iqtisadi-sosial səviyyə, qarşılaşdığı problemlər, ən başlıcası isə perspektiv məqsəd və vəzifələri baxımından real imkanlarını düzgün qiymətləndirərək hərəkət etməlidir.