Dünya iqtisadiyyatı tədricən vahid bir təsərrüfat sistemi kimi formalaşmaq istiqamətində irəlilədikcə, bəşəriyyətin qayğı və problemləri də yeni məna kəsb edərək, ümumbəşəri yaxud qlobal xarakter alır. Planetimiz, burada yaşayan xalqların və millətlərin böyüklüyündən – kiçikliyindən asılı olmayaraq, onların iqtisadi-sosial inkişaf səviyyəsini, dini məsuliyyətlərini, siyasi-ictimai görüşlərini nəzərə almadan, hamının ümumi evidir. Bu ümumi evdə yaşayanlar isə getdikcə daha çox sərhəd və ölkə tanımayan, hər birinin iqtisadi maraqları, sağlamlığı, mənəvi-əxlaqi dəyərləri, təhlükəsizliyi ilə bağlı real qlobal problemlərlə üzləşirlər.
Müasir qlobal sosial-iqtisadi problemlər və bunların acılı-şirinli çoxcəhətli nəticələri əhəmiyyətinə, kəskinliyinə, həlli zəruriliyinə görə bütövlükdə cəmiyyətin indiki insanlarının, habelə onun gələcək nəsillərinin taleyi üçün həyati əhəmiyyət kəsb edir. Ona görə də bu problemlərin hamılıqla dərk olunub, həlli yollarının axtarışında, dünyanın bütün xalqlarının maraqları nəzərə alınmalıdır. Təsadüfi deyildir ki, XX əsrin 60-70-ci illərindən başlayaraq, bəşəriyyəti hədələyən qlobal problemlər barəsində geniş müzakirələr keçirildi, diskussiyalar aparıldı, görkəmli alim və mütəxəssislər «həyacan təbili» çaldılar. Ümumi fikir isə bundan ibarət oldu ki, qlobal problemlər bütün bəşəriyyətə aiddir, bunlar müasir sivilizasiya üçün təhlükə yaradır, həmin problemlər bir-biri ilə əlaqədardır, nəhayət həlli üçün dünya ölkələrinin birgə səyləri tələb olunur.
Mürəkkəb və ziddiyyətli proseslər doğuran qlobal iqtisadi-sosial problemlər, dünyanın ahəngdar inkişaf gedişini pozur, ayrı-ayrı ölkələrin qeyri-bərabər inkişafını dərinləşdirir, milli iqtisadiyyatların təsərrüfat həyatı idarəçiliyində sərt dəyişikliklər yaradır, istehsal amillərinin müəyyən qrupların əlində təmərküzləşməsini sürətləndirir, ətraf mühitin çirkləndirilməsi davam edir, beynəlxalq miqyasda dövlətlərə qarşı ikili siyasət, yaxud ayrı-seçkilik xətti yeridilir.
XX əsrin sonu və XXI əsrin birinci onilliyində, bəşəriyyətin qarşılaşdığı iqtisadi-sosial problemlər sırasında aşağıdakıları göstərmək olar:
Sülh, tərksilah və ümumi təhlükəsizliyin təmin edilməsi.
Ərzaq və yanacaq-enerji təchizatı.
Elm və texnika sahəsində birgə əməkdaşlıq.
Təbii fəlakətlərə qarşı birgə mübarizə.
Xarici borclar məsələsi.
Davamlı inkişaf və insan potensialından səmərəli istifadə.
7.Ətraf mühitin qorunması və ekologiya problemləri. Bəşəriyyətin ümumi hərbi təhlükəsizliyinin təmin olunması, dünyada sülh və tərksilah, iqtisadiyyatın hərbiləşdirilməsinin (militaristləşdirilməsinin) qarşısının qətiyyətlə alınması, şübhəsiz müasir dövrün ən aktual, habelə insanları narahat edən qlobal sosial-iqtisadi problemlərindən biridir. Böyük iqtisadi resurslar, maliyyə vasitələri, intelektual imkanlar hesabına yaradılmış ən müasir kütləvi qırğın silahları arsenalı, bəşəriyyətin və Planetin gələcəyini hədələyən ciddi təhlükədir.
Müasir dövrdə bəşəriyyətin yoxsulluq, işsizlik, kütləvi xəstəliklər, terrorçuluq, narkomaniya, ekologiya kimi sosial-iqtisadi problemlərlə üz-üzə dayandığı bir şəraitdə, dünya dövlətlərinin açıq və gizli mənbələr hesabına hər il hərbi məqsədlərə bir neçə trilyon dollar xərcləmələri, habelə silah ticarəti dövriyyəsinin 50 milyard dollar təşkil etməsi, Planetin gələcəyi üçün fəlakət törədə bilər. Çünki, adi bir təsadüf nəticəsində başlana biləcək münaqişələrin gələcək hansı böyük müharibələrə gətirib çıxaracağını, atom-nüvə silahlarından istifadənin zəncirvari hərbi, iqtisadi-sosial nəticələrini düzgün qiymətləndirməmək siyasi korluq, iqtisadi kütlük, mənəvi-əxlaqi pozğunluqdur.
Hazırda dünyanın 200-dən artıq ölkəsinin 140-a yaxınının nizami ordusu vardır. Mütəxəssislərin hesablamalarına görə 30 milyondan artıq əsgər və zabit hərbi qulluqdadır. Onları silah, ərzaq, paltar və digər təyinatlı məhsul-xidmətlərə təmin etmək üçün 60 milyon nəfər mülki vətəndaş müxtəlif sahələrdə çalışır. İndi dünyanın 10-dan çox ölkəsinin atom-nüvə tipli silahı və 20-yə yaxın dövlətinin isə bu cür silahları hazırlamaq üçün texniki, maliyyə, intellektual imkanları vardır.
Ölkənin hərbi xərclərini zəruri müdafiə həddində saxlayan Avstriya, İsveçrə, Yaponiya, İsveç, Finlandiya kimi ölkələrin təcrübəsi və onların əhalisinin həyat səviyyəsinin başqaları ilə müqayisəli təhlili göstərir ki, dövlətlərin hərbi xərclərinin artan həcmləri, iqtisadi-sosial problemlərin həlli yolunda ciddi maneədir.