Klassik model.Klassik tarazlı dinamik model kimi səciyyələnən iqtisadi artımın bu variantı, məcmu tələblə məcmu təklifin qiymət mexanizminə əsaslanır. Bu tip modelin əsasında fransız iqtisadçısı J.B.Seyn adı ilə bağlı «Sey qanunu» durur. Həmin qanuna görə əmtəələrin təklifi, elə bu təklifə uyğun da tələb yaradır. Başqa sözlə, cəmiyyətdə ictimai əmək bölgüsünə əsasən hər bir istehsalçı öz əmtəəsinin əvəzində, qarşılıqlı surətdə nə isə əldə etmək üçün əmtəə-xidmət hazırlayır. Deməli, konkret əmtəə-mal-xidmət istehsalçısı yalnız öz məhsulu həcmində, yaxud onun qiymətinə uyğun məbləğdə nə isə başqa əmtəələr-xidmətlər əldə edə bilər. Ona görə də bütövlükdə cəmiyyət miqyasında nə qədər tələb (alqı) varsa, təxminən bir o qədər də təklif (satqı) olur. Lakin məlumdur ki, bazar iqtisadiyyatı şəraitində heç də həmişə belə olmur. Tarazlıq hər hansı bir anda pozula bilir. Çünki adamlar gəlirlərini tam xərcləməyərək, yığıma üstünlük verirlər. Belə olduqda, istehsalçıların (biznesmenlərin, sahibkarların) xərclərinin müəyyən hissəsi kreditlər hesabına həyata keçirilir. Bu meyl isə tələb edir ki, əhalidəki yığımla istehsala yönəldilən sərmayə qoyuluşları arasında müəyyən bir tarazlıq, balans olsun. Həmin model təxminən 100 il, XX əsrin 30-cu illərinə qədər davam etmişdi. Lakin 1929-1933-cü illəri əhatə edən iqtisadi böhrandan sonra bu iqtisadi artım modeli artıq özünü doğrultmamışdır. Keynsçi modellərdəcəmiyyətin təsərrüfat həyatında iqtisadi tarazlığın təmin olunması üçün alıcıların, müştərilərin tələbi həlledici amil, əsas səbəb kimi götürülür. Bu modellərdə sübut olunur ki, tələblə-investisiya qoyuluşları həcminin optimal variantının tapılması, nəticə etibari ilə cəmiyyət miqyasında gəliri artırır. Keynsciliyə əsaslanan dinamik Domar modeliilk keynsci modellərdən fərqli olaraq, investisiyalara təkcə gəlirləri artırmaq amili kimi deyil, həm də yeni istehsal gücləri yaratmaq vasitəsi kimi baxır. Bu modelə əsasən, tələb-təklifin dinamik sürətdə balanslaşdırılması, yeni istehsal güclərinin və gəlirlərin əmələ gəlməsini şərtləndirir. Harrod modeliisə, bir növ Domar modelinin daha da inkişafıdır. Lakin əgər Domar modeli gəlirlərlə-investisiyaların nisbətinə əsaslanırsa, Harrod modeli istehlakla (gəlirlərlə) – investisiyaların nisbətinə üstünlük verir.