III FƏSİL. ÜMUMİ MİLLİ MƏHSUL (ÜMM) VƏ ÜMUMİ DAXİLİ MƏHSUL (ÜDM), ONLARIN ARTIRILMASI YOLLARI
3.1.Milli Hesablar Sistemi
Hər hansı bir ölkənin təsərrüfat həyatını və qarşılaşdığı iqtisadi-sosial problemlərini makroiqtisadi səviyyədə təhlil edib ümumiləşdirmək, habelə onun gələcək inkişaf perspektivlərini proqnozlaşdırmaq üçün müəyyən göstəricilər (parametrlər, indikatorlar) sisteminin olması zəruridir. Aydındır ki, ölkənin iqtisadi inkişaf səviyyəsinə dair etibarlı və dəqiq ümumiləşdirici göstəricilər olmadan, mürəkkəb qarşılıqlı əlaqələr sistemi kimi səciyyələnən milli iqtisadiyyatı uğurla idarə edib, rastlaşdığı problemləri səmərəlilik meyarları ilə həll etmək çətindir. Doğrudur, müdriklərin dediyi kimi rəqəmlər dünyanı idarə etməsələr də, lakin onun necə idarə olunduğunu göstərir. Bu mənada vahid meyarlar və prinsiplər əsasında müxtəlif ölkələrin ümumiləşdirici iqtisadi göstəricilər sisteminin hesablanması, habelə müqayisəli təhlillər aparılması, son dərəcədə aktual bir əhəmiyyət kəsb edir. Ölkə üçün ümumiləşdirici iqtisadi göstəricilər sisteminin (toplusunun) vacibliyini ilk dəfə tanınmış ingilis iqtisadçısı Uilyam Petti (1623-1687) göstərmişdir. O, İngiltərənin timsalında və onun Fransa ilə müqayisəli təhlil əsasında ölkənin milli gəlirinin həcmini müəyyənləşdirib qiymətləndirə bilmişdir. Milli iqtisadiyyatın makroiqtisadi səviyyədə ilk bəsit şəkildə modeli (variantı) görkəmli fransız iqtisadçısı Fransua Kene (1694-1774) tərəfindən yaradılmışdır. O, ictimai təkrar istehsalın təhlili əsasında, ölkənin ümumi məhsulun natural-əşya və dəyər tərkibi ünsürləri baxımından, bunların arasındakı balans nisbətini müəyyənləşdirə bilmişdir. Karl Marksın (1818-1883) «Kapital» əsərində təkrar istehsal prosesinin təhlil - sxemlərində də bu məsələnin müəyyən cəhətlərinə toxunulmuşdur. XX əsrin əvvəllərindən başlayaraq ayrı-ayrı ölkələrin, eyni zamanda bütövlükdə dünya iqtisadiyyatında baş verən ciddi dəyişikliklər və ziddiyyətli proseslər, ümumiləşdirilmiş iqtisadi göstəricilərin müəyyənləşdirilməsini irəli sürmüşdür. Maraqlıdır ki, ötən əsrin 20-30-cu illərində planlı sosialist iqtisadiyyatı qurmağı qarşısına məqsəd qoymuş Sovet İttifaqında xalq təsərrüfatı balansı adı altında, ümumiləşdirici iqtisadi göstəricilər sistemi yaradılmış və bu göstəricilərdən beşillik inkişaf planlanının hazırlanmasında istifadə olunmuşdur. Qərb ölkələrində isə ümumiləşdirici göstəricilər əsasında uyğun sistemlərin işlənib hazırlanmasına 1929-1933-cü illərdə dünya kapitalist aləmini sarsıtmış iqtisadi böhrandan sonra ciddi diqqət yetirilməyə başlanmışdır. Tanınmış alim və iqtisadçılardan C.Keyns, R.Stoun, K.Klark, S.Kuznets, V.Leontyev, C.Xiks, M.Cilbert, L.Bouli bu istiqamətdə bir sıra elmi-nəzəri konsepsiyalar, habelə əməli əhəmiyyəti olan konkret təkliflər irəli sürmüşlər. Milli Hesablar Sistemi anlayışı elmi dövriyyəyə ilk dəfə Hollandiya iqtisadçısı və statistiki Edvan Klifor tərəfindən gətirilmişdir. O, bu anlayışdan Hollandiyanın Milli Hesablar Sistemi haqqında 1941-ci ildə «De Ekonomist» məcmuəsində nəşr olunmuş məqalələrində istifadə etmişdir. II Dünya müharibəsindən sonra dünyanın bir sıra dövlətlərində ümumiləşdirici makroiqtisadi göstəricilər sisteminin işlənib hazırlanmasına başlandı. 1952-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Statistika Bürosunun dəvət etdiyi iqtisadi statistika üzrə ekspertlər qrupu «Milli Hesablar Sistemi və onu izah edən cədvəllər haqqında metodik tədqiqatlar» hazırladı. Həmin sənəddə dünyanın yüksək inkişaf etmiş ölkələrində milli hesablamalar sahəsində əldə edilmiş təcrübə ümumiləşdirilmişdi. Bu işlərin məntiqi davamı kirni 1953-cü ildə BMT tərəfindən «Milli Hesablar Sistemi və köməkçi cədvəllər» adlı əhatəli məruzə çap olundu. Həmin məqalədəki ideya və fikirlər, habelə konkret tövsiyələr beynəlxalq miqyasda ilk ümumi razılaşdırılıb bəyənilmiş makroiqtisadi göstəricilər oldu. Bu sistem, sonralar xeyli təkmilləşdirilərək, yeni variantda bütün dünya ölkələrində tətbiq olunmağa başladı. Ölkənin son məhsulunun və milli gəlirinin ardıcıl mərhələlərlə istehsalını, bölgüsünü, habelə istifadəsini səciyyələndirən Milli Hesablar Sistemi milli iqtisadiyyatın yekunlaşdırılmış statistika göstəricilərinin ifadəsidir. Öz formal quruluşuna görə Milli Hesablar Sistemi (MHS), mühasibat hesablarına uyğundur. Bu hesablarda hər bir məbləğ iki dəfə, yəni bir hesabın debitinə (gəlirə), başqa hesabın isə kreditinə (xərcə) yazılır. Həmin prinsiplərə əsaslanan konkret hesablamalar, ölkənin makroiqtisadi göstəricilərini, ilk növbədə isə milli iqtisadiyyatın ümumi daxili məhsul (ÜDM) və ümumi milli məhsul (UMM) parametrlərini müəyyənləşdirməyə imkan verir. Milli Hesabatlar Sistemi – ölkənin bütün hesabatlarını və milli iqtisadiyyatın əmtəə, xidmət, pul axınlarının hərəkətini əks etdirən qapalı sistemdir. Bu sistem son məhsul istehsalının hesablanmasına və həmin prosesdə ayrı-ayrı sahələrin iştirakının müəyyənləşdirilməsinə yönəldilmişdir. Deməli, MHS-də ölkənin iqtisadi və sosial siyasətinin (iqitsadi artım, iqtisadiyyatın quruluşu, əhalinin həyat səviyyəsi, inflyasiya, büdcə kəsiri, dövlət borcu, xarici ticarət əlaqələri və sair) kimi göstəricilər öz ifadəsini tapır. Bu mənada MHS-i son məhsulun və milli gəlirin istehsalı, bölgüsü, təkrar bölgüsü və istifadə olunmasını xarakterizə edən, eyni zamanda qarşılıqlı əlaqədə olan həmin göstəricilər sistemindən ibarət balansdır.
Milli Hesablar Sisteminin əsasını 6 hesab təşkil edir:
əmtəə, xidmət və istehsalın hesabı;
gəlir və istehlakın hesabı;
yığımın hesabı;
istehsaldan kənarda (tədavül dairəsində) dəyərin yaradılmasının (yenidən qiymətləndirilməsinin) hesabı;
açan balans;
bağlayan balans.
Azərbaycan Respublikası müstəqilliyini (18 oktyabr 1991-ci il) bərpa etdikdən sonra dünya ölkələri ilə onun iqtisadi-ticarət əlaqələrinin dinamik surətdə genişlənməsi xətti, ölkədə uçot və statistika sahəsində hesablamaların müasir beynəlxalq standartlara uyğun qurulmasını irəli sürdü. 1992-ci ilin mart ayından BMT-nin rəsmi üzvü sayılan Azərbaycan Respublikası prezidentinin 11 avqust 1992-ci il tarixli fərmanı ilə ölkədə Milli Hesablar Sisteminin tətbiqinə başlanmışdır. Həmin fərmana əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti 8 dekabr 1992-ci il 653 saylı xüsusi qərar qəbul etmişdir. Qərarda Azərbaycan Dövlət Statistika Komitəsinə tapşırıldı ki, statistika təcrübəsi və metodikasının təkmilləşdirilməsi məsələlərində beynəlxalq statistika təşkilatları, habelə bu problemlərlə məşğul olan digər beynəlxalq qurumlarla ölkəmizin əlaqələrini genişləndirmək istiqamətindəki səylərini gücləndirsinlər. Eyni zamanda ölkədə ilkin mühasibat və statistika işləri, müasir bazar münasibətləri iqtisadi sistemin tələblərinə uyğun surətdə təşkil olunmağa başlandı. Hazırda Azərbaycan Respublikasında beynəlxalq Milli Hesablar Sisteminin həyata keçirilməsi istiqamətindəki işlər kompleks şəkildə həyata keçirilməkdədir.