Ölkənin mühüm iqtisadi-sosial inkişafının makroiqtisadi göstəricilərindən sayılan milli gəlir (MG) müəyyən müddət, adətən bir il ərzində yaradılmış yeni dəyərdir. Ümumi daxili məhsuldan (ÜDM) istehlak olunmuş (sərf olunmuş) istehsal vasitələrinin dəyərini, yəni amortizasiya ayırmalarını, habelə dolayı vergiləri, dövlətin maliyyə yardımlarının məbləğini çıxdıqdan sonra cəmiyyətin sərəncamında qalan hissə, milli gəlir adlanır. Beynəlxalq standartlara görə, ölkənin milli gəliri onun ÜDM-dan illik amortizasiya ayırmalarının kəmiyyəti həcmindən azdır, yəni ölkənin MG<ÜDM, yaxud ÜDM>MG. Milli gəlirin elmi-nəzəri cəhətdən tədqiqi və təhlil ilə XVII əsrdən başlayaraq iqtisadi nəzəriyyənin müxtəlif məktəb, habelə fərqli istiqamətlərinin tanınmış nümayəndələri məşğul olmuşlar. Bu sahədə U.Pettinin, A.Smitin, D.Rikardonun K.Marksın, J.Seyin, S.Sismondinin xidmətləri əvəzsizdir. Doğrudur, müasir dövrdə müxtəlif ölkələrin iqtisadi-sosial inkişaf səviyyəsini müəyyənləşdirmək və onun təsərrüfat həyatını təhlil etmək üçün ümumi bir göstərici kimi ÜDM anlayışından daha çox istifadə olunsa da, lakin milli gəlirin həcmi, eyni zamanda hər nəfərə düşən kəmiyyəti öz əhəmiyyətini saxlayır. Çünki bu makroiqtisadi göstərici, natural və pul ifadələrində il ərzində cəmiyyətin bütövlükdə nə qazandığını, onun iqtisadi baxımdan nəyə nail olduğunu, hansı amillər hesabına zənginləşdiyini göstərir. Ölkənin milli gəlirinin tərkibinə aşağıdakılar daxildir: Müxtəlif mülkiyyət sahiblərinin (dövlətin, sahibkarların, fiziki və hüquqi şəxslərin) mənfəəti (M);
Əhalinin ayrı-ayrı təbəqələrinin öz zəhmət və səyləri əvəzində aldıqları (qazandıqları) əmək haqqı (ƏH);
Renta, yaxud torpaq sahələrinin (həm aqrobiznes, həm də mədən-hasilat sahələrinin) verdiyi gəlir (R);
Əhalinin qiymətli kağızlar (səhmlər, istiqrazlar) və bank əmanətləri üzrə aldıqları faizlər, dividendlər, habelə müxtəlif uduşlu oyunlardan əldə etdiyi gəlirlər (F).
Deməli, müxtəlif hissələrə bölünərək, cəmiyyətin ayrı-ayrı təbəqələrinin üzvlərinə - işçilərə, qulluqçulara, fermerlərə, sahibkarlara, işgüzar biznes adamlarına, əmanətlər və müxtəlif səhmlər üzrə müəyyən faiz alanlara məxsus olan gəlirlər vahid bir cəm halında ölkənin milli gəlirini təşkil edir. Milli gəlirin ölkə əhalisinin müxtəlif təbəqələri arasında mülkiyyətə, kapitala, əmək fəaliyyətinə görə mənfəət, əmək haqqı, renta və faizlərə ayrılması, onun ilkin bölgüsü adlanır. Milli gəlirin yenidən bölgüsü isə ölkənin vergilər sistemi və dövlət tənzimlənməsi mexanizmi ilə idarə olunaraq, dövlət büdcəsi vasitəsilə cəmiyyətin müxtəlif təyinatlı ehtiyaclarına, habelə əhalinin sosial müdafiəsi tədbirlərinə yönəldilir. Bir sıra ölkələrin təsərrüfat həyatı təcrübəsində milli gəlir iki yerə - istehsal olunmuş (yaradılmış)və istehlak edilmiş (sərf olunmus)hissələrə ayrılır. İstehsal olunmuş milli gəlir dedikdə, adətən il ərzində ölkədə istehsal olunmuş əmtəələrin və göstərilmiş xidmətlərin natural, yaxud dəyər həcmi nəzərdə tutulur. İstehlak edilmiş milli gəlir isə təbii fəlakət halları, məhsul qıtlığı, xarici ticarət dövriyyəsində yaranmış mənfi fərqin (saldonun) ödənişindən sonra qalan hissəni əhatə edir. Eyni zamanda ölkənin milli gəlirinin istehlak fondu və yığım fonduna bölünməsi praktikasından da istifadə olunur. İstehlak fondu cəmiyyətin ümumi, ictimai ehtiyaclarının (istehlak - xidmət, müdafiə-təhlükəsizlik, təhsil-elm, səhiyyə-mədəniyyət, idman) və ölkə əhalisinin maddi-mənəvi həyat səviyyəsinin yüksəldilməsinə sərf olunur. Yığım fondu isə müxtəlif təyinatlı investisiyalar formasında ölkənin gələcək iqtisadi inkişafı məqsədlərinə yönəldilir. Ölkənin milli gəlirinin istehlak və yığım hissələri arasında qarşılıqlı bir asılılıq əlaqəsi və dəyişkən dinamik nisbət vardır. Əgər milli gəlirdən istehlaka daha çox vəsait ayrılarsa, təbiidir ki, yığıma ayrılan hissə azalacaqdır, əksinə yığıma toplanmış vəsait artmağa meyl edərsə, o zaman istehlak üçün nəzərdə tutulan hissənin xüsusi çəkisi aşağı düşəcəkdir. Ona görə də müxtəlif ölkələr öz iqtisadi-sosial inkişaf səviyyələrindən, qarşıya qoyduqları məqsəd və vəzifələrdən, malik olduqları real imkanlardan çıxaraq, milli gəlirin istehlak və yığım fondları arasında optimal, eyni zamanda ümummilli maraqlara uyğun səmərəli nisbətlərdən faydalanmağa çalışırlar. BMT-nin tövsiyəsi ilə tətbiq olunan Milli Hesablar Sisteminə əsasən, ölkələrin istehlak və yığım normaları (hissələri) hazırda milli gəlirə görə deyil, ümumi daxili məhsula görə hesablanır. Optimal nisbət kimi istehlaka 65-75%, yığıma isə 25-30% yönəltmək məqsədəuyğun sayılır. Ölkənin milli gəlirinin və ümumi daxili məhsulun artırılması prosesi aşağıdakı şərtlərlə bağlıdır:
milli iqtisadiyyatın istehsal və xidmət təyinatlı müxtəlif sahələrində işləyənlərin sayından, habelə onların əməyinin yüksək peşəkarlıq səviyyəsindən;
- istehsal-xidmət dairələrində tətbiq olunan istehsal vasitələrinə, əməyə, xammala, materiallara, enerjiyə ciddi qənaət rejiminin həyata keçirilməsindən; - müasir elmi-texniki nailiyyətlərin, mütərəqqi texnologiyaların səmərəli iş rejimlərinin tətbiqindən; . ■-x6 - istehsal-xidmət dairələrinin sahə quruluşunun təkmilləşdirilməsindən, sahələrdaxili və sahələrarası nisbətlərin optimallaşdırılaraq, bacarıqla idarəetmə qabiliyyətindən; - bazarda sağlam rəqabət mühitinin yaradılmasından; - ölkənin daxili bazarı ilə xarici bazarı arasında milli və iqtisadi təhlükəsizliyin təmin edilməsinə yönəldilmiş, habelə yaxın-uzaq perspektivləri düzgün nəzərə alan siyasət xəttinin reallaşdırılmasından;
- dövlətin, ölkənin təsərrüfat həyatının tənzimlənməsinin düzgün elmi əsaslar üzərində qurularaq, müasir inteqrasiya proseslərinin və qloballaşan dünyanın, habelə beynəlxalq bazarın dəyişkən tələblərini çevikliklə nəzərə alan, həmin tələblərə uyğun kompleksli inkişafın, onun templərinin, nisbətlərinin səmərəliliyinin təmin edilməsindən.
Ümumi xarakter daşıyaraq, təsərrüfat həyatının müasir tipli davamlı inkişafını təmin etmək imkanları açan bu amillər bütün ölkələr, xüsusilə də bazar münasibətləri iqtisadi sistemini formalaşdırıb, demokratik və hüquqi dövlət quran ölkələr üçün mühüm əhəmiyyətə malikdir.
Milli gəlirin həcmi, bölgüsü və yenidən bölgüsü mexanizmi ölkə əhalisinin həyat səviyyəsi, insanların maddi-mənəvi tələbatlarının daha dolğun ödənilməsi ilə bilavasitə, yaxud dolayı yollarla bağlıdır. Gəlirlərin ölkə əhalisi arasında qeyri-bərabər bölgüsü reallığında, dövlətin iqtisadi-sosial siyasəti sayəsində milli gəlirin yenidən bölgüsü, cəmiyyətdəki obyektiv-subyektiv səbəblərlə bağlı ədalətsizlik meyllərinin tədricən aradan qaldırılıb, “yumşaldılması” istiqamətində həyata keçirilən zəruri bir tədbirdir.