İqtisadi nəzəriyyənin mühüm anlayışlarından sayılan tələb, fərdi mənada fiziki-hüquqi şəxslərin müəyyən dövr ərzində hər hansı bir əmtəə-xidmətdən, müəyyən qiymətə və müəyyən kəmiyyətdə almaq, əldə etmək imkanıdır. Məcmu tələbisə bütövlükdə ölkənin, cəmiyyətin ümumi tələblərini bir tam şəklində əhatə edir, Deməli, məcmu tələb, ümumiyyətlə əhalinin, müxtəlif təyinatlı şirkətlərin, müəssisələrin və dövlətin, əmtəələrin-xidmətlərin qiymətindən asılı olmayaraq, ala biləcəyi məhsulların cəmidir. Onun formalaşmasına, məzmununa və həcminə kompleks şəklində həm qiymət, həm də qeyri-qiymət amilləri birbaşa, yaxud dolayı yollarla təsir göstərir. Lakin məcmu tələb ilk növbədə cəmiyyətin ümumi gəlirləri və qiymətlərin səviyyəsi ilə müəyyənləşir. Makroiqtisadi səviyyədə cəmiyyətin gəlirləri, qiymətlərin səviyyəsi, pul təklifi kəmiyyəti bazasında məcmu tələbin həcmi belə hesablanır: Q x P = M x V
Burada, Q - məhsulun ümumi həcmi; P - qiymətlərin səviyyəsi; M - tədavüldəki pulun kütləsi; V – pulun dövriyyə sürəti olduğundan: Q = MV / P
alınır.
Bu nisbətdən aydın olur ki, məcmu tələbin ümumi həcmi ilə onun qiymət səviyyəsi arasında tərs mütənasiblik vardır. Ölkədə qiymətlərin ümumi səviyyəsi ilə real ümumi daxili məhsul (ÜDM) arasındakı tərs asılılığı aşağıdakı qrafik sxemdən görmək olar:
Real ümumi daxili məhsul (ÜDM) Məcmu tələbin enən əyrisi (MT) qiymətlərin ümumi səviyyəsi ilə ölkənin ümumi daxili məhsulu (ÜDM) arasında tərs mütənasibliyin olduğunu göstərir. Ölkədə qiymətlərin ümumi səviyyəsinin enməsi ilə məhsullara olan ümumi tələbin artması prosesi, öz xarakterinə görə ayrıca bir əmtəə yaxud xidmətlə bağlı vəziyyətə bənzəyir. Lakin makroiqtisadi səviyyədə məcmu tələblə bağlı qiymət dəyişikliyinin başqa səbəbləri də vardır. Həmin səbəbləri şərtləndirən amillər sırasında: a)əhalinin varlılıq və imkanlılıq effektini (səmərəliliyini); b) faiz dərəcələri effektini (səmərəliliyini); c) xarici ticarət (idxal) effektini göstərmək olar. Bu amillərin kompleks şəklində fəaliyyəti, ölkədə qiymətlərin ümumi səviyyəsinin dəyişməsi ilə bağlı, milli məhsula olan məcmu tələbin konkret həcminin dəyişməsi meylinə təsir göstərir. Qeyd etmək lazımdır ki, qiymətlərin, ümumi səviyyəsi nisbi sabit vəziyyətdə qaldıqda da, məcmu tələbin enib-qalxmasına, dalğavari gedişinə təsir göstərən bir sıra şərtlər vardır. Qeyri-qiymət amilləri kimi səciyyələndirilən bu şərtlərə - əhalinin istehlak yönümlü xərclərində baş verən dəyişikliklər, investisiyalara yönəldilən dövlət xərclərindəki müxtəlif istiqamətli yeniliklər, xarici iqtisadi əlaqələrdə (xalis ixracda) baş verən proseslərlə bağlı xərclər daxildir. Bu amillərin müxtəlif kombinasiyaları, yəni onlardan birinin, yaxud bir neçəsinin kəmiyyət və keyfiyyətcə dəyişməsi, öz növbəsində ölkədə məcmu tələbin meylinin aşağı düşüb, yuxarı qalxmasına (dalğavari inkişafına) şərait yaradır.