Məcmu təklif müəyyən bir dövr (ay, il) ərzində, mövcud qiymətlərin səviyyəsinə uyğun istehsal olunub satışa çıxarılmış müxtəlif təyinatlı əmtəə və xidmətlərin cəmidir. Bu göstərici, ölkənin real milli istehsalının həcmi olub, mövcud qiymətlərlə onun dəyər ifadəsidir. Məcmu təklif ölkənin ümumi daxili məhsulunun (ÜDM) milli iqtisadiyyat və milli bazarda mövqe, habelə rolunu səciyyələndirən mühüm bir iqtisadi kateqoriyadır. Qeyd etmək lazımdır ki, makroiqtisadi tarazlıq nəzəriyyəsinin mühüm şərti sayılan məcmu təklif anlayışı öz forması, xüsusiyyətləri və dəyişkənliyi baxımından daha mürəkkəb, həm də ziddiyyətli bir iqtisadi prosesdir. Ona görə də məcmu təklifin hərtərəfli təhlili üçün istehsal prosesinə təsir göstərən bütün amillərin kompleks şəkildə nəzərə alınması tələb olunur. İlk növbədə nəzərə alınmalıdır ki, makroiqtisadi səviyyədə qiymətlə təklif arasındakı düz asılılıq əlaqəsi, makroiqtisadi səviyyə üçün də xarakterikdir. Ölkədə qiymətlərin ümumi səviyyəsinin qalxıb-enməsi, məcmu təklifin də eyni istiqamətdə dəyişməsini şərtləndirir. Ayrı-ayrı bazarlar üçün doğru sayılan bu prinsip, makroiqtisadi səviyyədə məsələnin tam aydınlaşdırılması üçün kifayət etmir. Çünki, makroiqtisadi səviyyədə istehsalın həcminin artırılması prosesi xərclərlə gəlirin müqayisəli təhlili üzərində qurulursa, makroiqtisadi səviyyədə bu mövqedən yanaşma özünü doğrulda bilməz. Təsərrüfat həyatının makroiqtisadi səviyyədə təhlili sübut edir ki, ölkədə qiymətlərin ümumi səviyyəsinin dəyişməsi, tez-gec öz təsirini istehsal amillərinə, onun maddi və şəxsi amillərinə də göstərir. Aydındır ki, hər hansı bir ölkəöz iqtisadi-sosial inkişafının ayrı-ayrı mərhələlərində mövcud potensialdan tam istifadə olunmasına çalışsa da, lakin obyektiv-subyektiv səbəblərlə bağlı, iqtisadi resursların müəyyən hissəsi istehsal prosesinə cəlb olunmamış qalır. Belə bir vəziyyət isə işsizlik, müəssisələrin tam gücü ilə işləməməsi, inflyasiya, təbii ehtiyatların istehsala cəlb olunmaması kimi həllini tələb edən məsələlərlə bağlıdır. Həmin problemləri isə yeni metodoloji yanaşma mövqeyindən iki yolla - uzunmüddətli və qısamüddətli dövrlər ərzində həll etmək mümkündür. Məcmu təklifin uzunmüddətli dövr üçün təhlili klassik və neoklassik inkişaf modeli, qısamüddətli dövr üçün təhlili isə Keyns və onun məktəbinin modelləri əsasında aparılır. Makroiqtisadi səviyyədə uzunmüddətli perspektivdə əmək haqqı və digər resursların hamısının qiymətinin enib-qalxması prosesi, müəyyən tarazlıq, habelə nisbətlər çərçivəsində dəyişir. Ona görə də, makroiqtisadi səviyyədə istehsalın real həcmi və real gəlirlər dəyişməz qalır. Məcmu təklifin uzunmüddətli və qısamüddətli əyrisinin aşağıda verilmiş sxemindən (A) göründüyü kimi məcmu tələbin uzunmüddətli əyrisi (istiqaməti) düz xətt vəziyyətinə uyğun olur. Bu isə o deməkdir ki, həmin müddət ərzində əmək haqqı, gəlirlər və iqtisadi resursların qiymətlərində bas verən dəyişikliklər bir-birinə uyğun olurlar. Belə nisbi asılılıq və tarazlıq şəraitində istehsalçılar, məhsul buraxılışı həcmini dəyişmək haqqında qərarlar qəbul etmirlər. Qısamüddətli dövrdə (B) isə təklif əyrisi xeyli fərqli olur.