C.M.Keyns uzunmüddətli dövr üçün nəzərdə tutulan klassik və neoklassik nəzəri baxışları tənqid edərək yazmışdı ki, belə bir mövqe cari işgüzar fəaliyyətlə bağlı yanlış təsəvvürlər yaradır. Çünki, «uzunmüddətli dövrdə biz hamımız ölüyük. Əgər iqtisadçılar şiddətli yağış mövsümündə bizə yalnız tufandan uzun müddət sonra okeanın hamar olacağını deyə bilirlərsə, onda özləri üçün çox asan və səmərəsiz məqsəd seçmişlər». Deməli, Keyns yaranmış böhranlı vəziyyətin gələcəkdə (?), nə vaxtsa (!) uzunmüddətli perspektivdə yoluna düşəcəyi barəsində mülahizələrlə razılaşmayaraq, diqqəti indiki vəziyyəti dərindən təhlil edərək, ondan optimal çıxış yolları axtarıb tapılması, habelə bu istiqamətdə dövlət tənzimlənməsi tədbirlərindən faydalanmaq zəruriliyinə cəlb etmişdir. Bu mənada hər hansı bir cəmiyyət öz iqtisadi-sosial inkişafının gələcək perspektivlərini hökmən bilməli və real iqtisadi resursları, maddi-texniki bazası, intellektual imkanları ilə ona hazır olmalıdır. Lakin cəmiyyət ilk növbədə öz iqtisadi-sosial tərəqqisində hansı səviyyəyə gəlib çatdığını obyektiv qiymətləndirməyi bacarmalıdır ki, yaranmış vəziyyətin çətinlik və problemlərini aradan qaldırmaq üçün səmərəli vasitələr axtarıb tapa bilsin. İqtisadiyyatın tənəzzülü, istehsal güclərindən tam istifadə olunmadığı, işsizliyin müəyyən yüksək səviyyədə qaldığı bir şəraitdə, Keynsin qısamüddətli makroiqtisadi modelində qiymətlərin dəyişməz sabitliyi qəbul olunur. Bunun səbəbi isə ehtiyat iqtisadi resurslardan, köhnə avadanlıqlardan istifadə etməklə, artan məhsul buraxılışının hər vahidinə sərf olunan istehsal xərclərinin dəyişməməsidir. Nəticədə, müəyyən vaxt qiymətlər əvvəlki səviyyədə qalır. Belə bir vəziyyət isə qiymətlə məcmu təklifin düz mütənasibliyi, asılılığı prinsipinə uyğun gəlmədiyindən tez-gec pozulmalıdır. Tədricən iqtisadiyyatda baş verən proseslər, qiymətlə məcmu təklif arasındakı qanunauyğun düz mütənasibliyin bərpa olunmasını təmin edir. Keynsin fikrincə, iqtisadiyyatın dövlət tənzimlənməsi istiqamətindəki tədbirləri, məcmu tələbi stimullaşdırmaq səyləri bu prosesə müsbət təsir göstərə bilər. Eyni zamanda qısamüddətli dövrdə məcmu tələbin normallaşmasına qeyri-qiymət amilləri, o cümlədən ölkənin iqtisadi resursları, qiymətlərin dəyişməsi, məhsuldarlıq səviyyəsinin yüksəlməsi, vergi dərəcələrinin çevikliyi, hüquqi-normativ aktların günün tələblərinə uyğunlaşdırılması da, şübhəsiz öz təsirini göstərə bilər. Məcmu təklifin qısamüddətli dövrdə əyrisi (B) sxemində və ümumiyyətlə məcmu təklifin dəyişkənliyi isə (D) sxemində öz əksini tapmışdır. Bu sxemdəki (AS) əyrisi qısamüddətli dövr ərzində məcmu tələb əyrisinin qiymətlə bağlı yüksələn istiqamətini; (D) sxemindəki məcmu təklifin (ASı) əyrisi isə müxtəlif amillərin qarşılıqlı təsiri altında bəzən aşağıya meyl etdiyini (AS3), bəzən də yüksəldiyini (AS2)göstərir.