3.6.Makroiqtisadi tarazlıq və onun dəyişkənliyi
İqtisadi nəzəriyyədə makroiqtisadi tarazlıq o deməkdir ki, qiymətlərin səviyyəsi ilə ölkədə məhsul-xidmətlərin həcmi, yəni ümumi daxili məhsulun həcmi üst-üstə düşür. Başqa sözlə, ölkənin təsərrüfat həyatında məcmu tələblə məcmu təklifin əyriləri müəyyən bir nöqtədə kəsişərək, bu iki kəmiyyətin nisbi tarazlığı barəsində müəyyən təsəvvür yaradır. Qrafik şəkildə makroiqtisadi səviyyədə ölkə iqtisadiyyatındakı məcmu tələblə məcmu təklif arasındakı yaranmış tarazlıq vəziyyətini belə təsvir etmək olar:
Məcmu tələblə məcmu təklif arasindakı tarazlıq
Qrafikdə verilmiş N nöqtəsi, məcmu tələblə məcmu təklifin üst-üstə düşüb, yəni tarazlıq səviyyəsinin yarandığı bir vəziyyət kimi səciyyələndirilə bilər.
Bazar münasibətləri iqtisadi sistemi şəraitində, makroiqtisadi təhlil səviyyəsində bazar subyektlərinin (iştirakçılarının) həm alıcılara, (istehlakçılara), həm də satıcılara (istehsalçılara) çevrildiyini, onların istehsal etdikləri müxtəlif təyinatlı resursların və əldə etdikləri gəlirlərin (əmək haqqı, mənfəət, renta, faizlərin) qarşılıqlı mübadilə əlaqələri nəticəsində fasiləsiz hərəkətini nəzərə alsaq, aydın olar ki, bazar tarazlığı anlayışını mütləq mənada deyil, nisbi bir hal kimi qəbul etmək lazımdır. Çünki, məcmu tələb və məcmu təklif sadəcə kəmiyyətlər olmayıb, eyni zamanda təsərrüfat həyatının konkret keyfiyyət göstəricilərini əks etdirən anlayışlardır. Deməli, makroiqtisadi səviyyədə istehlakçıların pul gəlirləri ilə məhdudlaşan məcmu tələb və istehsalçıların məhdud iqtisadi resurslardan istifadəsi ilə tarazlaşan məcmu təklif arasında dialektik asılılıq əlaqəsi vardır.
Həmin qarşılıqlı əlaqələrin optimallaşdırılması dərəcəsi isə bütövlükdə ölkənin potensial imkanlarından, onun maddi-texniki bazasının yeni texnika və texnologiya əsasında təkmilləşdirilməsindən, maliyyə-büdcə və əhalinin yığım ehtiyatlarından, «insan kapitalı»nın təhsil, peşə-ixtisas səviyyəsindən, eyni zamanda dövlətin düşünülmüş iqtisadi siyasətindən, habelə milli iqtisadiyyatın müasir mərhələdəki problemlərini tənzimləmək bacarığından, qabiliyyətindən əhəmiyyətli dərəcədə asılıdır.
Dostları ilə paylaş: |