Daxili amillər sırasında əsas fondların (kapitalın) fiziki və mənəvi aşınmasını; istehsal-xidmət sahələrinin quruluşunun təkmilləşdirilməsini; istehsalın texnika və texnologiyasının modernləşdirilməsini; yeni iş yerlərinin açılmasını; dövlətin iqtisadi siyasət xəttinin səmərəliliyini; ölkə əhalisinin tələbat və ehtiyaclarında kəmiyyət- keyfiyyət dəyişikliklərini göstərmək olar. Xarici amillərsırasında isə müharibələri, təbii fəlakətləri, inqilabi hadisələri, yeni yataqların kəşfini, təzə ərazilərin məskunlaşmasını, istehsal-xidmət sahələrində köklü dəyişikliklər yaradan texnika və texnologiyaların tətbiqini qeyd etmək olar.
Konkret vəziyyətdən asılı olaraq, bəzən qısamüddətli bir proses kimi davam edən iqtisadi inkişafın qeyri-sabitliyi prosesi, iqtisadi nəzəriyyədə makroiqtisadi səviyyədə baş verib, bütövlükdə milli iqtisadiyyatı əhatə edən hadisədir. Lakin hər bir ölkənin xüsusiyyətlərindən, daxili-xarici səbəblərdən asılı olaraq, bu prosesin təsərrüfat həyatının müxtəlif sahələrinə təsir gücü eyni səviyyədə olmur. Məsələn, sənayenin maşınqayırma, metallurgiya, energetika, qaz-yanacaq kimi sahələri, yüngül və yeyinti sənaye sahələrinə nisbətən iqtisadi inkişafın qeyri-sabitliyinə daha çox məruz qalır.
Müəyyən bir dövrü əhatə edən «iqtisadi tsikl» yaxud «iqtisadi fəallıq tsikli» anlayışı, bütövlükdə milli iqtisadiyyatın vaxtaşırı bir-birini əvəz edən yüksəliş və enmə mərhələləri müddətlərini nəzərdə tutur. Öz müddət və intensivlik xüsusiyyətlərinə görə fərqlənən iqtisadi tsikl ölkənin təsərrüfat həyatında iqtisadi fəallığın yüksəlişi və enməsi dövrüdür. Ayrı-ayrı ölkələrdə müxtəlif illərdə baş vermiş hər hansı bir böhranın başlanmasından digər böhranın başlanmasına qədər olan konkret dövr tsikl adlanır. Bir neçə aydan başlayaraq, illəri əhatə edə bilən iqtisadi tsiklin əsas mərhələsi böhran sayılır və hər bir böhran hadisəsi, yeni tsiklin (müəyyən dövrün) başlanğıc nöqtəsi kimi səciyyələnir.
4.2.Böhranların mahiyyəti, səbəbləri və formaları
Cəmiyyətin iqtisadi sistemində ciddi sarsıntılar yaradan iqtisadi böhran ilk növbədə məcmu tələblə məcmu təklif arasında tarazlığın pozulması, ictimai istehsalın müxtəlif sahələrinin nisbətlərində ziddiyyətlərin meydana çıxması, ölkənin iqtisadi resurslarından səmərəli istifadə olunmamasının nəticəsidir. Makroiqtisadi səviyyədə tarazlığın pozulmasının konkret ifadəsi olan iqtisadi böhranlar, ölkədə istehsalın həcminin aşağı düşməsinə, qiymətlərin səviyyəsinin enib-qalxmasına, işsizliyin artmasına, pul-kredit sistemində pozuntulara, şirkətlərin və bankların müflisləşməsinə, əhalinin, xüsusilə də aztəminatlı ailələrin həyat səviyyəsinin pisləşməsinə səbəb olur.
İlk iqtisadi böhran 1825-ci ildə, o dövrün ən inkişaf etmiş ölkəsi və «dünya emalatxanası» adını almış İngiltərədə baş vermişdir. Sonralar 1848, 1873, 1882-1887, 1929-1933, XX əsrin 50-ci, 70-ci, 90-cı illərində, XXI əsrin birinci onilliyində dünyanın müxtəlif ölkələrində iqtisadi böhranlar olmuşdur. Dünya təsərrüfat həyatında iqtisadi inkişafın qeyri-sabitliyi nəticəsində baş vermiş ən ciddi böhran 1929-1933-cü illəri əhatə etmişdir. «Böyük durğunluq» kimi səciyyələnərək, dünya ölkələrinin əksəriyyətinin iqtisadiyyatına sarsıdıcı zərbə vurmuş bu böhran vaxtı kapitalist ölkələrində istehsalın ümumi həcmi 20-45 faiz aşağı düşmüş, işsizlik səviyyəsi 15-40 faizə çatmış, dünya ticarət dövriyyəsinin ümumi həcmi 60 faiz azalmışdı.
Bu mənada böhranlar cəmiyyətin iqtisadi-sosial həyatında ziddiyyətlərin kəskinləşməsi, sahədaxili və sahələrarası formalaşmış nisbətlərin pozulması, ölkələr arasındakı ticarət əlaqələrinin məhdudlaşması, əhalinin həyat səviyyəsinin aşağı düşməsi, istehsal imkanlarından tam istifadə olunmaması, işsizliyin artması və inflyasiya proseslərinin güclənməsi kimi xarakterizə olunur.
1929-1933-cü illərin dünya iqtisadi böhranı vaxtı Nyu-York fond birjasında səhmlərin ümumi dəyəri 4-5 dəfə azalmış, ABŞ-da fəhlə və qulluqçulara ödənilən əmək haqqı 58 faiz ixtisar olunmuş, çuqun və metal əridilməsi 80 faiz, avtomobil istehsalı isə kəskin surətdə azalmışdır.
2007-2008-ci illərdə dünyanın maliyyə-bank sistemində başlanmış böhran, tədricən öz mənfi nəticələrini iqtisadiyyatın istehsal-xidmət sahələrinə (real iqtisadi bölməyə) keçirərək, bütövlükdə dünyanın iqtisadi inkişaf templərinə mənfi təsir göstərmişdir.
İqtisadi böhranların ifrat (artıq istehsal), qıtlıq (aşağı istehsal), aralıq, qismən, struktur, sahə, aqrar, maliyyə, pul-kredit, birja, valyuta kimi müxtəlif formaları vardır.