Böhran mərhələsində istehsalın həcmi aşağı düşür, ümumi tələblə ümumi təklifin nisbətləri pozulur, pul-kredit sistemində çətinliklər yaranır, əmək haqqı azalır, işsizlərin sayı artır, qiymətli kağızlar bazarında hərc-mərclik yaranır, əhalinin alıcılıq qabiliyyəti aşağı düşür, şirkətlərin və bankların müflisləşməsi halları baş verir, cəmiyyətin sosial-iqtisadi ziddiyyətləri kəskinləşir.
Durğunluq mərhələsi böhrandan sonra başlayaraq, zəif tələb, istehsalın aşağı səviyyədə qalması, işsizliyin yüksək həddə qalxması, əmtəə-xidmətlərin qiymətlərinin aşağı düşməsinin qarşısının alınması tədbirləri, bank-kredit təşkilatlarının borc kapitalı üçün faiz dərəcələrini azaltması, əmtəə ehtiyatlarının nisbi sabitləşməsi ilə səciyyələnir.
Canlanma mərhələsində, istehsal tədricən artmağa doğru meyl edir, hazırlanan məhsulların və göstərilən xidmətlərin həcmi artır, işsizlərin sayı azalır, qiymətlər tədricən yüksəlir, iqtisadiyyatın müxtəlif sahələrində dirçəliş prosesi özünü göstərməyə başlayır, bankların kreditlər üçün borc-faiz dərəcələri yüksəlir, istehsal-xidmət dairələrinin müxtəlif təyinatlı material və avadanlıqlara olan tələbatı artmağa başlayır.
Yüksəliş mərhələsində, istehsalın səviyyəsi artaraq, özünün ən yüksək, yaxud zirvə həddinə çatır, əhalinin məşğulluğu təmin edilir, ölkədə işsizliyin səviyyəsi əvvəlki dövrə nisbətən xeyli aşağı düşür, əmək haqqı artmağa doğru meyl edir, kreditə olan tələb çoxalır, əmtəə-xidmətlərin qiymətləri qalxır, şirkətlərin mənfəəti yüksəlir.
Müəyyən bir müddəti əhatə edən “iqtisadi-tsikl” yaxud “iqtisadi fəallıq dövrü” anlayışı, bütövlükdə milli iqtisadiyyatın vaxtaşırı sürətdə bir-birini əvəz edən yüksəliş eniş mərhələlərinin, fasiləsiz təkrar olunan hərəkəti kimi başa düşülməlidir.
Konkret şəraitdən asılı olaraq, bəzən qısa, bəzən də uzunmüddətli mürəkkəb və ziddiyyətli bir hadisə kimi davam edən iqtisadi inkişafın qeyri-sabitliyi prosesi, elmi-nəzəri cəhətdən makroiqtisadi səviyyədə baş verib milli, regional, hətta müasir dövrdə də dünya təsərrüfat həyatını əhatə edən reallıqdır.
XXI əsrin birinci onilliyinə (2008-2012) təsadüf etmiş qloballaşan dünya iqtisadiyyatının ilk böhranı göstərdi ki, onun səbəbləri sırasında bütövlükdə istehsalın quruluş (struktur) dəyişiklikləri ilə yanaşı, əhalinin kredit təşkilatlarına borcları; qiymətli kağızlar bazarı həmçinin surətlə artması; iqtisadiyyatın real bölməsi ilə onun xidmət (maliyyə) bölməsi arasında tarazlığın pozulması halları da ciddi rol oynamışdır.
Ardıcıl mərhələlər keçərək, ən yüksək zirvə (pik) səviyyəsinə çatan istehsalın yenidən bazarda tələb-təklifin nisbətlərinin dəyişib pozulması və makroiqtisadi qeyri-sabitlik meyllərinin güclənməsi nəticəsində enməyə başlaması, şübhəsiz təbii bir proses kimi qəbul olunmalıdır. N.Gəncəvinin yazdığı kimi:
Ən uca nöqtəni aşarsa bir xətt,
Öz keçmiş halına meyl edər fəqət.
Deməli, iqtisadi-sosial inkişafın qeyri-sabitliyinin məntiqi nəticəsi kimi meydana çıxan tənəzzül və böhranları ləğv etmək yox, onları tənzimləyərək təsir gücünü zəiflətmək istiqamətində səy göstərmək lazımdır.
Dostları ilə paylaş: |