V FƏSİL. MƏŞĞULLUQ VƏ İŞSİZLİK
5.1.Əhalinin məşğulluğu və iş qüvvəsinin
təkrara istehsalı
Cəmiyyətin əmək ehtiyatları, onun kəmiyyət və keyfiyyət göstəriciləri, ölkənin iqtisadi resurslarının tərkib hissəsi kimi ümumi inkişafın təmin edilməsində mühüm rol oynayır. Əmək ehtiyatları ilə sıx bağlı olan anlayış – insan kapitalıdır. Əmək kapitalı dedikdə, əmək ehtiyatlarının hazırlanmasına və yenidən hazırlanmasına, onun təhsil, sağlamlıq, mədəni səviyyəsinin yüksəldilməsinə, peşə-sənət qabiliyyətinin təkmilləşdirilməsinə yönəldilmiş vəsaitlərin toplusu başa duşulür. Bu yanaşma, müasir elmi-texniki inqilab dövründə də öz əhəmiyyətini saxlayaraq, istehsalın maddi və şəxsi amillərin pozulmaz vəhdətini təşkil edir.
A.Smit “Xalqlar sərvətinin təbiətinin təbiəti və səbəbləri haqqında tədqiqat” (1776) əsərində vaxtilə yazmışdır ki, hər hansı bir cəmiyyətin yüksəlişi, onun əhalisinin istehsala cəlb olunması (məşğulluğu) və həmin insanların əməyinin məhsuldarlıq (bacarıq, ixtisas, hazırlıq) səviyyəsi ilə bilavasitə bağlıdır. Təsadüfi deyilməmişdir ki, ən yeni, mükəmməl texnika da ona insan əli və əməyi toxunmasa, sanki “ölüdür”. Qədim yunan müdrikləri nə qədər haqlı qeyd etmişlər:
Dünyada möcüzələr çoxdur, amma
İnsandan böyük bir möcüzə yoxdur.
Ölkənin əmək resurslarının məşğulluğu, onun təhsil, peşə-sənət ixtisasına uyğun işlə təmin edilməsi, əhalinin işsizliyinin aradan qaldırılması, yeni iş yerləri yaradılması, həmişə müxtəlif cəmiyyətlər qarşısında duran aktual sosial-iqtisadi problemlərdən biri olmuşdur.
Məşğulluq, iş qüvvəsi, əmək bazarı, işsizlik haqqında klassik iqtisadi məktəb banilərinin, marksistlərin, neoklassiklərin, keynsçilərin, monetaristlərin, institusionistlərin bir-birindən fərqli, lakin maraqlı fikirləri vardır.
Klassik mövqedən çıxış edənlər göstərirdilər ki, ölkənin iş qüvvəsi bazarı təklif əsasında formalaşır. Burada tənzimçi rolunu iş qüvvəsinin orta tarazlaşdırılmış qiyməti oynayır. Deməli, əmək haqqının səviyyəsi vasitəsilə ölkədə iş qüvvəsinə olan tələb və təklif nizamlanır.
Keynsçi mövqeyə görə, əmək bazarı olduqca qeyri-sabit bir hadisədir. Orada əmək haqqı sərt və qəti müəyyənləşmiş bir kəmiyyətdir. Həmin kəmiyyət müəyyən səviyyədən aşağı düşə bilməz. Ona görə de əmək bazarını dövlət nizamlamalıdır. Dövlət isə bu məsələni ölkədə ümumi (məcmu) iş qüvvəsinə olan tələblə-təklifin tarazlaşdırılması yolu ilə həyata keçirə bilər. Bunun üçün əlavə iş yerləri açmaq, kreditlər üçün bank faizini aşağı salınaq, vergi dərəcələrini azaltmaq lazımdır.
Monetar mövqeyə görə, (Milton Fridmen) iş qüvvəsinin sabit müəyyənləşmiş qiyməti (səviyyəsi) olsa da, o, daim yüksəlməyə, artmağa doğru meyl edir. Ona görə də bu mövqenin tərəfdarları, dövlətin minimum əmək haqqı səviyyəsi müəyyən etməsini düzgün saymırdılar. Onların fikrincə, dövlət özünün pul-kredit siyasəti və bank faiz dərəcələri vasitəsilə ölkə əhalisinin məşğulluq səviyyəsini yüksəldə bilər.
Dostları ilə paylaş: |