İnstitusional-sosioloji istiqamət tərəfdarlarının (C.Danlor, L.Ulman) mövqeyinə görə iş qüvvəsinin qiyməti və əmək haqqı səviyyəsini işçilərin ixtisası, peşəkarlığı, habelə iqtisadiyyatın ayrı-ayrı sahələrinin konkret surətdə iş qüvvəsinə olan tələbatı ilə bağlıdır.
Bu mövqelərdən aydın olur ki, məşğulluq, əmək birjası, işsizlik, əmək bazarı, dövlətin bu prosesləri tənzimləməsində iqtisadçılar və mütəxəssislər arasında müxtəlif fikirlər olmuşdur. Məsələn, klassik mövqe tərəfdarları əmin idilər ki, xüsusi mülkiyyət, sərbəst rəqabət, azad sahibkarlıq və işgüzar biznes fəaliyyəti şəraitində, əhalinin nisbi tam məşğulluğunu təmin etmək mümkündür. Əhalinin əmək qabiliyyətinə malik 4-5 faizinin işsizliyi səviyyəsini onlar real həyat və bazar iqtisadiyyatı şəraitində normal hadisə kimi qiymətləndirirlər.
Keynsçı mövqedə duranlar isə sübut etməyə çalışmışlar ki, ümumiyyətlə əhalinin tam məşğulluğu problemi və onun gedişi prosesi qanunauyğunluq deyil, təsadüfi bir hadisədir. Bu proses ilk növbədə hər hansı bir ölkədə, yaxud istehsal sahəsində investisiyaların (sərmayə, kapital qoyuluşlarının) səviyyəsi və milli gəlirin həcmi ilə bağlıdır. Əgər klassik nəzəriyyə tərəfdarları əhalinin məşğulluğunu təmin etmək üçün qənaətcil olmaq və bu hesaba əldə olunan vəsaiti investisiyalara yönəltməyi əsas götürürlərsə, keynsçilər isə təsdiq edirlər ki, istehsal olunan əmtəələr və əhaliyə göstərilən xidmətlər uyğun şəkildə məşğulluq səviyyəsi, habelə xərclərdən asılıdır.
Deməli, sadəcə qənaətcil olmaq yaxud qənaət rejimini həyata keçirməklə, əhalinin məşğulluq problemini həll etmək mümkün deyildir. Problemin həlli üçün verilən kreditlərə faiz dərəcələrini aşağı salınaq, dövlət aparatı xərclərini ixtisar etmək, dövlətin xüsusi bölməyə sifarişlərini artırmaq lazımdır.
Hər hansı bir cəmiyyətin yaşayıb inkişaf etməsi üçün zəruri sayılan təkrar istehsal prosesi-maddi nemətlər və xidmətlər istehsalı, istehsal münasibətləri ilə yanaşı, eyni zamanda iş qüvvəsinin də təkrar istehsalıdır. İstehsalın obyektiv amilləri ilə yanaşı, onun subyektiv amilləri olmadan istehsalı və təkrar istehsalı həyata keçirmək mümkün deyildir. İş güvvəsi - dedikdə insan orqanizminin malik olduğu və istehsal prosesində şüurlu surətdə sərf etdiyi fiziki, habelə zehni qabiliyyətləri nəzərdə tutulur. İnsanın əmək qabiliyyətinin nəticəsi sayılan iş qüvvəsi, bütün cəmiyyətlərin iqtisadi-sosial tərəqqisində həlledici rol oynamışdır.
İş qüvvəsi müəyyən şərtlər, razılaşmalar, əmək müqavilələri, bəzən isə hətta məcburiyyət və zorakılıqla alınıb-satıldığından, ona əmtəə kimi yanaşmaq mümkündür. Əmtəənin isə məlumdur ki, dəyəri və istehlak dəyəri vardır. İş qüvvəsinin dəyəri - onun yenidən təkrar istehsal olunması üçün zəruri olan yaşayış vasitələrinin (ərzaq, mənzil, paltar, təhsil, istirahət və sair) dəyərinə bərabərdir. İş qüvvəsinin dəyərinin ən aşağı-minimum həddi, işçinin və ailəsinin yaşaması, habelə əmək qabiliyyətini qoruyub saxlanılması üçün zəruri sayılan yaşayış vasitələrinin dəyərindən ibarətdir. Ona görə də müxtəlif ölkələrdə konkret şərait və imkanlardan asılı olaraq yaşayış minimumu, minimum əmək haqqı, istehlak büdcəsi, istehlak səbəti kimi iqtisadi göstəricilərin kəmiyyət və keyfiyyət meyarları müəyyənləşdirilir.