İş qüvvəsinin istehlak dəyəri isə istehsal prosesində öz dəyərindən, yəni alındığı qiymətdən (haqdan) daha artıq dəyər yarada bilmək xüsusiyyətidir. Başqa sözlə, iş qüvvəsi istehsal prosesində təkcə öz dəyərini deyil, eyni zamanda izafi, yəni artıq məhsul yaradır ki, bu da sahibkara, şirkətə onun xərcləri, səyləri, riski üçün çatır.
Hazırda sayı 7 milyard nəfərə yaxınlaşan planetin ayrı- ayrı ölkələrinin əhlisi, aktiv (fəal) və passiv (qeyri-fəal) kimi iki hissəyə ayrılır. Beynəlxalq standartlara görə, 14-16 yaşdan başlayaraq, 60-65 yaş arası kişilər və 15-16 yaşdan başlayaraq, 55-60 yaş arası qadınlar aktiv əhali qrupuna daxil edilirlər. Müxtəlif ölkələrin özünəməxsus cəhətləri nəzərə alınmaqla, əhalinin ümumi tərkibində aktiv əhalinin xüsusi çəkisi 35-50% təşkil edir. Passiv əhali qrupuna daxil edilən təqaüdçülər, uşaqlar, tələbələr, əlillər, hərbçilər, xəstələr, himayədə olanlar isə ayrı-ayrı ölkələrdə əhalinin tərkibində 35-45% təşkil edirlər.
İqtisadi nəzəriyyə baxımından əhalinin tam məşğulluğu o deməkdir ki, əmək qabiliyyətinə malik və işləmək arzusunda olan hər bir nəfər müəyyən bir işlə təmin edilir. Aydındır ki, bu niyyət nə qədər xoş səslənsə də, real təsərrüfat həyatı təcrübəsində, obyektiv-subyektiv səbəblər üzündən heç də işləmək istəyənlərin hamısını öz təhsilinə, ixtisasına, sənət-peşə yönümünə görə uyğun iş yeri ilə təmin etmək mümkün olmur.
Ölkənin iş qabiliyyətli əhalisinin 3-5 faizinin işlə təmin olunmaması təsərrüfatçılıq təcrübəsində normal sayılır. Müxtəlif ölkələrdə əhalinin iş qabiliyyətli hissəsinin məşğulluq səviyyəsi 35-40 faizdən 95-97 faiz həddindədir. Bir sıra dövlətlər müəyyən təhsil-ixtisas sahibi olan peşəkar kadrları başqa yerlərdən dəvət etdikləri halda, digər ölkələrin vətəndaşları öz vətənlərində uyğun iş tapa bilmədiklərindən, başqa dövlətlərdə iş axtarmağa məcbur olurlar. Beynəlxalq təşkilatların məlumatlarına görə hər il 100 milyon nəfərə yaxın adam başqa ölkələrdə iş axtarır.
Ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında baş verən obyekti-subyektiv xarakterli müxtəlif proseslər, məsələn istehsalın quruluşunda gedən dəyişikliklər, elmi-texniki yeniliklər, mütərəqqi texnologiyaların tətbiqi, işçilərin, müəyyən yaş həddi, insanların cinsi və irqi mənsubiyyətləri, habelə dini və siyasi baxışları, müəyyən vaxtlığa əhalinin iş qabiliyyətli hissəsinin konkret işlə təmin edilməsində aşkar-gizli problemlər yaradır.