10.3.Postsovet və postsosialist ölkələrində keçid mərhələsinin xüsusiyyətləri
Keçid mərhələsində olan ölkələrin iqtisadi-sosial həyatının ümumi qanunauyğunluqları ilə yanaşı, ayrı-ayrı ölkələrin, o cümlədən də Azərbaycan Respublikasının özünəməxsus bir sıra xüsusiyyətləri olmuşdur. Bu özünəməxsusluqlar ilk növdə, ölkələrin keçid mərhələsinə hansı vəziyyətdə və iqtisadi-sosial göstəricilərlə daxil olmaları ilə bağlıdır. Həmin şərtlərə ölkədə inzibati-amirlik sisteminin davam etdiyi müddət; iqtisadiyyatda xüsusi bölmənin payı; onun quruluşunda nisbətlərin pozulması səviyyəsi; ölkənin iqtisadi həyatının hərbiləşdirilməsi (millitaristləşdirilməsi); əhalinin əməyə münasibəti, onun ixtisas və bacarığı; milli mentalitet və ümumi mədəni-mənəvi yüksəlişi daxildir. Keçid mərhələsində, postsosialist və postsovet ölkələri arasında özünəməxsus xüsusiyyətləri ilə seçilən 3 qrupu göstərmək olar. Birinci qrupa daxil olan keçmiş Çexoslovakiya, ADR, Macarıstan, Polşa, Baltikyanı ölkələrdə bazar iqtisadiyyatına keçid prosesi nisbətən asan və az itkilərlə getmişdir. Buna səbəb, həmin ölkələrdə bazar ənənələrinin olması, istehsalın sahə quruluşunun nisbətən tarazlığı, Qərb ölkələri ilə qonşuluq əlaqələri, əhalinin milli mentaliteti və sosial-psixoloji təbiəti (xarakteri) olmuşdu. İkinci qrup ölkələrə Rusiyanı, Bolqarıstanı, Rumıniyanı, Yuqoslaviyanı, Albaniyanı, Monqolustanı, keçmiş sovet respublikaları ərazisində formalaşmış yeni müstəqil dövlətləri, o cümlədən Azərbaycan Respublikasını daxil etmək olar. Bu ölkələrdə bazar münasibətlərinə keçid, birinci qrup ölkələrə nisbətən daha çətin və mürəkkəb şəraitdə keçmişdir. Buna səbəb, inzibati-amirlik sisteminin nəticəsi olan iqtisadiyyatın struktur nöqsanları, sosial siyasət sahəsində gücü «bərabər bölgü» prinsipinin hökm sürməsi, onların ərazisində hərbi münaqişələrin baş verməsi, bazar münasibətlərinə keçmək barəsində cəmiyyətdə müxtəlif ziddiyyətli mövqelərin olması idi. Üçüncü qrupa Şərqi Asiyanın Çin, Şimali Koreya, habelə Amerika qitəsinin Kuba kimi ölkələri daxil edilə bilər. Bu ölkələr eyni qrupda birləşdirilsə də, onların ictimai-siyasi quruluşları, idarəçilik üsulları, iqtisadi sosial göstəriciləri, həyata keçirdikləri iqtisadi islahatların mahiyyət və formaları bir-birindən xeyli fərqlidir. Təsadüfi deyildir ki, BMT-nin təsnifatında və beynəlxalq təşkilatların hesabatlarında bu ölkələrin bəziləri «inkişaf etməkdə olan dövlətlər» sırasına salınır. Ümumiyyətlə postsosialist və postsovet ölkələrində inzibati-amirlik sistemindən bazar iqtisadiyyatına keçid iki yolla (variantla) - təkamül (qradualizm) və radikal (cərrahiyyə əməliyyatı) istiqamətində aparılmışdır. Məsələn, Çin və Macarıstanda təkamül yolu seçilmişdisə, Rusiya, Polşa, Rumıniya, Bolqarıstan kimi ölkələrdə radikal dəyişikliklərə üstünlük verilmişdi. Bu variantların seçilməsi konkret iqtisadi-sosial vəziyyət, ölkənin resursları və əhalinin milli-psixoloji əhval-ruhiyyəsi ilə bağlıdır. Eyni zamanda bu ölkələrdə, o cümlədən də Azərbaycanda təkamül və radikal yolun ayrı-ayrı ünsürlərindən, yəni qarışıq variantdan da istifadə olunmuşdur. Bütövlükdə postsosialist və postsovet ölkələrinin keçid mərhələsində aşağıdakı özünəməxsus cəhətlərini göstərmək olar:
ölkə iqtisadiyyatının mərkəzləşdirilmiş idarəçilik əsasında, hədsiz dərəcədə (95-98%) dövlətləşdirilməsi;
ölkədə uzun müddət (50-70 il) davam etmiş qeyri-bazar və inzibati-amirlik sisteminin cəmiyyətin iqtisadi-sosial, habelə mənəvi - əxlaqi dəyərlərinə vurduğu zərər;
istehsal dairəsinin inhisarlaşdırılması nəticəsində iqtisadiyyatın liberallaşdırılması prosesinin ölkədə yüksək inflyasiya yaratması;
iqtisadiyyatda quruluş nöqsanlarının mövcudluğu, sahələrdaxili və sahələrarası nisbətlərdə uyğunsuzluq, ağır sənaye və hərbi sənaye kompleksinin üstün mövqe tutması, ölkədə istehlak şeyləri istehsalına kifayət qədər diqqət yetirilməməsi;
ölkə iqtisadiyyatının rəqabətqabiliyyətli olmaması və istehsal olunan məhsulların dünya standartlarına cavab verməməsi nəticəsində, bu məhsulların beynəlxalq bazarlarda sıxışdırılması;
bazar münasibətləri sistemi və bazar iqtisadiyyatına xidmət göstərən infrastrukturun ləng formalaşması;
əhalinin əksər hissəsində mədəni (sivil) bazar münasibətlərinə keçmək vərdişlərinin olmaması və qaydasız, hətta «vəhşi» üsullardan, qanunsuz vasitələrdən istifadə etməklə, bazar iqtisadi sistemində möhkəmlənmək meylləri.