Tam çevrilən və sərbəst dönərli milli valyutalar, dünyanın istənilən ölkəsinin valyutasına heç bir məhdudiyyət qoyulmadan və əngəl yaradılmadan dəyişdirilə bilər. Bu proses valyutanın konvertləşdirilməsiadlanır. Hazırda Beynəlxalq Valyuta Fondunun üzvü olan 192 dövlətdən 60-nın valyutası tam çevrilə bilən milli valyuta sayılır. Həmin valyutalar sırasında ABŞ dollarını, Avropa Birliyi (İttifaqı) ölkələrinin vahid valyutası olan avronu, İngiltərənin funt-sterlinqini, Yaponiyanın iyenini və digərlərini göstərmək olar. Dünyada gedən iqtisadi inteqrasiya prosesləri, vahid dünya təsərrüfat sisteminin formalaşması, beynəlxalq miqyasda əmtəə-xidmətlərin, kapitalın, iş qüvvəsinin hərəkətinin intensivləşməsi, tədricən bütün ölkələrin milli valyutalarının dönərli olmasını və konvertləşdirilməsini tələb edir.
Dünya ölkələrinin təsərrüfat həyatı təcrübəsində bir sıra dövlətlərin, kollektiv valyutadan, məsələn Afrika ölkələrinin fransız frankından, Cənubi Amerika ölkələrinin Amerika dollarından istifadə etmək nümunəsi olmuşdur. Hazırda Qərbi Avropanın bir sıra ölkələrində avro kollektiv valyuta rolunu oynayır. Beynəlxalq valyuta münasibətlərinin inkişafı və təkmilləşdirilməsində Beynəlxalq Valyuta Fondu, Dünya Bankı mühüm rol oynayırlar.
Qismən çevrilən yaxud dönərli milli valyutalara, digər dövlətlərdə dəyişdirilməsinə müəyyən məhdudiyyətlər qoyulan milli valyutalar aid edilir. Bu tipli valyutalar yalnız müəyyən ölkələrin milli valyutalarına dəyişdirilə bilər. Obyektiv və subyektiv səbəblərlə bağlı valyuta əməliyyatlarına qoyulan məhdudiyyətlər, şübhəsiz beynəlxalq valyuta münasibətlərinin genişlənməsinə mənfi təsir göstərir.
Çevrilməyən yaxud qapalı valyutalar yalnız bir ölkənin daxilində tətbiq edilib, işlədilən milli valyutalardır. Həmin valyutalar beynəlxalq bazarda, başqa ölkələrin milli vahidlərinə dəyişdirilmədiyindən, onlar qapalı bir dairə, yəni ölkənin daxili bazarları hüdudlarında alıcılıq qabiliyyətinə malik olurlar.
Müasir dünyanın maliyyə bazarının ən böyük tərkib hissəsi sayılan valyuta bazarları müxtəlif ölkələr arasında qarşılıqlı faydalı iqtisadi-ticarət əlaqələrinin aparılmasında mühüm rol oynayırlar. Beynəlxalq əlaqələr sisteminin genişlənməsi, iqtisadi inteqrasiya prosesləri, əmtəə-xidmətlərin, kapitalın, iş qüvvəsinin hərəkətinin getdikcə intensivləşməsi, xüsusilə turizm axınının artması, hər hansı bir ölkənin milli valyutasının başqa ölkələrin valyutasına dəyişmək zərurətini irəli sürür.
Beynəlxalq miqyasda dünya ölkələrinin milli valyutaları ilə bağlı əməliyyatların çevik və fasiləsiz surətdə həyata keçirilməsi üçün xüsusi valyuta bazarının fəaliyyət göstərməsi tələb olunur. Dünya ölkələrinin milli valyutaları, müxtəlif bank sənədləri, çekləri, vekselləri, akkreditivləri ilə təyinatı üzrə əməliyyatlar aparmaq məsələləri, iqtisadi münasibətlərin xüsusi bir dairəsini (sferasını), yəni beynəlxalq valyuta bazarını formalaşdırmışdır.
Beynəlxalq valyuta bazarının konkret bir yeri və məkanı yoxdur. Çünki, müasir elmi-texniki imkanlar və rabitə-informasiya vasitələri şəraitində, dünyanın müxtəlif ölkələri ilə əlaqələr yaradıb, istənilən maliyyə-valyuta əməliyyatlarını həyata keçirmək mümkündür. Valyuta bazarlarında alqı-satqı əməliyyatlarını kommersiya bankları, valyuta komissionları və məntəqələri, Beynəlxalq Bank yaxud Milli Bank, onların filialları həyata keçirir. Milli Bank eyni zamanda valyuta bazarının ümumi fəaliyyətinə nəzarət vəzifəsini (funksiyasını) yerinə yetirir.
Bununla yanaşı, dünyanın ən iri maliyyə və valyuta bazarı mərkəzləri arasında Nyu-York, London, Tokio, Cenevrə, Paris, Sinqapur, Çikaqo, Boston, Roma, Moskva, Şanxay, Bombey xüsusi bir yer tutur. Rəqabət və reklam prinsipi əsasında işləyən valyuta bazarı mərkəzləri, qitələrarası vaxt qurşaqları fərqini nəzərə almaqla, gündüz-gecə 24 saat ərzində fəaliyyət göstərirlər. Valyuta bazarları fasiləsiz olaraq, aşağıdakı vəzifələri yerinə yetirir:
beynəlxalq əmtəə-xidmət, kapital və iş qüvvəsinin hərəkətinə xidmət göstərir, bu işdə vasitəçilik edir;
dövlətin milli iqtisadiyyat çərçivəsində və onun hüdudlarından kənarda pul kredit, habelə xarici iqtisadi siyasətini həyata keçirməkdə mühüm rol oynayır;
valyuta bazarında yaranan tələb-təklifdən asılı olaraq, milli valyutanın məzənnəsinin formalaşmasına şərait yaradır, onun risk dərəcəsinin azaldılması üçün müəyyən müdafiə mexanizmi hazırlayır.
Müxtəlif dövlətlərin valyuta siyasətinin əsasını-ölkənin milli valyutasının sabitliyinin və alıcılıq qabiliyyətinin qorunub saxlanması təşkil edir.
Azərbaycan Respublikasında xarici valyutaların alqı-satqısı Milli Bankın müəyyən etdiyi qaydada, müvəkkil banklar vasitəsilə həyata keçirilir. Ölkədə valyuta bazarının fəaliyyətini tənzimləmək məqsədilə hələ 1994-cü ildə "Valyuta tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının qanunu qəbul olunmuşdur.
Həmin qanun, Azərbaycan Respublikasında valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini və qaydalarını; valyuta tənzimi və valyuta orqanlarının səlahiyyətlərini, habelə vəzifələrini, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, eyni zamanda bu sərvətlərdən istifadə etmək, onlar haqqında sərəncam vermək sahəsində hüquqlarını, funksiyalarını, nəhayət valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyətini müəyyən etmişdir.
Azərbaycan Respublikasında 1994-cü ildən valyuta bazarının mühüm ünsürlərindən biri sayılan Bakı Banklararası Valyuta Birjası (BBVB) təşkil olunaraq fəaliyyətə başlamışdır. Ölkənin Milli Bankı, hazırda respublikada milli və xarici valyutalara olan tələbi tənzimləyir, kommersiya banklarının xarici valyutalarla apardıqları əməliyyatlara nəzarət edir. Bu tənzimləmə və nəzarət prosesi isə kommersiya banklarının müxtəlif təyinatlı əməliyyatlarının risk dərəcəsini minimum səviyyəyə endirməyə imkan verir.
Valyuta bazarında əməliyyatların maliyyələşdirilməsi müxtəlif ölkələrin bankları vasitəsilə beynəlxalq valyuta hesablaşmaları əsasında aparıldığından, burada pul vahidləri bir-birinə əks istiqamətdə olan xüsusi müxbir hesablarında saxlanılır. Müxbir hesabı- müqavilə əsasında bir bankın tapşırığı ilə öz hesabına başqa bir bankın ödədiyi hesablaşmaların göstəricisidir. Beynəlxalq hesablaşmalara görə müxbir hesabları "nostro" və "loro" kimi 2 növə ayrılır.
Bank "nostro" hesablarını, yəni bizim müxbir-banklardakı hesablarımızı xarici müxbir-banklarda açır. Əksinə, "loro" hesabları isə xarici bankların bizim banklardakı hesablarının həmin müxbir-bankların adına açılması deməkdir. Beynəlxalq hesablaşmalara görə bir bankdakı "nostro" hesabı, eyni zamanda müxbir-bank üçün "loro" hesabı rolunu oynayır.
Beynəlxalq valyuta əməliyyatlarının həyata keçirilməsində, müxtəlif ölkələrin milli valyutalarına qiymət qoyulması, yaxud onların kotirovkasımüstəsna əhəmiyyətə malikdir. Valyutalara qiymətqoyma prosesi, valyuta birjalarının qiymətqoyma orqanları kimi fəaliyyət göstərən xüsusi komissiyalar tərəfindən müəyyənləşdirilib həyata keçirilir. Bu məlumatlardan bank, sənaye-ticarət şirkətləri, xarici valyuta sahibləri özlərinin müxtəlif təyinatlı maliyyə əməliyyatlarında geniş istifadə edirlər.
Xarici valyutalara qiymətqoymanın birbaşa və vasitəli kimi 2 forması olsa da, lakin beynəlxalq təcrübədə birbaşa qiymətqoyma daha geniş yayılmışdır. Xarici valyutaların birbaşa qiymətləndirilməsi zamanı, həmin valyutalar milli valyuta ilə ölçülüb ifadə olunurlar. Vasitəli qiymətqoymada isə milli valyuta vahidi xarici valyutalarla ifadə olunur.
Valyuta bazarlarının azad və qeyri-azad növləri də vardır. Azad valyuta bazarında, aparılan alqı-satqı bazarında və ikitərəfli əməliyyatlarda heç bir məhdudiyyət, habelə əngəl yoxdur. Qeyri-azad valyuta bazarında isə bu əməliyyatlarla yalnız həmin işlə məşğul olmaq üçün rəsmi icazəsi olan təşkilatlar, lisenziyası olan şəxslər fəaliyyət göstərə bilərlər.