2. TARİXDƏ SƏBƏB AMİLİ
Tarix üzərində səbəb və illiyyət amili hakimdirmi? Əgər hakimdirsə, deməli hər bir hadisənin baş verməsi qaçılmaz olmuşdur və bir növ tarix üzərində «icbar» məsələsi hakimlik edir. Əgər tarixə icbar hakimlik edirsə, insanın azadlığı necə olsun? Əgər həqiqətən də tarixi hadisələrin baş verməsi icbaridirsə, deməli heç bir fərd məsuliyyət daşımır və heç bir fərd nə tərifə, nə töhmətə və nə də tənqidə layiqdir. Ancaq, əgər səbəb və illiyyət amili hakim deyilsə, deməli ümumilik də yoxdur və əgər ümumilik yoxdursa, deməli tarixin heç bir qanunauyğunluq və adəti də yoxdur. Çünki, qanun ümumiliyin, ümumilik də səbəb və illiyyət amilinin daxili hissəsidir.
Bu, elmi tarix və tarixi fəlsəfə barəsində mövcud olan problemlərdən biridir. Bəziləri, səbəb amilinə və ümumiliyə üstünlük verərək, azadlıq və ixtiyarı inkar ediblər və azadlıq adı ilə qəbul etdikləri əslində azadlıq deyil, ayrı bir şey olmuşdur. Bəziləri əksinə, azadlığı qəbul edərək tarixi qanunauyğunluğu rədd edirlər. Əksər sosioloqlar səbəb və illiyyət amili ilə azadlığı bir yerdə təsəvvür etmirlər və birincini əsas götürərək azadlığı inkar edirlər.
Heygel və onun arxasınca gedən Marks, tarixi icbarın tərəfdarıdırlar. Onların nəzərində azadlıq, tarixi zəruriliyə agah olmaqdan savayı başqa bir şey deyildir. «Marks və marksizm» kitabında, eləcə də Engelsin «Antidurinq» kitabında yazılır: «Heygel, zərurət və azadlığın əlaqəsini dəqiq göstərən ilk şəxs idi. Onun nəzərinə görə, azadlıq zərurətin dərki deməkdir. Zərurət təsəvvürolunmaz dərəcədə görünməzdir. Azadlıq, təbiət qanunlarından asılı olmamaq deyil, əksinə bu qanunları tanımaq və onları öz məqsədinə çatmaq üçün işə salmaqdadır. Bu mətləb, istər xarici şərait qanunlarına, istərsə də insanın cismi və ruhu vücuduna hakim olan qanunlara aiddir.»1
Həmin kitabda, «insan müəyyən tarixi şəraitdə və həmin şəraitin təyin etdiyi cəhətə əsasən əməl etməlidir və gərək etsin» barəsində bəhs etdikdən sonra, yazılır: «Əslində bu məlumat və biliklərin tanınması, insanın əməlini təsirli edir. Bu bilgilərin əksinə edilən hər əməl, tarixin yoluna qarşı etiraz və reaksiya mənasını verir... Bu bilgilərlə uyğun hərəkət etmək isə, tarixin təyin etdiyi hədəfə doğru getmək deməkdir. Ancaq belə bir sual meydana gəlir ki, azadlıq necə olsun? Marksizm məktəbi cavab verir ki, azadlıq fərdin tarixi zərurətə agah olmasından və sürükləndiyi ictimai yola bələd olmasından ibarətdir.»2
Aydındır ki, deyilənlər heç bir problemi həll etmir. Əsas məsələ, insanın tarixi şəraitlə olan əlaqəsidir ki, o, tarixi şərait üzərində hakim olub onu istiqamətləndirə və ya istiqamətini dəyişə bilərmi? Əgər insan tarixi istiqamətləndirmək iqtidarında deyilsə və ya tarixin istiqamətini dəyişə bilmirsə, deməli tarixin axarına tabe olmaqla öz varlığını qoruyar, inkişaf edə bilər. Əgər, tarixin axarına qarşı çıxarsa, məhv olar. İndi belə bir sual yaranır ki, insan tarixin axarına tabe olub-olmamaqda azaddırmı? Cəmiyyətin əsas, fərdlərin isə qeyri-əsas olması prinsipini, vicdan, şüur və fərdi hisslərin tarixi və ictimai şəraiti, xüsusilə də iqtisadi şəraiti yaratdıqlarını nəzərə alsaq, azadlıq üçün yer qalırmı? O zaman «azadlıq, zərurət olan agahlıqdır» sözləri mənasız olmayacaqmı? İnsanın coşqun bir selə düşməsi və selin, bir saatdan sonra onu dənizin dibinə aparacağına agah olması, yaxud uca zirvədən yıxılan və ağırlıq qanununa əsasən, bir neçə andan sonra tikə-tikə olacağını bilən şəxsə nəzər salaq. Onlar dənizə düşməkdə və dərəyə yıxılmaqda azaddırlarmı? Tarixi cəbrin maddiliyi nəzəriyyəsinə əsasən, maddi-ictimai şərait, insanı məhdudlaşdıran, onu istiqamətləndirən, onun seçimini, iradəsini, şəxsiyyətini və vicdanını formalaşdıran amildir və o, ictimai şəraitin müqabilində boş qabdan başqa bir şey deyil, xam bir maddədir. Şərait insanın deyil, insan şəraitin yaratdığıdır. İnsan şəraitinin gələcək yolu deyil, mövcud şərait insanın gələcək yolunu təyin edir. Buna görə də, azadlığın heç bir mənası yoxdur.
Həqiqət budur ki, insan azadlığı «fitrət» nəzəriyyəsindən savayı başqa bir şeylə təsəvvür edilə bilməz (yəni, insan dünyanın ümumi cövhəri yolunda, dünyaya əlavə bir cəhətlə gəlir və onun ibtidai şəxsiyyətini də həmin cəhət formalaşdırır və sonra mühitin təsiri ilə təkmilləşir və inkişaf edir). Bu cəhət, insana insan şəxsiyyəti verən vücuddur. Bu cəhət, hətta o qədər güclənir ki, insan tarixə yiyələnir və tarixin axarını dəyişir və ya təyin edir. Biz, artıq cəmiyyət bölməsində «icbar ya ixtiyar» adı altında bu barədə danışdıq və bir daha bu barədə «tarixin cəhətləri» adı altında, qəhrəmanların rolu barəsində söhbət açacığımız yerdə, geniş izah verəcəyik.
İnsan azadlığı qeyd etdiyimiz mənada nə «səbəb və illiyyət» qanunu, nə də tarixi qanununauyğunluq və tarixi məsələlərin ümumiliyi ilə ziddir. İnsanın azadlıq və ixtiyar əsasında, öz iradəsi ilə fikirləşərək, ictimai həyatda təyin olunmuş müəyyən yola malik olması, insan iradəsi və insan üzərində hakim olan zərurətdən başqa bir şey deyil.
Qanunauyğunluq və tarixi məsələlərin ümumiliyində başqa bir nöqsan var və o da tarixi bir sıra təsadüf və cüzi hadisələrin dəyişdirməsidir. Ələbttə, təsadüfü hadisələrdən məqsəd – bəzi naşı adamların fikrinə zidd olaraq – səbəbsiz hadisələr deyil, külli və ümumi səbəbdən doğmayan hadisələrdir və buna görə də onların ümumi qaydası yoxdur. Əgər ümumi qaydaları olmayan hadisələr, tarixi hərəkətlərdə mühüm rol oynasalar, tarixdə heç bir qayda-qanun, adət və cərəyan olmayacaqdır. Tarixin axınına təsir qoymuş təsadüfü hadisələrə çox misal çəkmək olar: Edvard Hakt Kar, «Tarix nədir?» adlı kitabında deyir: «(Tarixi icbara) həmlənin digər səbəbi, məşhur «Klyopatranın burnu» məsələsidir. Bu, tarixin az-çox təsadüfü hadisələrdən təşkil olunmasını güman edən bir nəzəriyyədir: Oktiun Klünaribəsinin nəticəsi, tarixlərin inkarolunmaz saydıqları səbəblərlə deyil, Antoninin Klyopatraya olan bağlılığı ilə əlaqəlidir. Bayazidin xəstəlik üzündən mərkəzi avropaya yürüşü yarımçıq qaldığı zaman, Gibon yazmışdı ki, «bəşər üzvlərindən birinin sağlam təbii vəziyyətinə yüngül bəlğəm xəstəliyinin hakim olması, millətlərin bədbəxtliyinin qarşısını ala və ya vaxtını gecikdirə bilər. Yunan padşahı İskəndər, əlini meymun dişləməklə öldükdən sonrakı təsadüf nəticəsində (1920-ci ilin payızı) bir sıra hadisələr baş verdi və Uinstan Çörçill bu hadisələri «250 min nəfər meymun dişləməsindən öldü» kimi qiymətləndirməyə məcbur oldu. Yaxud, Trotski ördək ovu zamanı qızdırma xəstəliyinə tutulur və Zinovyev, Kamenev və Stalinlə mübarizəsinin qızğın vaxtında (1923-cü ilin payızında) yatağa düşür və yazır ki, «insanlar inqilabı ya müharibəni qabaqcadan görə bilər, ancaq vəhşi ördəklərin payız ovunun nəticələrini qabaqcadan görməsi qeyri-mümkündür.»1
İslam dünyasında, axırıncı Əməvi xəlifəsi Mərvan ibni Məhəmmədin məğlubiyyəti, tarixin axarına təsadüfün təsirinin yaxşı nümunəsidir. Mərvan Abbasilərlə axırıncı döyüş zamanı, (ayaqyoluna getmək üçün) xəlvətə çəkildi. Təsadüfən oradan keçən bir düşmən əsgəri, onu görərək öldürdü. Onun ölüm xəbəri, bir anda əsgərlərin arasında yayıldı. Qabaqcadan belə bir hadisə nəzərdə tutulmadığına görə, əsgərlər özlərini itirərək qaçmağa başladılar və nəticədə, Bəni Üməyyə dövləti süqut etdi. Sonralar bu barədə deyirdilər: «Dövlət bir ayaqyoluna getməklə aradan getdi.»
Edvard Halt Kar, hər təsadüfün bir sıra səbəb və nəticə prosesini kəsən digər səbəb və nəticə prosesinin davamı olduğunu izah etdikdən sonra deyir: «Ardıcıllığın hər an, bizim fikrimizcə, heç bir aidiyyəti olmayan digər ardıcıllıq vasitəsilə qət olması baş verə-verə, necə ola bilər ki, tarixdə səbəb-nəticə ardıcıllığını kəşf edəsən?»1
Bu iradın cavabı, cəmiyyət və tarixin cəhətli təbiətə malik olub-olmamasından asılıdır. Əgər tarix, cəhətli təbiətə malik olsa, cüzi hadisələrin rolu az olacaq. Yəni, cüzi hadisələrin bəzi şeyləri dəyişdirməsinə baxmayaraq, tarixin ümumi axarına heç bir təsir etməyəcək. Ən çoxu bu axarın sürətinə təsir göstərə bilər, ancaq, əgər tarix şəxsiyyət və təbiətə və onların təyin etdiyi yola malik olmasa, tarixin müəyyən və aydın bir yolu olmayacaq və bu yolu qabaqcadan təyin etmək də çətin olacaq.
Biz tarixin təbiət və şəxsiyyətə malik olduğuna inandığımıza görə bu əqidədəyik ki, bu şəxsiyyət və təbiət öz fitrətlərinə əsasən, təkamül axtarışında olan insanların şəxsiyyətlərinin cəmindən yaranır – təsadüfi hadisələrin yolu, tarixi zəruriyyət və ümumiyyətə heç bir ziyan gətirmir.
Monteskyunun təsadüfün yolu barəsində gözəl sözü vardır: «Əgər bir müharibə təsadüfən bir dövləti dağıdarsa, söylənilən dövlətin müharibə nəticəsində dağılmasına şərait yaranmış ümumi səbəb olmuşdur.»1
O, başqa bir yerdə deyir: «İsveç padşahı 12-ci Karlın süqutuna Poltava döyşü səbəb olmadı. O, əgər Poltavada məğlub olmasaydı, başqa bir yerdə məğlub olacaqdı. Təsadüfü hadisələrin nəticələrini aradan asanlıqla qaldırmaq olur. Ancaq, şeylərin təbiətindən doğan hadisələrdən sığortalanmaq olmaz.»2
Dostları ilə paylaş: |