3. TARİXİN TƏBİƏTİ MADDİDİRMİ?
Tarixi təbiətin hansı növdən – mədəni, siyasi, iqtisadi, dini, əxlaqi və nəhayət, maddi, mənəvi və ya hər iki təbiətə malik olması, tarixə aid olan mühüm məsələlərdəndir. Bu məsələ həll olunmasa, bizim tarix haqqında anlayışımız düzgün və dəqiq olmayacaq.
Aydındır ki, bütün sayılmış maddi və mənəvi amillər tarixin yaranmasına təsir göstərir. Əsas məsələ birincilikdə, üstünlükdə və daha çox təsir göstərə bilməkdədir. Söhbət odur ki, bu amillərdən hansı tarixin əsil ruhunu və həqiqi şəxsiyyətini təşkil edir? Amillərdən hansı biri o birilərini izah edə bilər? Hansı amil bazis və hansıları üstqurumdur?
Adətən nəzər sahibləri, tarixi bir-birindən müstəqil və müxtəlif mühərrikləri olan maşına bənzədirlər. Yəni, onlar tarixi bir neçə təbiətli hesab edirlər. Ancaq, əgər tarixi çox mühərrikli və çox təbiətli saysaq, təkamül və onun tarixi gedişatının aqibəti necə olacaq? Ola bilməz ki, bir neçə mühərrik – onların hər biri bir növ hərəkət yaradır və tarixi müəyyən cəhətə yönəldir – tarix üzərində hakim olsun və tarix, yalnız müəyyən bir təkamül yolunu gedə bilsin. Bu, yalnız tarixin ruhuna malik olması və həmin ruhun da, bu amilləri özünə tabe edərək tarixi müəyyən cəhətə yönəltməsi şərti ilə mümkündür. Elə həmin ruh, təbiətin həqiqi şəxsiyyətini təşkil edir. Ancaq, bu da özü-özlüyündə tarixin tək təbiətli olması deməkdir. Tarixin təbiəti, tarixin ruhu adlandırılan amildir.
Bizim əsrdə, özünə çoxlu tərəfdar toplamış və «tarixi materializm» və ya «dialektik materializm» adı ilə məşhur olan nəzəriyyə meydana çıxmışdır. Tarixi materializm, iqtisad və ya tarixin insani anlamı olmadan, tarixi və insani iqtisadın anlamıdır. Başqa sözlə, tarixi materializm tarixin maddi mahiyyəti və dialektik vücudu olması deməkdir.
Maddi mahiyyətin mənası, bütün hərəkətlərin, inqilab və tarixi hadisələrin səbəbini həmin cəmiyyətlərin iqtisadi quruluşunda olmasını qəbul etməkdir. Yəni, həmin cəmiyyətin maddi istehsal qüvvələri, həmin cəmiyyətin istehsal əlaqələri və istehsalın şəraiti bütün ictimai-mənəvi göstəricilərini – əxlaq, elm, fəlsəfə, din, qanun və mədəniyyət – formalaşdırır və özünü dəyişməklə onları da dəyişdirir. Ancaq tarixin vücudunun dialektik olması o deməkdir ki, tarixin təkamül hərəkətləri, dialektik hərəkətlərdir. Yəni bir sıra dialektik təzadların – özü də bu təzadlar bir-birinə bağlıdır – nəticəsidir. Qeyri-dialektik təzadla fərqi olan dialektik təzadda, hər reaksiya öz daxilində özünün antireaksiyasını yaradır və bu daxili təzadların nəticəsində baş verən bir sıra dəyişikliklərdən sonra, geniş surətli dəyişikliklər birlikdə daha ali formaya keçir.
Deməli, tarixi materializm iki məsələni təzmin edir: Birincisi, tarixin şəxsiyyətinin maddi olmasını, ikincisi isə, onun hərəkətlərinin dialektik olmasını. Biz hal-hazırda birinci məsələni müzakirə etmək istəyirik və ikinci məsələnin izahını növbəti fəslə – yəni, tarixin təkamül və vəziyyətinin dəyişməsini araşdıracağımız fəslə saxlayırıq.
«Tarixi şəxsiyyətin maddiliyi» nəzəriyyəsi, bir sıra fəlsəfi, psixoloji, sosioloji və ideoloji prinsiplərdən qaynaqlanır. Biz bu əhəmiyyətli mətləbin aydınlaşması üçün – xüsusilə nəzərə alsaq ki, bəzi müsəlman ziyalılar iddia edirlər ki, «islam, fəlsəfi maddiliyi rədd etməsinə baxmayaraq, tarixi maddiliyi qəbul edir» və öz nəzəriyyələrini də bu əsasda qururlar – bir az geniş izah verməyi lazım bilirik. Buna görə də bu nəzəriyyənin köklərinə, əsas üsul və prinsiplərinə diqqət edərək onun nəticələrini şərh etdikdən sonra həmin nəzəriyyənin özünü elmi və islami nöqteyi-nəzərdən də araşdıracağıq.
Dostları ilə paylaş: |