5. MƏDƏNİ İNKİŞAFIN AZADLIĞI
Tarixi materializmə əsasən, cəmiyyətin mədəni və elmi qurumları da, sair qruplar kimi – məsələn, siyasi, dini və s. – iqtisadi quruma bağlıdır və müstəqil inkişaf edə bilməz. İstehsal vasitələri və iqtisadi bazis inkişaf etdikcə, elm də inkişaf edir.
Əvvəla bilirik ki, insan olmadan istehsal vasitələri, öz-özünə inkişaf etmir. İstehsal alətləri, insan və təbiətin əlaqələri və insanın axtarışları nəticəsində inkişaf edir. İstehsal vasitələrinin təkamül və inkişafı, insanın elmi və texniki inkişafına bağlıdır. Söhbət onların hansının daha öncül və mühüm olmasıdır. Görəsən insan əvvəl kəşf edir və ondan istifadə edərək sənaye yaradır, yoxsa əvvəl sənaye yaranır və sonra insan kəşflər edir? Şübhəsiz ki, birinci doğrudur.
Aydındır ki, elmi qanunların kəşfi və texnoloji üsullar insanın təbiətlə təcrübi və axtarıcı əlaqəsindən yaranır və əgər insan təbiətlə əlaqə yaratmazsa, axtarış aparmazsa və təcrübə etməzsə, təbiət qanunlarından heç birini kəşf edə bilməyəcək. Əsas məsələ bu deyil. İş orasındadır ki, görəsən təcrübə və axtarışdan sonra, insan ilk öncə öz daxilində inkişaf edir və sonra, texnoloji alətləri yaradır, yoxsa məsələ əksinədir? Şübhəsiz, birinci düzgündür.
Bundan başqa təkamül və ya inkişaf ifadəsi, insana aid olduqda həqiqi, texnoloji və isthesal vasitələrinə aid olduqda isə, məcazi məna daşıyır. Həqiqi təkamül və inkişaf, olayın daxili mərhələdən çıxaraq, daha ali mərhələyə çatdığı zaman baş verir. Ancaq məcazi inkişaf olayın dəyişmədiyini, sadəcə olaraq məhv olduğunu və digər olayın, onun yerini tutduğunu bildirir. Məsələn, körpə böyüdükdə, həqiqi təkamül və inkişaf baş verir. Ancaq sinifdə bir müəllim dərs keçərsə və sonra, onun yerinə daha savadlı müəllim gəlirsə, burada sinifin müəllim vəziyyəti dəyişir və məcazi inkişaf baş verir. Texniki inkişaf prosesində insanın inkişafı həqiqidir. Həqiqətən də insan, ruhi cəhətdən təkmilləşir. Ancaq sənayenin təkamülü – hər il yeni modelləri çıxan avtomobil kimi – məcazi təkamüldür. Yəni keçən ilki avtomobil təkmilləşib, sadəcə istehsaldan çıxarılıb və onun yerinə, sair modellər gəlib. Başqa sözlə, naqis fərd məhv olmuş və onun yerinə kamil bir fərd keçmişdir. Həqiqi və məcazi təkamülün çiyin-çiyinə qərarlaşdığı yerdə şübhə yoxdur ki, həqiqi təkamül əsas və məcazi təkamül isə ikinci dərəcəlidir.
Bu, texnoloji elmlər barəsindədir. Sair elmlərdə – məsələn, tibb, psixologiya, sosiologiya, məntiq, riyaziyyat və s. – heç bir vəchlə bu növ bağlılığı təsdiq etmək olmaz. Elmlərin inkişafı, iqtisadi və maddi vəziyyətin ona bağlı olduğu qədər də, iqtisadi və maddi vəziyyətə bağlıdır. K.Şmulerin marksizm əleyhinə dediyi kimi: «Yəqindir ki, iqtisadi və maddi vəziyyət mədəniyyətin daha gözəl tərənnümünün əsas şərtidir. Lakin bu da danılmaz bir məsələdir ki, mənəvi həyat müstəqil inkişafa malikdir.»1
Əgər, Oqust Kontun söyləməsindəki nöqsanı (o, bəşəri və insanlığı zehndə – zehni isə, insanın insani istedadlarında və bəşər mənəviyyatının yarısıdır – xülasələşdirir) aradan götürsək, onun ictimai təkamül barəsindəki nəzəriyyəsi, Marksın nəzəriyyəsindən daha qiymətlidir.
Oqust Kont iddia edir ki, «ictimai nişanələr dəqiq, elmi icbara tabedir və bəşər cəmiyyətinin, bəşər zehninin tərəqqisinin əlaqələri altında, qaçılmaz dəyişiklik formasında baş verir və gözə görünür.»2
Dostları ilə paylaş: |