İSLAM VƏ TARİXİ MATERİALİZM
İslam, tarixi materializmi qəbul edirmi? Quran məntiqi, misal çəkdiyi tarixi hadisələrin təhlilində tarixi materializmə əsaslanırmı? Bir qrup alim belə fikirləşir və iddia edirlər ki, bu təfəkkür ən azı Marksdan min il öncə, Məhəmməd (s) Quranında tarixin təhlili üçün özül və mənbə olmuşdur. Doktor Əliverdi – məşhur İran alimi – də, onlardan biridir. Bəlkə də o, bu məsələni bəyan etmiş ilk şəxsdir. Bu gün bir qrup müsəlman alimləri arasında bu növ tarixi təhlil, dəb şəklini alaraq ziyalılıq hesab olunur.
Ancaq bizim nəzərimizcə, bu cür fikirləşən şəxslər ya islamı, ya tarixi materializmi və yaxud da heç birini düzgün dərk etmirlər. Tarixi materializmin beş mənbə və altı nəticəsinə diqqət yetirmək, islam məntiqini bilən şəxslərə kifayət edir ki, islam məntiqi və tarixi materializmin bir-birinə zidd iki qütbdə yerləşdiyini anlasın.
Tarix və cəmiyyət barəsində bu növ düşüncənin və xüsusilə də, ona yalançı islami rəng verildikdə və islami etibar möhürü vurulduqda, islami düşüncə və mədəniyyət üçün böyük təhlükə olduğunu nəzərə alaraq, lazım bilirik ki, bu anlaşılmazlıqları yaradan və ya onlar üçün mənbə ola biləcək məsələləri aydınlaşdıraq.
Bu nöqtəni də xatırladırıq ki, bizim burada həmin məsələlər barəsində söylədiklərimiz, onların bu barədə dediklərindən daha genişdir. Onlar bu barədə bir neçə ayə və hədis gətirməklə kifayətlənirlər. Ancaq biz, onların toxunmadığı və dəlil ola biləcək digər məsələləri də gətirərək bu barədə geniş bir bəhs açacağıq.
Dostları ilə paylaş: |