İRAD VƏ TƏNQİDLƏR
Tarixi materializmin Quran baxımından sübutu üçün deyilən şeylər, ya kökündən səhvdir və yaxud da düzdür, sadəcə olaraq alınan nəticə düzgün deyildir. Əvvəldə qeyd olunan dəlilləri bir-bir araşdıraq.
Birincisi, Quranın cəmiyyəti iki qütbə – maddi və iki mənəvi qütbə bölməsi və bu iki qütbün bir-birinə uyğun olması sözləri düzgün deyildir. Yəni Quran baxımından kafir, müşrik, münafiq və fasiqlərin zalım və istismarçı sinfə, mömin, saleh, təkallahlı və şəhidlərin isə məhrum və məzlum sinfə aid edilməsi və hər ikisinin mövqeyini materializmin əsaslarını təşkil edən bazislə uyğunlaşdırması ağ yalandır. Quranda bu iki təbəqənin uyğunluğu deyil, uyğunsuzluğundan söz açılır.
Quran öz tarixi dərslərində, istismarçılar və hakim təbəqədən çıxmış və həmin təbəqənin əleyhinə mübarizə aparan möminlərdən söhbət edir. Ali-firon qövmünün mömininləri – onun barəsində, Quranın Mömin surəsində söz açılır – bu qəbildəndir. Fironun həyat yoldaşı və onun bəhrələndiyi nemətlərdən istifadə edən qadın da onun kimidir. Quranda onun haqqında da söhbət açılıb.1
Quran bir neçə yerdə həyacanlı şəkildə Fironun sehrbazlığından söz açır və göstərir ki, bəşərin haqq axtaran və həqiqət aşiqi olan fitri vicdanı haqq və həqiqətlə üzləşdikdə yalan və zülmün əleyhinə qalxır, öz mənafeyinə arxa çevirir və hətta Fironun təhdidindən də – sizin hamınızı, bir qolunuz və bir ayağınız kəsilmiş halda dar ağacından asacağam deməsindən – qorxmurlar.
Musa (ə) qiyamı – Quranın söylədiyinə əsasən – tarixi materializmi inkar edən qiyamdır. Doğrudur ki, Musa da yəhudidir və nəsil etibari ilə Ali-firondan deyil, Bəni-israil nəslindəndir, ancaq Musa (ə) körpəlikdən Fironun evində böyüyüb və bir şahzadə kimi tərbiyə olunub. O həzrət, Firon rejiminə qarşı – halbuki, bu rejimdə yaşayır və ondan bəhrələnirdi – üsyan etdi və onu tərk edərək, çobanlığı şahzadəlikdən üstün tutdu və nəticədə, peyğəmbərliyə layiq görüldü və rəsmi olaraq Fironla mübarizəyə başladı.
Rəsuli-əkrəm (s) körpəlikdən yetim qalmış və cavanlıq dövründə də kasıb olmuşdur. Xədicə ilə evləndikdən sonra var-dövlətə çatdı. Quran bu nöqtəyə işarə edir: «Məgər o səni yetim ikən tapıb sığınacaq vermədimi?! Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!» (Züha, 6 və 8-ci ayələr).
Məhz həmin rifah dövründə ibadətlə məşğul olmağa və xəlvətə çəkilməyə başladı. Tarixi materializm prinsipinə əsasən Rəsuli-əkrəm (s) bu dövrdə mühafizəkar və mövcud rejimin qalmasını istəyən şəxsə çevrilməli idi. Ancaq həmin dövrdə, inqilabi peyğəmbərlik başladı və varlılar, sələmçilər və Məkkə quldurları əleyhinə mübarizəyə qalxdı və həmin yaşayışın simvolu olan bütpərəstlik əleyhinə üsyan etdi.
Möminlər, müvəhhidlər və inqilabçıların hamısı zəif və məzlum təbəqədən olmadığı kimi, – Peyğəmbər pak fitrətləri və az aludə olmuş şəxsləri, istismarçı təbəqə içindən seçir və onları özlərinə (tövbə) və öz təbəqələrinə (inqilab) qarşı təşviq edirdi – zəif təbəqənin də hamısı möminlər və inqilabçılar qrupuna aid deyil. Quran müxtəlif səhnələri misal çəkir və həmin səhnələrdə məzlumların bəzi qruplarını tənqid və kafir qruplardan hesab edərək, onları ilahi əzaba layiq bilir.1
Deməli, nə bütün möminlər zəif təbəqədəndirlər və nə də bütün zəiflər möminlər sinfinə aiddir. Bu iddia puç bir şeydir. Əlbəttə şəksiz, həmişə peyğəmbərlərə qoşulan təbəqənin əksəriyyətini zəiflər və ən azı, istismarçı olmayan təbəqə təşkil edir və peyğəmbərlərə müxalif qrupun əksəriyyəti isə, istismarçılar olurdular. Amma bütün bunlarla yanaşı, bir şeyə diqqət yetirmək lazımdır ki, ilahi vəhyi qəbul etmək üçün zəminə yaradan insan fitrəti hamıda vardır, istismarçı və israfçı təbəqə böyük maniyəyə düçar olub və bu maneə, mövcud vəziyyətə adət etmə və aludəlikdir. Həmin təbəqə, gərək aludəlik yükü altından çıxaraq özünü azad etsin və bu da çox az adama nəsib olur. Ancaq zəif təbəqənin qarşısında, bu maneə yoxdur. Əksinə o, öz fitrətinin çağırışına cavab verməkdən əlavə, öz itirilmiş hüququnu da bərpa etməyə nail olur. Onun üçün iman əhlinə qoşulmaq həm tamaşadır, həm də xoş gələcəyə ümidlə yanaşmaq. Məhz buna görə də, peyğəmbərlərə qoşulanların əksəriyyəti kasıblardan və çox az hissəsi başqa təbəqələrdəndir. Ancaq uyğunluq məsələsi məhz puç bir şeydir.
Tarix barəsində Quranın əsasları, tarixi materializmin əsasları ilə fərqlidir. Quran baxımından ruh əsildir və maddənin ruh üzərində heç bir üstünlüyü yoxdur. Mənəvi ehtiyaclar və insan bədənindəki mənəvi tələbatlar daha mühümdür və maddi ehtiyaclara bağlılığı yoxdur. Həmçinin düşünücə əmək bərabərində daha mühümdür. İnsanın psixoloji və fitri şəxsiyyəti onun ictimai şəxsiyyətindən daha öncül və mühümdür.
Quran, fitrətin mühümlüyünə və hər bir insanın – hətta Firon kimi zalımların da – daxilində zəncirlənmiş bir insanın olduğuna əmin olduğu üçün, hətta ən zalım adam üçün də həqiqətə tərəf hərəkət etmək imkanı yaratmışdır. Elə bu səbəbdən də, Allahın peyğəmbərləri ilk növbədə zülmkarların islahına çalışmaq üçün göndərilmişlər. Bu yolla zəncirlənmiş insan fitrəti azad olunmalı və onların batini şəxsiyyəti, ictimai və mənfi şəxsiyyətlərinin əleyhinə təşviq edilməlidir. Məlum olduğu kimi, bir çox hallarda bu müvəffəqiyyət baş verib və onun adına «tövbə» deyilir.
Musa (ə) öz peyğəmbərliyinin ilk dövründə Fironun hüzuruna getmək, onun fitrətini oyatmaq və bu iş baş tutmadıqda isə, onunla mübarizəyə başlamaq göstərişi alır. Musanın nəzərində, Firon öz batini insaniyyətini zəncirləyib və buna görə də ətrafında olan insanları əsir edir. Musa ilk növbədə, Fironun daxilindəki əsiri Firon əleyhinə qaldırmaq istəyir və əslində, Fironun həqiqi varlığını – ən azı o, yarım insandır – ictimai firon əleyhinə – yəni, cəmiyyətdə formalaşmış firon – həvəsləndirməlidir.1
Quran hidayət, irşad, moizə və məntiqi isbata lazımi qiymət verir. Quranın fikrincə, bunlar insanı dəyişdirib və onun həyat yolunu əvəz edə bilər. Onun dixilində inqilab yaradıb şəxsiyyətini ucalda bilər. Quran, ideologiya və düşüncəni məhdud hesab etmir. Əksinə, marksizm və materializm, hidayət və bəndəçiliyin rolunu məcazi təbəqənin həqiqi təbəqəyə çevrilməsi ilə məhdudlaşdırır – yəni təbəqələrarası ziddiyətlərin özünüdərketməyə daxil olunması ilə.
Dostları ilə paylaş: |