2017-ci ilin 9 ayında Mingəçevir şəhərinin sosial-iqtisadi
inkişafı və qarşıda duran vəzifələr
Hörmətli Şura üzvləri !
Hörmətli müşavirə iştirakçıları!
Məlum olduğu kimi 2017-ci il oktyabr ayının 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin doqquz ayında ölkənin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. Dövlət başçısı iclasda etdiyi giriş nitqində ölkəmizin dinamik inkişaf etdiyini və ilin ötən doqquz ayında nəzərdə tutulan bütün proqramların uğurla icra olunduğunu qeyd etdi. Vurğulandı ki, qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb, bu isə aparılan islahatların göstəricisi olmaqla yanaşı, iqtisadiyyatın şaxələnməsi məsələlərinin öz həllini tapmasıdır. Kənd Təsərrüfatı sahəsində artım 2,8 faiz, xarici təsərrüfat dövriyyəsində 7 faiz olmuşdur.
Ölkə rəhbəri xüsusi qeyd etmişdir ki, valyuta ehtiyatlarından qənaətlə istifadə olunması, investisiya proqramlarının düzgün təhlili nəticəsində 9 ayda valyuta ehtiyatlarının 4,5 milyard dollar artaraq 42 milyard dollara çatdırılması təmin edilmişdir.
Təhlil göstərir ki, ölkə iqtisadiyyatında əldə olunmuş yüksək nailiyyətlər şəhərimizin də inkişafına öz müsbət təsirini göstərir. Ötən 9 ayda şəhər üzrə ümumi məhsul buraxılışı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 42,9 faiz artaraq 350 milyon manat, o cümlədən sənaye məhsulu istehsalı 77 faiz artaraq 250 milyon manat təşkil etmişdir.
Tikinti sektorunda əsas kapitala yönələn investisiya 28,8 milyon manat olmuş, aparılan tikinti quraşdırma işlərinə 24,2 milyon manat vəsait xərclənmişdir. İlin əvvəlindən nəqliyyat sahəsində 3,3 milyon manatlıq, rabitə müəssisələrində 1,0 milyon manatlıq xidmət göstərilmiş, əhaliyə 218 milyon manatlıq istehlak məhsulları satılmışdır.
Qeyd olunan rəqəmlərdən göründüyü kimi şəhərimizdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində iqtisadi və sosial sahələrdə təsirli irəliləyiş müşahidə olunmuş, görülən tikinti, abadlıq və quruculuq işləri geniş vüsət almışdır.
Ölkə rəhbərinin tapşırığına əsasən Mingəçevir şəhərində inşa edilən Sənaye Parkında və “Asan Həyat”ın inzibati binasında tikinti quruculuq işləri sürətlə davam edir və görüləsi işlərin əsas mərhələsi yekunlaşmaq üzrədir. Şəhərin küçə və məhəllədaxili ərazilərində ötən 9 ayda ümumilikdə 45 min kvadrat metr sahəyə yeni asfalt örtük salınmış, 9 min metr uzunluğunda səki daşları düzülmüş, 7 min kvadrat metr sahəyə dekorativ tamet döşənmişdir. Hündür mərtəbəli 7 binanın dam örtüyünün əsaslı təmirinə 6,7 min kvadrat metr metal kirəmit işlənmişdir. Axundov və Səməd Vurğun küçələrində yerləşən yaşayış binalarının fasadlarının və ümumi istifadə yerlərinin əsaslı təmiri davam edir.
Dövlət Proqramında bilavasitə şəhərimizə aid bəndlər uğurla icra olunur. Yaşayış məntəqələrinin elektrik enerjisi, qaz, su və kanalizasiya sistemlərinin bərpası və yenidən qurulması istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər davam etmişdir.
Bu ilin doqquz ayında istehsal olunmuş sənaye məhsulunun 95 faizi elektrik enerjisi istehsal edən Azərbaycan İstilik Elektrik Stansiyası və Su Elektrik Stansiyası Silsiləsi MMC-lərin payına düşür. 9 ayda bu stansiyalarda ümumilikdə 6,8 milyard kilovat saat elektrik enerjisi istehsal olunmuşdur. Ötən aylarda “Az.İES” MMC-də payız-qış mövsümünə hazırlıqla bağlı 6-cı enerji bloku əsaslı təmir olunmuş, 8-ci enerji blokda əsaslı təmir, 1-ci enerji blokda cari təmir işləri davam edir.
“SES Silsiləsi” MMC-də 2 nömrəli hidroaqreqat əsaslı təmir olunmuş, 3 hidroaqreqatda cari təmir işləri aparılmış, 3 ədəd güc transformatoru, 2 ədəd avtotransformatorlar dəyişdirilmişdir.
9 ayın yekunu üzrə “Azneftemaş”, “Mingəçevir İzolit” ASC-lər, “Akkord” Mingəçevir Maşınqayırma zavodu MMC sabit iş rejimində işləmişlər.
Hesabat dövründə əhalinin sosial problemləri daim diqqət mərkəzində olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şəhər şöbəsində hazırda 18068 nəfər pensiyaçı və 480 ünvanlı sosial yardım alan ailə qeydiyyatdadır. 9 ayın yekunu üzrə pensiya, müavinət və yardımlar vaxtında ödənilmişdir.
İlin əvvəlindən şəhər Məşğulluq Mərkəzinə 2015 nəfər iş axtaran sakin müraciət etmiş, onlardan 672 nəfəri ixtisasına, peşəsinə uyğun işlə təmin edilmiş, 180 nəfərə işsizliyə görə müavinət təyin edilmişdir.
Təhlil göstərir ki, 9 ayın yekunu üzrə yerli gəlirlər 14,3 milyon manat, xərclər 12 milyon manat icra olunmuşdur.
2017-ci ilin 9 ayında şəhərin kommunal xidmət təşkilatları şəhərdə aparılan abadıq və quruculuq işlərində yaxından iştirak etməklə yanaşı öhdələrinə düşən vəzifələri uğurla icra etmişlər.
9 ay ərzində “Mərkəzi Aran” RETSİ-nin Şəhər Elektrik Şəbəkəsi tərəfindən müxtəlif ünvanlarda 15 min metr SİP kabel xətti, 8,5 min metr açıq naqil çəkilmişdir. Müxtəlif xətlərdə 79 ədəd yeni dəmir - beton dayaqlar basdırılmış, 193 ədəd izolyator quraşdırılmışdır. Əhalinin istehlak etdiyi elektrik enerjisinin haqqı tam ödənilmişdir.
Su kanal idarəsi tərəfindən 9 ay ərzində köhnə su şəbəkəsində baş vermiş 3200 qəza aradan qaldırılaraq müxtəlif diametrli 301 p.m. su xətti, 78 ədəd ventil və 1 ədəd siyirtmə dəyişdirilmiş, 31 ədəd siyirtmə təmir olunmuşdur. Şəhərin sağ sahil yaşayış massivində 39 yaşayış binasındakı mənzillərə yeni şəbəkədən su verilmişdir. Abonentlərə cəmi 8148 ədəd su sayğacı quraşdırılmışdır. Kanalizasiya şəbəkəsində 4100 qəza halı aradan qaldırılmış, 500 ədəd nəzarət-baxış quyusu və kanalizasiya xətləri lildən, məişət tullantılarından təmizlənmiş, 6 ədəd kanalizasiya quyusu təmir edilmişdir. Su- kanalizasiya xidmətlərinə görə ödəniş əhali üzrə 85,1 % təşkil etmişdir.
Qaz İstismar Xidməti tərəfindən hesabat dövründə müxtəlif diametrli 2337 p.m. qaz xətti çəkilmiş, 15 ədəd yeni şkaf tipli qaztəmizləyici məntəqə quraşdırılmış, 1315 ədəd qaz sayğacı, 140 ədəd fərdi tənzimləyici yenilənmişdir.
Hesabat dövründə güzəştsiz əhali sektorunun ödənişi 102 % təmin edilmişdir.
Lakin qeyd olunmalıdır ki, hələ də əhalinin fasiləsiz, keyfiyyətli elektrik enerjisi və qazla təminatında, eləcə də əhaliyə göstərilən su-kanalizasiya xidmətində müəyyən nöqsanlar vardır.
Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi tərəfindən yarım il ərzində 3833 ədəd müxtəlif növ ağac tingləri, 1500 ədəd həmişəyaşıl kol əkilmiş, parklarda 370 p.m. suvarma xətləri çəkilmiş, 1300 p.m.rezin boru alınmışdır.
Vətəndaşların müraciəti əsasında 82 ədəd qurumuş ağac kəsilmiş, 52 ədəd təhlükə törədən ağac budanmışdır.
Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhərin sel sularından mühafizə kanalının 7600 m-lik hissəsi, Samux küçəsində köməkçi sel-su kanalının 2550 m-lik hissəsi təmizlənmiş, 245 p.m. müxtəlif diametrli yeraltı yağış sularını ötürən sel-su xətləri çəkilmiş, 7 ədəd yeni baxış quyusu və 4 dəst quyu qapaqları quraşdırılmışdır.
“İşıqlanma” idarəsi tərəfindən 568 km uzunluqda işıqlanma sisteminə və 8680 ədəd işıq nöqtəsinə xidmət edilməklə yanaşı ötən dövrdə 3882 ədəd yeni lampa salınmış, 16 km kabel dəyişdirilmişdir.
İstilik Sistemlərinin İstismar Sahəsi tərəfindən 6 qazanxana vasitəsi ilə təhsil, səhiyyə və digər sosial obyektlərə və yaşayış binalarına qrafikə uyğun istilik enerjisi verilmiş, o cümlədən məcburi köçkün şəhərciyində 1098 mənzilin və digər sosial obyektlərin istiliklə və isti su ilə təchizatı təmin edilmişdir.
Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsi tərəfindən 2017-ci ilin hesabat dövründə 54 şifer, 66 yumşaq dam örtüklü binalarda cari təmir işləri aparılmış, 141 binanın tüstü və havaçəkən boruları, 56 binanın yağışötürücü boruları təmizlənmiş və 19 binanın isə yağışötürücü boruları cari təmir olunmuşdur.
Hesabat dövründə məhəllələrdə 250 ədəddən çox müxtəlif növ ağac tingi əkilmişdir. 64 binanın qarşısında budanma işləri aparılmışdır.
Cari ilin 9 ayı ərzində Mənzil Kommunal Təsərrüfatı Kombinatının xidməti ərazisində 9 yaşayış evinin 360 kv.metr yumşaq dam örtüyü cari təmir edilmiş, əhalinin isti su ilə təchizatının yaxşılaşdırılması üçün müxtəlif diametrli 134 p/m yararsız boru yenisi ilə əvəz edilmişdir.
İnzibati ərazidə 1100 ədədə yaxın ağac əkilmiş və C.Əliyev küçəsində yeni istirahət parkı sakinlərin istifadəsinə verilmişdir.
Liftlərin Quraşdırılması, Təmiri və Xidməti İdarəsi yüksək mərtəbəli evlərdəki 48 ədəd sərnişin liftinə texniki xidmət və təmir işlərini yerinə yetirmiş, 1277 nəfər yaşayışçıya lift xidməti göstərmişdir. Hal-hazırda liftlərin hamısı işlək vəziyyətdədir.
8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən 2017-ci ilin 9 ayı ərzində 74 akt və 36 protokol tərtib edilmişdir. 9 ay ərzində aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar 36 iş üzrə 9400 manat məbləğində cərimə tətbiq edilmişdir. İlin əvvəlindən “Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu”na 23547,57 manat vəsait köçürülmüşdür. Hesab edilir ki, şöbə işini daha da fəallaşdırmalı, ətraf mühitin mühafizəsi istiqamətində daha ciddi çalışmalıdır.
Hal-hazırda Mingəçevir şəhərində doğma yurd-yuvalarından didərgin düşmüş 5426 məcburi köçkün ailəsi (20386 nəfər) məskunlaşmışdır. Onlar yataqxanalarda, mehmanxanalarda, tikintisi yarımçıq qalmış müxtəlif binalarda, idarə, müəssisə və təşkilatların inzibati binalarında, mədəniyyət və səhiyyə müəssisələrində, 3 məcburi köçkün qəsəbəsində məskunlaşmışlar. Sosial-məişət problemlərinin həlli istiqamətində şəhər rəhbərliyi məcburi köçkünlərin məskunlaşdıqları tikililərin dam örtüklərinin təmirində, su ilə təchizatında, kanalizasiya xətlərinin təmirində yaranmış problemlərin həllində imkan daxilində köməkliklər göstərir.
Şəhər rəhbərinin müraciətləri nəticəsində “Dövlətqaçqınkom” tərəfindən məcburi köçkünlərin kompakt yaşayış yerlərində mütəmadi əsaslı təmir işləri aparılır. Bu il məcburi köçkünlərin məskunlaşdıqları “Mingəçevir-İzolit” ASC-nin yardımçı təsərrüfatındakı tikililərin, sağ sahildəki hamam binasının, 5 N-li DBM zavodunun ərazisindəki binaların bir hissəsində, “Şüşə-lifi” ASC-nin yardımçı təsərrüfatındakı bir binada dam örtükləri əsaslı təmir olunmuşdur. Hal-hazırda 412 mənzilli “Yeni həyat” qəsəbəsində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun xətti ilə drenaj sistemlərinin yenidən qurulması və bərpası işləri aparılır.
2017-ci ilin 9 ayında təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrinin inkişafına, onların maddi-texniki bazasının genişləndirilməsinə lazımi diqqət yetirilmiş, müvafiq tədbirlər görülmüşdür.
Bu il XI sinifləri 802 nəfər bitirmiş, buraxılış imtahanlarında 788 şagird iştirak etmiş, onlardan 654 nəfəri imtahanı müvəffəqiyyətlə vermişdir. XI sinfi bitirərək attestat alanlardan 585 nəfəri ali məktəbə qəbul üçün sənəd vermiş, onlardan 426 nəfəri tələbə adına layiq görülmüşdür.
IX sinifi 982 şagird bitirmiş, imtahanda 974 nəfər iştirak etmiş, 524 nəfər imtahanlarda müsbət nəticə göstərmişdir.
Hesabat dövründə fənn olimpiadalarının finalında iştirak edən 18 nəfərdən 10-u qalib gələrək 1 qızıl, 4 gümüş, 5 bürünc medal qazanmışlar.
Respublika üzrə keçirilən Fənn müsabiqəsində Mingəçevir məktəblilərinin komandası I yerə, Təhsil Nazirliyi tərəfindən keçirilən “Heydər Əliyev-94” təqdimat müsabiqəsində Təbiət Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin 9-cu sinif şagirdi Rauf Şirinov I yerə layiq görülmüşdür.
Aprel ayında keçirilən “Müəllimlərin Diaqnostiq Qiymətləndirilməsi”ndə 1213 müəllim iştirak etmiş, onların 42%-i respublika üzrə yüksək nəticə göstərmişlər.
Azərbaycan Respublikası Prezidentinin 28.12.2016-ci il tarixli Fərmanına əsasən Mingəçevir şəhərində İcbari Tibbi Sığortanın tətbiqinə başlanılmışdır.
Hesabat dövründə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının maddi texniki bazası gücləndirilmiş, yeni “Bekman” markalı analizatorlardan ibarət labaratoriya yaradılmışdır. May ayından xəstəxanada laporoskopik əməliyyatlar yerinə yetirilir.
Az.ÍES yaşayış massivində 2 saylı poliklinika əsaslı təmir edilmiş və onun nəzdində Ailə Sağlamlıq Mərkəzi yaradılmışdır. İcbari tibbi sığortanın tətbiq olunması ilə əlaqədar həkimlərin əmək haqqı 3 dəfə, tibb bacılarınınkı 2 dəfə, kiçik tibb işçilərininki 1 dəfə artırılmışdır.
Fevral, may aylarında ölkə Prezidentinin tapşırığına əsasən 3 tibbi məntəqədə 79760 nəfər şəhər sakini tibbi müayinədən keçirilmişdir.
Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hesabat dövründə Polis şöbəsi ilə birgə reydlər keçirilmiş, ərazidə qanunsuz sanitar normalara uyğun olmayan şirəli-qazlı su satışı məntəqələri aşkarlanmış və fəaliyyətlərinə qadağa qoyulmuş, malyariya əleyhinə profilaktik tədbirlər aparmaq üçün tədbirlər görülmüşdür.
Bununla belə GEM rəhbərliyi İctimai iaşə, ticarət və xidmət sahələrinin işinə nəzarəti gücləndirməli, sanitar maarifləndirmə işlərini genişləndirməli, onların dövrü tibbi müayinəyə cəlb olunmasını təşkil etməlidir.
Hesabat dövründə Baytarlıq İdarəsi, Dezinfeksiya stansiyası və Taun Əleyhinə şöbə öz işlərini qanunvericiliyə və təsdiq olunmuş profilaktiki tədbirlərə uyğun qurmuşlar. Lakin görülən işlərin kəmiyyəti və keyfiyyəti artırılmalıdır.
Cari ilin 9 ayında Bərdə regional Mədəniyyət və Turizm İdarəsinin Mingəçevir şəhər nümayəndəliyi tərəfindən mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni avadanlıqlarla təchizatı, binaların təmiri sahəsində müəyyən işlər görülmüşdür. Nümayəndəliyə tövsiyə olunur ki, əhaliyə göstərilən mədəni xidmətlərin daha cəlbedici olmasına diqqət artırılsın.
Gənclər arasında idmanın geniş yayılması, yarışların keçirilməsi sahəsində bir sıra işlər görülmüş, nailiyyətlər əldə olunmuşdur. Hesabat dövründə Gənclər və İdman İdarəsinin nəzdindəki idman məktəblərinin yetirmələri bir sıra uğurlar qazanmışlar. Ümumilikdə müxtəlif idman növləri üzrə ötən müddətdə 15 qızıl, 10 gümüş, 12 bürünc medal qazanılmışdır.
2017-ci ilin 9 ayında Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın 19 iclası keçirilmiş, 28 məsələyə baxılmışdır. Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən keçirilmiş 30 rəsmi qəbulda 323 vətəndaş qəbul olunmuşdur. Müxtəlif yaşayış sahələrində keçirilən 31 səyyari görüşdə 3012 nəfər iştirak etmiş, 257 müraciət dinlənilmişdir. Müraciətlər əsasən mənzil-məişət problemlərinin həlli ilə bağlı olmuşdur.
Təhlil göstərir ki, şəhərdə son illər aparılmış geniş quruculuq və bərpa işləri ilə yanaşı əhalini narahat edən bir sıra problemlər qalmaqdadır. Qəbul və görüşlərdə olan müraciətlər əsasən dam örtüklərinin təmiri, məhəllə daxili abadlıq işləri, istilik sisteminin bərpası, işlə təmin olunma və sair məsələləri əhatə edir.
Qeyd olunan və əhalini narahat edən digər problemlər şəhər İcra Hakimiyyətinin nəzarətindədir və onların həlli istiqamətində tədbirlər görülür.
Bu ilin 9 ayının yekunu göstərir ki, şəhərdə aparılan abadlıq, quruculuq işləri uğurla davam edir. Əhalini narahat edən kommunal və digər problemlər ardıcıllıqla həll olunur və aradan qaldırılır.
Hesab edirik ki, bu günkü müzakirə 2017-ci ilin uğurla yekunlaşması üçün əlavə zəmin yaradacaqdır.
Diqqətinizə görə sağ olun!
Dostları ilə paylaş: |