Cəmiyyətlə hökumət arasında birbaşa dialoq



Yüklə 12.72 Kb.
tarix22.06.2018
ölçüsü12.72 Kb.

Cəmiyyətlə hökumət arasında birbaşa dialoq

“Elektron hökumət” dövlətlə müraciət edənlər arasında şəxsi qarşılıqlı əlaqənin minimuma endirilməsi və informasiya texnologiyalarından mümkün olduqca daha çox istifadə olunmasını nəzərdə tutur. Bu halda vətəndaşlar, biznes, dövlət hakimiyyətinin digər qanadları və dövlət məmurları üçün informasiya mənbəyinə giriş və eləcə də artıq mövcud olan və formalaşmış dövlət xidmətlərindən istifadə asanlaşır. 

“Elektron hökumət” ənənəvi hökumətə nə əlavədir, nə də onunun analoqudur. “Elektron hökumət” özündə dövlətin göstərdiyi xidmətlərin səmərəliliyinin artırılması məqsədilə yeni vasitələrin müəyyənləşdirilməsini ehtiva edir. Bu xidmətlər göstərilən zaman ölkə miqyasında idarəçilik prosesinin elektronlaşdırılmasına əsaslanan və cəmiyyətin hər bir üzvünün vaxtına və vəsaitinə qənaəti, eləcə də, şəffaflığı maksimum təmin edən elektron sənəd dövriyyəsi əsas götürülür. “Elektron hökumət” vətəndaşların texnoloji məlumatlılığı və bacarığının artırılması və coğrafi məkan anlayışının rolunun azaldılması yolu ilə, bütün seçicilərin rəhbərlik və ölkənin idarə olunması prosesində iştirakının artırılmasını nəzərdə tutur. “Elektron hökumət” cəmiyyətlə hökumət arasındakı münasibətləri əsaslı şəkildə dəyişdirməklə, demokratiyanın təkmilləşdirilməsi və hakimiyyətin xalq qarşısındakı məsuliyyətinin artırılmasnı təmin edir.

Azərbaycanda “Elektron hökumət” layihəsi beynəlxalq təcrübəyə əsaslanır və konkret hüquqi bazaya malikdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin”2010-2012-ci illər üçün informasiya və kommunikasiya texnologiyalarının inkişafı haqqında Dövlət Proqramının təsdiq edilməsi barəsində(Elektron Azərbaycan)”, 23 may 2011-ci il tarixli “ Dövlət orqanları tərəfindən elektron ximətlərin göstərilməsi qaydalarının təsdiq edilməsi üzrə bəzi tədbirlər haqqında” və s.normativ-hüquqi aktları göstərmək olar.

Azərbaycanda “Elektron hökumət”in yaradılması üzrə işlər aparılır və hal-hazırda e-gov.az portalı bu sahədə fəaliyyət göstərir. Bu fəaliyyət Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən əlaqələndirilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müvafiq infrastrukturun yaradılması məqsədilə digər dövlət orqanları ilə bu sahədə sıx əməkdaşlıq edir.

“Elektron imzaların” verilməsi üçün “Sertifikatlaşdırma üzrə Milli xidmətlər Mərkəzi yaradılmişdır. Azərbaycanda dövlət orqanları, eləcə də, dövlət orqanları ilə vətəndaşlar arasında daha rahat əlaqənin təşkil olunması üçün beynəlxalq təcrübəyə istinad olunmaqla elektron xidmətlər vahid mərkəzdə, “vahid pəncərə” prinsipi üzrə təşkil olunmuş “elektron hökumət” portalı vasitəsilə təqdim olunur. Bütün dövlət orqanları bu portaldan istifadə etməklə vətəndaşlara müxtəlif elektron xidmətlər göstərə bilərlər. “Elektron hökumət” portalı dövlət orqanlarının müxtəlif informasiya sistemləri arasınadakı informasiya mübadiləsinin təmin edilməsi üçün istifadə edilir.

E-sənəd Milli infrastrukturunun, “elektron hökumət”in baza məlumatlarının hazırlanması və “Elektron hökumət” layihəsinin yüksək texnoligiyaların geniş tətbiq olunmasının dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına təsiri yüksək ola bilər. Bu yolla büdcə xərclərinin azaldılması, operativliyin və dövlət tərəfindən göstərilən xidmətlərin səmərəliliyinin artırılması, dövlət orqanlarının vahid informasiya məkanının formalaşması və onun təhlükəsizliyinin təmin olunması və beləliklə də, səmərəli, şəffaf, nəzarət olunan dövlət idarəçiliyi və yerli özünüidarəetmənin yaradılması mümkün olacaqdır.

Nəticədə,  “Elektron hökumət” layihəsinin təcrübədə tətbiqi ilə, vətəndaşların dövlət idarəçiliyində iştirakının fəallığı yüksələcək, vətəndaşlarla dövlət orqanları arasında qarşılıqlı əlaqə sadələşəcək, informasiya təlabatının təminatında rahatlıq yaranacaq və hərəkət məhdud imkanları məhdud olan şəxslərin dövlət xidmətlərindən istifadəsi asanlaşacaqdır ki, bu da vətəndaşlar üçün xüsusi əhəmiyyətə malikdir.



Eləcə də, iş adamları üçün, dövlət orqanları ilə ağıllı və operativ əlaqənin yaradılması, xərclərin azaldılması, iqtisadi fəallığın, rəqabət qabiliyyətliliyinin və xarici bazarlara giriş imkanlarının artırılması mümkünlüyü reallaşacaqdır.

 
Nəzirməmməd Kazımov

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə