Alternativ və Bərpa Olunan
Enerji Mənbələri üzrə Dövlət
Agentliyinin direktoru
cənab Akim Bədəlova
Hörmətli Akim müəllim,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2015-ci il tarixli 17/1588 (9, 10, 11, 13, 14, 18, 19) - 21/15 nömrəli tapşırığına əsasən 21 aprel 2015-ci il tarixli DA/01-14-251 nömrəli məktubunuza Səhiyyə Nazirliyində baxılmışdır.
Bildiririk ki, “Köhnə yaşayış binalarının istilik tələbatının hesablanması üzrə əsasnamə”, “Çoxmənzilli yaşayış binalarında mənzil tipli istilik məntəqələri”, “Azmərtəbəli və kotec (Şəhər kənarında birailəlik kiçik ev) binaların kompleks intellektual sistemi”, “Yaşayış və ictimai binaların tüstüdən mühafizə sistemlərinin parametrlərinin hesablanması”, “Binalarda enerji tələbatanın əsasnaməsi” normativ hüquqi aktlara baxılmış, əlavə və dəyişikliklərin aparılmasına ehtiyac duyulmamışdır.
Eyni zamanda bildiririk ki, aşağıdakı sənədlərin layihəsinə əlavə və dəyişikliklərin aparılması məqsədəuyğundur:
1. “Yaşayış və ictimai binalar üçün hava normaları haqqında əsasnamə” üzrə:
1.1. Əsasnamənin istinad olunan normativlər bölməsində istinad olunan normativ sənədlərin siyahısına aşağıdakı sənədlər əlavə olunsun:
- Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Tibb müəssisələrində sanitariya epidemioloji tələblərə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 07.04.2009-cu il tarixli 37 nömrəli əmri;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Tikinti obyektlərinin istilik təchizatının, təbii və süni işıqlandırmasının, havalandırmasının və akustikasının layihələndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 11.03.2014-cü il tarixli 71 nömrəli qərarı;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin təsdiq edilməsi haqqında 03.08.2014-cü il tarixli 171 nömrəli qərarı.
1.2. Əsanamənin giriş hissəsinin 6-cı abzasında prototip kimi ASHRAE 62-1999 standartının istifadə edilməsi bildirilir, lakin sonradan sənədin içində Rusiya Federasiyasının CHиП 41-01-2003 və digər sənədlərdən istifadə olunduğu müəyyən olunur. Məsələ ilə əlaqədar aydınlıq gətirilsin.
1.3. Əsasnamənin giriş hissəsinin 7-ci abzasında hava mübadiləsinin hesablanması üçün iki metodikanın təqdim olunduğu qeyd olunur, lakin aşağıda bir metodika göstərilir. Digər metodikanın göstərilməməsinə açıqlama verilsin və ya sənədə əlavə edilsin.
1.4. Əsasnamənin ”Termin və təriflər” hissəsinin 3.8-ci bəndində “sanitariya və epidemiologiya” sözləri “sanitariya-epidemioloji” sözləri ilə əvəz olunsun.
1.5. Əsanamənin 3.10-cu bəndinin mənası başa düşülmədiyi üçün yenidən işlənsin.
1.6. Əsasnamənin “Ümumi texniki tələblər” hissəsinin 4.4-cü bəndi aşağıdakı redaksiyada verilsin:
“Otaqların hava mübadiləsinin təşkil edilməsi sxemi daxil olan təmiz havanın daha az çirklənmiş zonalardan keçərək daha çox çirklənmiş zonalara daxil olaraq yayılmasını təmin etməlidir”.
1.7. Əsasnamənin 4-cü hissəsinin 1-ci cədvəlində (Yaşayış yerlərinin havasında çikləndirici maddələrin yol verilən qatılıq həddi) karbon qazının qatılıq həddi “ppm” kimi göstərilmişdir, digər zərərli maddələrin qatılıq həddi isə "mq/m3" kimi göstərilmişdir. Çirkləndirici maddələrin qatılıq həddlərinin ölçü vahidləri eyniləşdirilsin.
1.8. Əsasnamənin 5-ci hissəsinin 5.1.1-ci bəndində ГH 2.1.6.1339-03 qüvvədən düşdüyü üçün siyahıdan çıxarılsın.
1.9. Əsasnamənin 5-ci hissəsinin 3-cü cədvəlində “İctimai binaların otaqlarında minimal hava mübadiləsi normaları” “təhsil müəssisələri” qrafasına məktəbəqədər təhsil müəssisələri və ilk peşə-ixtisas təhsili müəssisələri əlavə olunsun.
2. “İctimai iaşə müəssisələrinin isti sexlərinin ventilyasiyası barədə tövsiyələr” üzrə:
2.1. Tövsiyyələrin 3.1-ci bəndində “sənaye” sözü “istehsalat” sözü ilə əvəz olunsun”.
2.2. Tövsiyyələrin 4.3-cü bölməsinə aşağıdakı məzmunda yeni bənd əlavə edilsin; “4.3.5. iaşə müəssisələrində qurulması planlaşdırılan ventilyasiya sistemi Azərbaycan Respublikasında qüvvədə olan istehsalat sahələrinin mikroiqliminə dair 31.03.1986-ci il tarixli 4088-86 nömrəli “Санитарные нормы микроклимата производственных помещений” normativ sənədin tələblərinin ödənilməsini təmin etməlidir”.
Hörmətlə,
Nazir müavini Elsevər Ağayev
İcraçı: Əli Abbasov
Dostları ilə paylaş: |