Bəxtiyar Tuncay
«Çənlibel» təşkilatının əsaslı şəkildə parçalanması və Azərbaycanda «Xalq Hərəkatı Cəbhəsi» və «Xalq Cəbhəsi» ideyalarının yaranması
İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü ərəfəsində dünyanın məşhur telekanallarından olan «Əl-Cəzirə»yə müsahibəsi bir vaxtlar ölkədə siyasi gündəmin əsasına çevrilmişdi. O, müsahibəsində Azərbaycanda baş vermiş Milli Azadlıq Hərəkatının rolunu heçə endirməyə çalışaraq bildirmişdi: «Bəziləri deyir ki, müstəqillik uğrunda güclü hərəkat olub. Bəzi respublikalarda güclü hərəkat olub, bəzilərində isə yox. Lakin buna baxmayaraq, bütün respublikalar müstəqillik əldə etdilər. Beləliklə, bu, obyektiv proses idi və Sovetlər Birliyinin süqutu nəticəsində biz müstəqilliyə nail olduq» (Heydər Əliyevin…).
İlham Əliyev
Əlbəttə ki, bu, tam qərəzli bir mövqedir və müəllifinin siyasi ambisiyalarını əks etdirir. Həqiqət isə bunun tam əksidir.
S. Çeşko haqlı olaraq yazır ki, 1988 – 1989-cu illə sovet «yenidənqurması» üçün dönüş nöqtəsi olmuşdur. O, sürətlə özünün qürub fazası olan «milli-azadlıq» fazasına daxil olurdu (Чешко, s. 92). Tədqiqatçının fikrincə, milliyyətçi və separatçı əhval ruhiyyənin özünü daha çox göstərdiyi mərkəz rolunda isə, bütün ehtimalların əksinə olaraq, potensial cəhətdən münaqişələrin yarana bilməsi baxımından daha çox potensiala sahib olan Şərq respublikaları və hətta Dağlıq Qarabağ münaqişəsinin yetişməkdə olduğu Güney Qafqaz deyil, Baltikyanı respublikaları çıxış edirdilər. «İlk baxışdan bu qəribə görünə bilər, çünki SSRİ-də Baltikyanını özünün «daxili Avropası», ölkənin sosial-iqtisadi və mədəni baxımdan ən inkişaf etmiş bölgəsi hesab etməyə alışmışdılar. Elə düşünülürdü ki, bu, müasir insana layiq olmayan «milliyyətçilik» kimi dünyagörüşlərin geniş yayılmasına əngəl olmalıdır. Amma burada təəccüblü bir şey yox idi. Dünya təcrübəsi göstərir ki, təkcə gerilik və səfillik deyil, həm də inkişafın nisbətən yüksək səviyyəsi də etnik milliyyətçiliyin yaranmasına səbəb ola bilər» (Чешко, s. 93).
S. Çeşkonun yazdığına görə, Latviya, Litva və Estoniyanın SSRİ-yə birləşdirilməsindən sonra bu respublikalarda zamanla rusofobiya şəklini alan anti-sovet əhval-ruhiyyə həmişə güclü olmuşdur. Bu əhval-ruhiyyənin əsasında SSRİ-nin Baltikyanını işğal etdiyi, bölgəni ruslaşdırdığı və milli zülmə rəvac verdiyi barədə düşüncələr yatırdı. Baltikyanı ölkələrin SSRİ-dən ayrılaraq çiçəklənən mədəni Avropaya inteqrasiyasının bölgənin iqtisadi inkişafına səbəb ola biləcəyi haqqında düşüncələr də sözügedən əhval-ruhiyyənin genişlənməsinə təkan verirdi. Anti-sovet və anti-rus əhval-ruhiyyəsi xaricdən məqsədyönlü ideoloji təbliğatla da qızışdırılırdı. Bu məsələdə Qərb ölkələrində, xüsusən də ABŞ da yaşayan disporanın rolu az deyildi. Yenidənqurma istiqlal barədə olan ümidlərin güclənməsinə imkan yaratdı (Чешко, s. 93-94).
Milli məsələnin Yenidənqurma illərində əsas faktorlardan biri kimi xüsusi qabardığı heç bir şübhə oyatmır. Millətlərin özünüdərkinin və öz müqəddəratını təyin etmək uğrunda mübarizənin həmin dövrdə nəzərəçarpacaq dərəcədə gücləndiyi danılması mümkün olmayan faktdır. Bunu hətta İlham Əliyev də inkar etmir (Heydər Əliyevin…).
SSRİ-nin çöküşündə milli məsələnin əsas rol oynadığını hesab etmək olarmı?
Özünün «SSRİ-nin dağılması: XX əsrin 90-cı illərinə retrospektiv nəzər» adlı məqaləsində bu suala cavab axtaran O. Pitsenko haqlı olaraq yazır ki, SSRİ-nin dağılmasının əsas səbəblərindən biri milli məsələnin həll edilə bilməməsi idi. Yenidənqurmanın ilk illərində həyata keçirilən yenilənmə xətti milli məsələlərdən də yan keçməmiş və nəticədə artan milli özünüdərk prosesi öz müqəddəratını təyin etmə mərhələsinə daxil olmuşdur (Пиценко О. В., 85). Yeri gəlmişkən qeyd edək ki, SSRİ-nin dağılmasını böyük faciə kimi səciyyələndirən V. Putin də eyni fikirdədir (Ответы Владимира).
Vladimir Putin
SSRİ-nin dezinteqrasiyasında, yəni parçalanmasında milli azadlıq hərəkatlarının rolunu xüsusi qeyd edən Henri Kissincer hərəkatların bu qədər geniş vüsət almasının səbinin isə Qorbaçov və onun yenidənqurma siyasəti olduğunu qeyd edir. O yazır ki, dünyada heç bir qüdrətli ölkə müharibədə məğlub olmadan bu qədər əsaslı və sürətli şəkildə dezinteqrasiya olmamışdır. Tarixdə heç vaxt Qorbaçov dövründə olduğu kimi bir adamın fəaliyyəti dünyanı bu qədər sürətlə və fundamental şəkildə dəyişməmişdir (Перестройка – наше).
Henri Kissincer
Lakin, çox təəssüflər olsun ki, rus analitiklərinin, demək olar ki, hamısı milliyyətçiliyi SSRİ-nin çöküşünün əsas səbəblərindən biri kimi qeyd etsələr də (Рыбаков С. Е., s. 79; Мякшев, А. П; Медведев, Р. А., s. 116; Печенев, В. А., s. 67-68; Станкевич, З. А., s. 32-34; Тишков, В. А., s. 35; Трагедия великой.., s. 443–468), bu faktorun rus işğalına və rus imperializminə birbaşa cavab olduğunu həmişə gözardı edir və məsələnin kökündə yanlış milli siyasətin durduğunu iddia edir və bu «yanlış milli siyasət»i də çox vaxt Stalinlə əlaqələndirirlər (Смирнова Л. В.).
Keçniş SSRİ-də baş qaldıran və hər gün güclənən milli azadlıq hərəkatları müəyyən bir dövrdən sonra kortəbiilikdən çıxmağa və daha sıx təşkilatlanmağa ehtiyac hiss etməyə başladılar və ortaya «xalq cəbhələri»ndə birləşmək ideyası çıxdı.
Məlumat üçün bildirək ki, ilk xalq cəbhələri XX əsrin 30-cu illərində Qərbi Avropada yaranmış və özündə müxtəlif siyasi təşkilatları, o cümlədən birlik və partiyaları, əsasən də solçu partiyaları birləşdirmişlər. SSRİ-də bu tip qurumların yaradılaraq Kommunist Partiyasına qarşı qoyulması ideyası ilk dəfə Baltikyanı ölkələrdə, daha sonra isi digər respublikalarda yarandı. İdeyanın ilk tərəfdarlarından və həyata keçirənlərindən biri də Məhəmməd Hatəmi olmuşdur. Onun bu fikrə gəlməsinin əsas səbəbi «Çənlibel» təşkilatının genişlənməkdə və güclənməkdə olan xalq hərakatına rəhbərlik etmək potensialının tədricən tükənməsi, təşkilatda parçalanmanın baş verməsi, parçalanmanın yeni mitinqlərin təşkilini qeyri-mümkün etməsi və «Çənlibel» daxilində Hatəmiyə qarşı əsasən, onun özünün ifadə etdiyi kimi, «naxçıvanlılardan ibarət müxalifət»in formalaşması idi.
O özünün «Acı həqiqətlər» kitabında bunula bağlı yazır: «Qafqazdakı, özəlliklə Bakı və Azərbaycandakı nümayiş, mitinq, tətil hərəkatı onunla sonuclandı ki, SSRİ Ali Soveti Rəyasət Heyəti 28 iyul 1988-ci il tarixində bu fərmanı çıxartdı: "Yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərinin təşkili və keçirilməsi qaydası haqqında". Ardınca Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti 22 avqust 1988-də "Yığıncaqların, mitinqlərin, küçə yürüşlərinin və nümayişlərin keçirilməsi qaydalarının pozulmasına görə məsuliyyət haqqında" fərmanını qəbul etdi. Fərmanlar dövləti, imperiyanı səbatsızlıqdan, iqtisadi zərbədən qorumaq məqsədini güdürdü. Yaratdığım komissiya ətrafımdakı bəzi gəncləri tərəflərinə çəkmək yolu ilə, 14.11.1988 tarixinə qədər Bakıda nümayişlərin, mitinqlərin təşkilinə, keçirilməsinə mane olmuşdur. Dövlət bu işdə komissiyaya əlindən gələn yardımı etmişdir…
Dövlət 1988-ci il 2 sentyabra təşkil etdiyim nümayişi komissiyanın əli ilə pozdu, məni də tutdular. Tutulmağımla ilgili olaraq, "Hatəmi, Hatəmi!" deyə-deyə küçələri dolaşan 147 adam da həbs edilir.
F. Hüseynov məni Nərimanov rayon milis idarəsinin kamerasından götürüb öz maşınında Ə. Vəzirovun yanına gətirdi. Gətirərkən yolda mənə bir neçə kərə dedi: "'Sənə nə qədər deyilib ki, dinc otur, indi kişiyə nə deyəcəksən?" Susur, ona cavab vermirdim. Axırda hövsələdən çıxıb mənə sarı çevrildi və: "Səninlə deyiləm - dedi, - niyə cavab vermirsən?". Məcbur qalıb ona cavab verdim: "Adama çox şey deyərlər". F. Hüseynov: "hə də, sən də bildiyini edəcəksən". Söhbət bununla kəsildi.
Ə.Vəzirov kabinetində tək idi. İçəri girdiyimi görərək, ayağa qalxıb qarşıma gəldi. O, respublikanın ağır durumundan bəlkə bir saata qədər danışdı və axırda dedi: "Respublika bərbad haldadır, istəyirəm işləyəm, məni qoymursan, mənə kömək edərsənmi?" Onu "işləməyə qoymaq" imperiya iqtisadiyyatının dirçəlişinə imkan vermək, azadlığımızı buxovlamaq demək idi. Bu, mənim siyasi anlayışıma, məqsədimə daban-dabana zidd idi. Ona dedim: "Sizə söz verə bilmərəm". Elə deməyimi gördüm. Yumruqlarını əsəbiliklə masaya çırpıb üstümə çığırdı: "Von otsuda!" ("Rədd ol burdan!"). Təhqirdən rəng-rufum ağappaq ağardı. Bilmirdim nə edim, oturum, yoxsa kabineti tərk edim. Birdən elə bil mənə dedilər, görmürsən səni qovur, nə oturmusan? Ayağa qalxıb sürətlə qapıya tərəf yönəldim. Ə. Vəzirov arxadan qaça-qaça gələrək, düz qapının yanında qabağımı kəsdi və düyümlənmiş yumruqlarını əsəbi bir zərblə çiyinlərimə endirdi. Çiyinlərimi yumruğa vermək adi bir şey yox, mənə dövlət zorunu göstərmək idi. Acıqlı, nifrətli baxışlarımı onun gözlərinin içinə tikdim. Ürəyimdən vurub onu yerə sərmək keçirdi. Bunun xatalı olacağını ani olaraq düşünüb, lənət şeytana deyə, fikrimdən vaz keçdim. O, məni sakitləşdirmək, ürəyimi ələ almaq üçün qəbahətli hərəkətinə ərkiyanəlik məzmunu verərək: "Bəs kim bu respublikanı düzəldəcək, axı hər şey məhv olub gedir" deyib, qolumdan darta-darta yerimə qaytardı. Zəngi basıb köməkçisinə çay, ömründə görmədiyim müxtəlif rəngli limon konfet gətizdirdi. Əlimi də vurmadım. O, əlinə götürdüyü isti stəkanı qoymaq üçün gözünün qabağındakı nəlbəkini görmürdü. Nəlbəkini ona mən göstərdim. "Vidiş - dedi, - ya toje rasteryalsya" (“Görürsənmi,
mən də özümü itirmişəm").
Aradakı gərginliyi anbaan gedərib, söhbəti davam etdirdik. Ona təklif etdim ki, Moskva ilə razılaşdırın, Ermənistandakı türkləri Azərbaycana, buradakı erməniləri Ermənistana göçürtmək lazımdır. "Beş yüz min adamı burdan ora, ordan bura köçürtmək asan iş deyil" deyib, təklifimi rədd etdi. Çətinlik bunda deyildi. Çətinlik Rusiyanın Azərbaycandakı məkrli erməni siyasətinin əleyhinə onun çıxa bilməməsində idi. "Özünüz bilin - dedim, - yuxarıdan edilməsə, aşağıdan xalq özü bu işi görəcək, faciələr baş verəcəkdir".
Görməkdə olduğu və görəcəyi işlərdən Ə. Vəzirov yenə xeyli danışdı. Fəqət qulağıma batmayan bu sözlərlə məni aldadıb yolumdan döndərə bilməyəcəkdir. Təkrarən: "mənə kömək edərsənmi" deməməsi üçün, "sizə işinizdə uğurlar arzulayıram" deyərək, əksinə mən onu aldadıb başımdan edəcək, tutulmuş 147 nəfəri də ona buraxdıracaq, ayrıldıqdan sonra isə xalqı ayağa qaldırmaq, dövlət, imperiya əleyhinə qoymaq, iqtisadiyyata zərbə vurmaq yoluma davam edəcəyəm. Ə. Vəzirov və komandasını beləcə çox kərə aldadacağımdan, haqqım-da yüksək fikrə düşəcək və bunu Moskvaya qədər ətrafına ulaşdıracaqdır. Bunun sonucu idi ki, 05.12.1988-08.06.1989 tarixlərində Bakıda həbsdə olduğum zaman, SSRİ prokuroru Qalimulin mənə dedi: "Sən diplomatiyanı hardan belə yaxşı öyrənmisən?" Cavabında ona dedim: "Mən diplomat deyiləm, sadəcə aliməm". O: "Təvazökarlıq etmə, biz səni yaxşı tanıyırıq" dedi.
İmperialist məqsədləri naminə Güney Azərbaycanı öz təsir dairəsinə sala bilmək üçün Moskvanın əl atdığı tədbirlərdən biri, oranın öndə gələn şəxsiyyətlərini Quzey Azərbaycan ziyalılarının qarmağına keçirtməkdən ibarət olmuşdur. M. H. Şəhriyar güneydə belə şəxsiyyətlərdən biri olmuşdur. Moskvanın niyyətinə zərbə vurmaq xatirinə, onu S. Rüstəm, M. Rahim, B. Vahabzadə, Rüstəm Əliyev və b. kimi Azərbaycan sovet ziyalılarının qarmağından çıxartmaq lazım idi. İsfəndiyar Coşğunu təhrik edib, M.H.Şəhriyara yazdığı mənzum məktubu Təbrizə göndərtdim. Yuxarıda adlarını çəkdiyim ziyalıların təsiri altında "azad Sovet Azərbaycanı" haqda çox yüksək fikirdə olan Şəhriyar, buranın faciələrini dilə gə-tirən məktubu oxuyub sarsılır. Özünü saxlaya bilməyərək, əsəbi halda Bakıya S.Rüstəmə zəng vurub deyir: "Siz özünüz vətəni satmısınız, indi də qara şeytan olub bizi yoldan çıxarırsınız?" Bunu deyib telefon dəstəyini yerinə çırpır. S.Rüstəm telefonda: "Ağaye Şəhriyar, ağaye Şəhriyar" deyə-deyə qalır. Quzey Azərbaycanda Şəhriyarın ölümünə elə bir reaksiya verilməməsinin səbəbi bu olay idi. Onun ölümünü burada kədərlə anacaq yalnız bir yer vardı: Çənlibel Təşkilatı.
22 sentyabr 1988- də Şəhriyarın qırxını tutmaq üçün 100-ə qədər çənlibelçi Təzəpir məscidinə toplaşmışdıq. Təziyədən sonra "Şəhriyar, Şəhriyar!", "Azərbaycan, Azərbaycan!", "Qarabağ, Qarabağ!" şüarları verə-verə şəhərin küçələrindən keçərək, dənizkənarı bulvara gəldik. Bulvarda milislər məni, Mənsur Əlisoyu, Yaşar Türkazəri tutdular. Bizi maşınlara basıb Nərimanov rayon milisinə gətirdilər və "kepeze"yə (KPZ – B. T) soxdular. Beş-on saatdan sonra bizə oradaca məhkəmə quraraq, hərəmizi 300 manat cərimələdilər və azad etdilər. Daxili İşlər Nazirliyinin Azərinform tərəfindən qəzetlərdə çap olunmuş məlumatında haqqımızda deyilirdi: "Belə hərəkətlərin təkrarlanacağı halında onlar haqqında daha kəskin ölçülər götürüləcəkdir" ("Вышка " qəzeti, № 223, 1988).
Cərimə verməyə imkanım yox idi. Xəlil Rza, Mirəli Seyidov və b. tanışlar mənə maddi yardım etdilər. Mən biləni Mənsurla Yaşara da kömək olundu (Hatəmi M. T.).
Həmin aksiyanın bilavasitə iştirakçısı və təşkilatçılarından biri kimi qeyd etməliyəm ki, M. Hatəmi və M. Əlisoy gəncləri bada verməmək üçün bu tip yürüşlərin həmişə önündə gedər, mənə özümün və digər gənclərin tutuqlanmamasını təşkil etmək üçün əvvəlcədən təlimatlar verər, tutuqlananda da onlar tutuqlanar və gənclərin tutuqlanmasına imkan verməzdilər. Həmin gün Yaşar Türkazərin də onlarla birlikdə milislərin əlinə keçməsinin səbəbkarı özü olmuşdu. Milislər Məhəmməd bəyi və Mənsur bəyi milis maşınına mindirmək istəyəndə Yaşar onlarla milislərin arasına girmiş və Hatəmini göz önündə tutaraq «Dayanın, ustadıma toxunmayın!» deyə bağırmış, nəticədə onu da maşına basmışdılar.
Bəli, həmin dövrdə mitinqləri bərpa edə bilmək üçün əlimizdən gələn hər şeyi edir, fəqət heç nəyə nail ola bilmirdik. Səbəb isə Hatəmi ilə arası dəyən Nemət Pənahlının onun təşkil etdiyi aksiyalara dəstək verməməsi idi. Nəticədə dövlətin yardımına arxalanan və onun təlimatı ilə hərəkət edən «komissiya» aksiyaları asanlıqla poza bilirdi. Nemətin aksiyalara dəstək verməməsi Hatəmi tərəfindən pozğunçuluq kimi qiymətləndirilirdi. Bir sözlə, «Çənlibel» artıq əvvəlki «Çənlibel» deyildi.
İşin ən acınaqlı tərəfi isə budur ki, sonradan Nemət Pənahlı da müstəqil surətdə yeni mitinq təşkil etmək istədi və bunu Hatəmisiz etməyə çalışdığı üçün o da bir şeyə nail ola bilmədi. Mənim Hatəmi ilə Neməti barışdırmaq cəhdlərim isə heç bir nəticə vermirdi. Deyilənlərə ən gözəl misal kimi Nemətin oktyabrın 2-də keçirməyi planlaşdırdığı və mənim də dəstəklədiyim mitinq cəhdinin puça çıxmasını göstərmək olar.
Hatəmi bu barədə yazır: «Nümayişlərin əleyhinə gedən Nemət oktyabrın 2-də nümayiş etmək fikrinə düşdü. Dostları məndən xahiş etdilər ki, nümayişi təşkil etməyə ona kömək edim. Kömək etməyə çalışdım, ancaq nümayiş baş tutmadı, məni bir neçə saatlığa tutdular. Nemət yataqxanalarında aclıq elan etdi. Bəxtiyar Tuncay yanıma gəlib xahiş etdi ki, Neməti müdafiə etmək üçün ora-bura teleqram vurum. Vurmaq istəmirdim. Tuncayın təkidlərindən keçməyərək, onu müdafiə etdim» (Hatəmi).
Bu Məhəmməd bəyin sözügedən hadisə barədə bir-iki cümlə şəklində ifadə etdiyi fikridir. Hadisə haqqında, eləcə də ondan daha öncə baş verənlər barədə geniş məlumatı isə Nemət Pənahlının «Əbədiyyət yolçusu» kitabından əldə etmək mümkündür. O yazır: «Hatəmi yenə iyulun 18-nə mitinq elan elədi. Ancaq mən bütün müəssisə və təşkilatlara xəbər göndərdim ki, biz Hatəmi ilə ayrılmışıq və bu mitinqdə iştirak etməyəcəyik və beləliklə, Hatəminin iyulun 18-nə təyin etdiyi mitinqə mən seyirçi kimi kimi gəldim. Mitinqə gəlmiş 50-60 adamı milislər heç meydana girməyə də qoymadılar. Hamısını döyüb qovaladılar. 25-30 adamı isə, biz də içində olmaqla,əvvəlcə Səbayıl rayon milis şöbəsinə, oradan da Nərimanov rayonuna gətirdilər.
Bu hadisədən sonra Hatəmi və Bəxtiyar Tuncay məni xain elan elədilər. Və sonra da mənim əleyhimə hər cür təbliğat kampaniyasına başladılar…» (Pənahlı, s. 135-136).
Nemət Pənahlı daha sonra yazır: «…Bu hadisədən sonra mənim Hatəmi ilə siyasi əməkdaşlığım birdəflik bitdi, adım «təşkilat komitəsi» deyilən qurumda qaldı. Bu təşkilat komitəsi isə mitinqlərin keçilməsində bir məna görmürdü. Moskvada siyasi ab-havanın gündən günə mürəkkəbləşməsi müəyyən nəticəyə gəlməyə imkan verə bilmədi. Bizim zavodun özündə də həmçinin. Sosial vədlər elə vəd olaraq qalırdı. Bütün bu məsələlərin həlli üşün mən Vəzirovun qəbuluna düşməyə bir də nail oldum və qəbuldan sonra Vəzirov bizim zavodun işçilərinə 250 mənzil ayırdı. Eyni zamanda yataqxanada qeydiyyatda olanların ailələrini də qeydiyyata saldılar. Bu, zavodumuzun tarixində görünməmiş bir şey idi. Bu hadisədən sonra fəhlələr arasında olan hörmətim birə on artdı. Vəzirovun şəxsən mənə təklif etdiyi mənzildən imtina edəndə isə hamı çaşıb qaldı.
Həmin görüşdə Vəzirov bizə daha bir təklif eləmişdi. Demişdi ki, Bakının ətrafında harada istəsəniz sizə torpaq sahəsi verməyə hazırıq. Özünüzə mənzil tikmək üçün. Düzü həmin təklif, eləcə də gələcəkdə salınacaq yeni qəsəbəyə Şəhriyarın adının verilməsi perspektivi ürəyimcə olsa da, zavodun kollektivi buna xüsusi maraq göstərmədi…
Respublikada hər keçən gün gərginləşən ab-hava məndə yeganə çıxış yolunun mitinq olduğu fikrini doğurmaqdaydı. Respublikanın üzdən iraq rəhbərliyinə yalnız bu yolla təsir etmək olardı…» (Pənahlı, s. 136-137).
Nemət bəyin yazdığına görə, «Hatəminin təşkil etdiyi komissiyanın üzvlərinin siyahısına iki nəfər də artırılmışdı. Biri Sabir Rüstəmxanlı idi ki, onu Xəlil Rzanın xahişi ilə Hatəmi özü siyahıya salmışdı. İkincisi İsa Qəmbərov idi ki, onun bizim siyahıya kim tərəfindən salınması bügünə qədər müəmma olaraq qalır…
İsa Qəmbərovun kimlər tərəfindən siyahıya salınması açıqlanmasa da, əksəriyyət onun siyahıda qalmasını dəstəkləmişdi. Səbəb də onun Zori Balayanın «Ocaq» kitabına yazdığı cavab idi…
Hatəmi özü təşkil etdiyi komissiyanın üzvlərini xain elan edəndən sonra dəfələlə məndən xahiş etdi ki, daşı ətəyimdən töküm, əməkdaşlıq edək. Amma mən ona artıq son sözümü demişdim. Bu qərara gəlməyimin bir səbəbi də onun, yerli-yersiz, əsaslı-əsassız, hamını xain elan etməsi idi. Ən mənfi xüsusiyyətlərindən biri isə o idi ki, illərlə dostluq etdiyi, haqqında ən yüksək fikirlər söyləmiş olduğu adamı, zərrə qədərdə əzab çəkmədən bircə anın içində silib atması idi…
Hatəmi ilə mənim aramda yaranmış bu münaqişədən həm dövlət, həm də Əbülfəz Əliyev məharətlə istifadə etdilər.
18 iyundan aylar keçməsinə baxmayaraq, yenə də mitinqdən söhbət düşəndə, hiss edirdim ki, silahdaşlarımın əksəriyyəti onu «tormozlayır». Gah mitinqin xalqa heç nə verməyəcəyini, gah da mitinqi idarə edə bilməyəcəklərini əsas gətirirdilər. Hətta iş o yerə çatdı ki, günlərin birində qərara gəldilər ki, mitinqin əvəzinə bir zalda iclas keçirsinlər. Orada birgə məsləhətləşək, respublikadakı vəziyyətdən çıxış yolu axtaraq. Mənim uzunmüddətli təkidlərimdən sonra, axır ki, bu qərara gəldik ki, mitinqi qanuni yolla keçirək. Beləcə, mitinq keçirmək barədə rəsmi ərizə yazdıq. O ərizəyə mən də imza atdım…» (Pənahlı, s. 137-138).
Nemət Pənahlı yazı ki, 1988-ci ilin sentyabrında uzun çəkişmələrdən sonra qərara gəlirlər ki, oktyabrın 2-də mitinq keçirsinlər. «Baksovetə yazdığımız bu rəsmi məktubda xahiş edirdik ki, mitinqin keçirilməsinə razılıq versinlər. Sentyabrın 27-də bu bu məktubu imzalayanları, o cümlədən də məni Fuad Musayevin qəbuluna çağırdılar. Məktuba məndən başqa imza atanlar Əbülfəz Əliyev, İsa Qəmbərov, Tağı Xalisbəyli, Vurğun Əyyubov, Xəlil Rza Ulutürk idilər.
Fuad Musayev
Fuad Musayev uzun-uzadı danışdıqdan sonra «mitinqin məsuliyyətini kim öz üzərinə götürür?» - deyə sual verdi. Heç kəsdən səs çıxmadı. Hamının susduğunu görüb dedim:
-Mən.
Fuad Musayev, sanki, bunu gözləyirmiş kimi, mənə hücuma keçdi. Dedi:
-Elə sən və sənin kimilərdir respublikanı bu günə qoyanlar.
Onun bu sərt rəftarına reaksiya olaraq, dərhal ayağa qalxdım, dedim:
-Mən sizin kimi adamla heç danışmaq belə istəmirəm. Çünki sizin kimiləri yalnız vəzifə, mövqe maraqlandırır.
Düzü, o məndən bü cür reaksiya gözləmirdi. Qapıdan çıxmaq istəyəndə məni geri qaytardılar. Fuad Musayev səsinin tonunu aşağı salaraq özünə bəraət qazandırmağa çalışdı:
-Axı, burada ağsaqqallar, alimlər oturub. İmkan ver onlarla da söhbət edək.
Dedim:
-Sual verdiniz, cavab verdim. Özünüzdən niyə çıxdınız? Ərizəyə imza atanlardan biri də mənəm. Sizin qəbulunuza da şəxsi xahişimlə gəlməmişəm və sizinlə də heç bir şəxsi söhbətim yoxdur.
Əbülfəz Əliyevlə İsmayıl Təriqpeyma məni sakitləşdirməyə başladılar. Musayev dedi:
-Bizim xalqın mitinq keçirməyə mədəniyyəti çatmır. Siz mitinq keçirəndən sonra sizi eşidənlər dağılıb gedir, amma ekstermistlər, narkomanlar, araqarışdıranlar ermənilərə hücum edir. Çox təəssüflər olsun ki, bu cür ekstermistlər, araqarışdıranlata, milliyyətçilər ziyalıların da arasında var. Sizin aranızda da. Ancaq dövlət onlar barəsində ciddi tədbir görəcək.
O, sözü fırladıb gətirdi Məhəmməd Hatəmi və Mənsur Əlisoyun üstünə və eyhamla mənim onlardan ayrılmağımı da müsbət hal kimi qeyd edib dedi:
-Cavndı, istedadlıdır. Ümid edirəm ki, bu cür ziyalıların içində püxtələşəcək.
Görüş təxminən 4-5 saat davam etdi. Amma mitinqin keçirilməsi barədə bircə kəlmə də danışılmadı. Əksinə, Fuad Musayevlə dostlarım birlikdə Bakıdakı nümayişlərin, mitinqlərin keçirilməsinin qarşısının alınmasının yollarını axtarmağa başladılar.
Fuad Musayev soruşanda ki bu adamlarla nə edək, Tağı Xalisbəyli və İsmayıkl Təriqpeyma təklif etdilər ki, Məhəmməd Hatəmi ilə Mənsur Əlisoy sürgün edilsinlər.
Özümü heç cür saxlaya bilmədim. Tağı Xalisbəyli və Fuad Musayevlə çox qızğın mübahisəyə girişdim. Sonra da üzümü dostlarıma tutub soruşdum:
-Bəs, siz bura nəyə gəlmisiniz. Hatəmi ilə Mənsuru dövlət sizsiz sürgün edə bilmirmi? Hatəmi ilə aram dəysə də, o, Fuad Musayevdən də, Tağı Xalisbəylidən də, bu görüşdə iştirak edənlərin hamısından da min dəfə vətənsevər adamdır.
Məni yalnız Xəlil Rza müdafiə etdi.
Sözlərimə onu da əlavə etdim ki, oktyabrın 2-də mitinq mütləq keçiriləcək:
-Sürgün edilənlərin siyahısına məni də əlavə edin!
Dostlarım məni dilə tutmağa başladılar, özlərinin də mitinq tərəfdarı olduqlarını söylədilər:
-Amma nə edək? Dövlət icazə vermir.
Sonda qərara alındı ki, görüşün ardı sabaha qalsın. Biz təxminən saat 22-23 radələrində Fuad Musayevin kabinetindən çıxdıq. Əbülfəz Əliyevə bildirdim ki. Tağı Xalisbəyli ilə İsmayıl Təriqpeymanın dediklərini xalqa çatdırıb onları rüsvay edəcəyəm. Əbülfəz dedi ki, bir səhvdir ediblər, açıb ağartma…
Dostlarım rəhbərliklə birləşib, məni mitinq keçirmək fikrindən döndərmək üçün min bir dil tökürdülər. Sonra rəhbərliyə acizanə şəkildə bildirdilər ki, Neməti yola gətirməkdə aciz olsaq da, özümüz mitinqin əleyhinəyik.
İlyas İsmayılov
Ertəsi gün Respublika prokuroru İlyas İsmayılov, Qaraxanov, bir də Yusif Nəsirli bizim zavoda gəlmişdilər. Onlar məni direktor Əyyam Musayevin kabinetinə çağırtdırdılar. Yenə də söhbət oktyabrın 2-də keçirilməli olan mitinqdən düşdü… Onlar izah etməyə çalışırdılar ki, hazırda mitinq keçirmək çox təhlükəlidir» (Pənahlı, s. 141-144).
«Əbədiyyət yolçusu» kitabında yazılanlardan belə məlum olur ki, İlyas İsmayılov Nemət Pənahlını mitinq keçirmək fikrindən nə qədər daşındırmağa çalışsa da, bir nəticə əldə etmir: «Beləliklə, təxminən saat 1-ə qədər söhbətimiz uzandı, ancaq heç bir razılığa gələ bilmədik. Səhəri günü məni Mərkəzi Komitəyə dəvət etdilər. Mən Əyyam Musayevlə Mərkəzi Komitəyə getdim. Bizi Telman Orucov qəbul elədi. Biz xeyli söhbət elədik… Axır ki, belə razılığa gəldik ki, əgər mümkün olsa, mən mitinqin qarşısını alacağam. Əgər mitinqin qarşısını almaq mümkün olmasa, onda rəhbərlik düşünülməmiş addım atmasın. Yəni gücə, təzyiqə baş vurmasın.
Telman Orucov
Gecədən xeyli keçmiş biz Mərkəzi Komitədən geri döndük. Həmin gecə İlyas İsmayılov oktyabrın 2-də keçirilməsi planlaşdırılan mitinqin qadağan olunduğu haqda televiziyada çıxış etdi. Bakıda həqiqətən də gərgin vəziyyət yaranmışdı. Fəaliyyətsiz qaldıqca, tədricən nüfuzumuzu itirirdik. Dəfələrlə mitinq elan edib, sonradan onu təxirə salmağımız xalqın bizə olan inamını zəiflədirdi.
Hökumətlə dəllallıq edən qüvvələrin iç üzü hamıya məlum olmasa da, prosesdə yaxından iştirak edən hər kəsə artıq yaxşı məlum idi. Odur ki, mənə inanan insanlar bu tip satqın ziyalılardan əl çəkməyimi tələb edirdilər. Deyirdilər ki, bir də mitinqi təxirə salsam, mənə olan inamlarını tam itirəcək, bir də ardımca getməyəcək, öz bildikləri kimi hərəkət edəcəklər. Odur ki, onlarla şərt kəsdim, dedim ki, əgər hamınız məni dinləyəcəksinizsə, məsuliyyəti öz üzərimə götürməyə hazıram. Yox, məni eşitməyəcək və hər hansı bir düşünülməmiş addım atacaqsınızsa, mən bu məsuliyyətin altına girə bilmərəm. Şərtləşdik ki, oktyabrın 2-də mitinqin baş tutması üçün var gücümüzlə çalışacağıq. Ancaq görsək ki, təhlükəli vəziyyət yaranır, qırğın düşə bilər, dərhal dağılarıq.
Hər şey bütün incəliklərinə qədər nəzərə alınmışdı. Hansı qüvvənin saat neçədə, haradan hərəkət edəcəyi, harada toplaşacağı, hansı qüvvə ilə birləşərək hansı istiqamətə hərəkət edəcəyi düşünülmüşdü. Təxmini ssenari belə idi: ayrı-ayrı müəssisələrdən gələn qüvvələr saat 11-ə 5 dəqiqə qalmış Nərimanov metrosunun içində toplaşır. Bəzi qruplar Nərimanov parkında, bəziləri Nərimanov kinoteatrının arxasında mövqe tutur. Səttərxan zavodunun fəhlələri yataqxanada toplanır və oradan çıxan kimi qüvvələr yol boyu bir-bir onlara qoşulur» (Pənahlı, s. 145-146).
Yeri gəlmişkən qeyd edim ki, nə qədər dilə tutmuşdumsa, Hatəmini Nemətə tam dəstək verməyə razı sala bilməmişdim. Nemətin oyun oynadığını, ona artıq inanmadığını söyləyib imtina etmişdi. Bununla belə ətrafımızda olan qüvvələrin mənimlə getməsinə etiraz da etməmişdi. Odur ki, həmin gün radikal ruhlu «Çənlibel»çilərin koordinasiyasını öz üzərimə götürmüşdüm. Nərinanov kinoteatrının sağ tərəfində yerləşən çayxanada oturub dostlar vasitəsi ilə qruplarımızla əlaqə saxlayırdım. Fuad Ağayev də mənimlə idi. İrandan SSRİ-yə yenicə pənah gətirmiş fədailərdən olan Güneyli dostumuz Siyamək (Nasir Rəhbəri) də Milli Hərəkata yaxından dəstək vermək üçün bizə qoşulmuşdu.
Zavod fəhlələrinin yataqxanadan çıxmasına təqribən 7-8 dəqiqə qalmış Nemətin otaq yoldaşı, zavodun fəal fəhlələrindən və «Çənlibel» təşkilatının üzvlərindən biri olan Kamal Həsənov yanımıza gəlib bildirdi ki, yataqxananın həyətinə zirehli hərbi maşınlar yeridilib və pulemyotlarını yataqxananın qapısına tərəf çeviriblər. Yataqxananın binası silahlı rus əsgərləri tərəfindən mühasirəyə alınıb.
Artıq hər şey məlum idi. Mitinq, deyəsən, baş tutmayacaqdı. Odur ki, metronun içində toplaşmış qüvvələrə xəbər göndərib onları məlumatlandırmaq istədim. Amma macal tapmadım, bir də gördüm ki, hər tərəfdən milislər axışıb bizi milis maşınlarına tərəf sürükləməyə başlayıblar. Hadisə elə sürətlə baş verdi ki, ilk əvvəl nə olduğunu anlamadıq. Siyaməkdən başqa hamını tutuqlayıb maşınlara doldurmağa başladılar. Siyamək özünü itirməyib çayçının məcmeyilərdən birini götürərək stolun üstündəki çaydan və stəkanlara yığışdırmağa başlamış və milislər də onu çayçı zənn edərək toxunmamışdılar.
Bizi bir müddət Nərimanov rayon polis idarəsində saxlayıb buraxdılar.
Beləcə, Nemətin də mitinq cəhdi alınmadı.
Bu hadisədən sonra Nemət Pənahlı aclıq elan etdi. Səhv etmirəmsə, bu hərəkat dövründə həyata keçirilən ilk aclıq aksiyası idi. Ə . Tahirzadə bununla bağlı qeydlərində yazır:
«2 - 6 oktyabrda Şmidt adına maşınqayırma zavodunun fəhləsi Nemət Pənahov aclıq elan edib. 3-ündə həmin zavodun fəhlələri tətil edib. Respublika prokuroru İlyas İsmayılov Nemətə söz verib ki, onun tələblərini ödəyəcək» (4 il 4ay).
Məhəmməd Hatəminin yaratdığı, mitinqdə adlarını bəyan edərək məşhurlaşdırdığı komissiya üzvlərinin mitinqlərin baş tutmaması üçün dövlətin göstərişi ilə törətdikləri təxribatlar sayəsində Azərbaycan xalqı uzun müddət ortaya iradə qoya və Kremlə təzyiq edə bilmədi. Bu adamlar bunula da kifayətlənmədilər. Hatəmini «Çənlibel»dən uzaqlaşdıraraq təşkilatı ələ keçirməyə çalışdılar. Görünən bu idi ki, artıq «Çənlibel» öz tarixi missiyasını başa çatdırıb. Artıq hərəkata rəhbərlik edəcək yeni bir siyasi təşkilata ehtiyac var idi. Odur ki, Hatəmi və tərəfdarları, yəni radikal qüvvələr Xalq Hərəkatı Cəbhəsi adında bir təşkilat qurmağa qərar verirlər. Hatəmi yazır: «Dövlət nə qədər çalışırdı Çənlibeli ortadan qaldıra bilmirdi. Axırda onu əlimdən çıxartmağa getdi. Bunun ən asan yolu ətrafıma yığdığım adamların əli ilə məni Çənlibelin büro üzvülüyündən çıxartmaq idi. 30 oktyabr 1988-ci il tarixində gündüz saat 2-də Tağı Xalisbəyli , Nemət Pənahov, Həsən Merac, Fazil Mustafayev (hamısı podpolkovnik Eldəniz Əliyevin naxçıvanlı yerliləridir), Vurğun Əyyubov iclasda məni səs çoxluğu ilə büro üzvülüyündən çıxardırlar, iclası mənim və Ağası Hunun tərk etməyimizdən sonra. Səsvermədə Xəlil Rza ilə Tofiq Rəsulov bitərəf qalırlar. Başıma bu işin gətiriləcəyini qabaqcadan duyaraq, Çənlibelin həmin gün saat 4-də başlayacaq ümumi yığıncağına öz hazırlığımı görmüşdüm. Beləki, bütün çənlibelçiləri, Çənlibel Təşkilatının ardınca gedən zavod-fabrik cəmiyyətlərinin nümayəndələrini əlaltdan həmin iclasa dəvət etmişdim. Fikrim Çənlibeli Xalq Hərəkatı Cəbhəsinə çevirib əlimdə saxlamaq idi.
Zal adamla ağzına qədər dolu idi. Rayonlardan, Naxçıvan Muxtar Respublikasından da xeyli adam vardı. Məruzə bitincə, yuxarıda adlarını çəkdiyim xəyanətkar çənlibelçilərlə Varlıq qrupundan İsmayıl Təriqpeyma, Əbülfəz Əliyev, Firidun Cəlilov birləşərək, yığıncağı dağıtmaq istədilər…
T. Xalisbəyli çığırırdı ki, Hatəmi milləti qana çəkir. Bütün zal bizim tərəfimizdə idi. Yığıncağı dağıtmağa onlara imkan vermədik. Məruzə başlamamışdan qabaq, rəyasət heyətində yanımda oturmuş Vurğun Əyyubov mənə demişdi: "İndi gör başına nə gətirəcəyik". Öz başlarına iş gəlmişdi. Beş-on nəfər yalnız özləri zaldan çıxası oldular (Xəlil Rza onlardan ayrılıb bizə qoşuldu). Çıxıb da, Vurğun çöldə milislərə deyirmiş: "Biz onları dağıda bilmədik, gedin siz dağıdın". Təriqpeyma isə mənim haqqımda deyirmiş: "O, İran casusudur". Ağlım belə kəsir ki, təmiz adamı beləcə ancaq DTK agenti ləkələyə bilərdi.
Milis zabitləri, milislər də zalı dağıda bilmədilər. Yığıncağı davam etdirdik. Xalq Hərəkatı Cəbhəsi Keçici Mərkəzinin proqram və nizamnamə səciyyəli "Azərbaycan xalqına bildiriş"ini oxudum. Sənəd böyük rəğbətlə, alqışlarla qarşılandı. Məni Xalq Hərəkatı Cəbhəsinə sədr seçdilər.
Mən 5 dekabr 1988-də tutulduqdan sonra T. Xalis-bəyli ilə V. Əyyubov bir neçə kərə iclas təşkil edib, Çənlibeli dirçəltmək istəyirlər. Belə təşəbbüs anlamsız bir iş idi. Çünki Çənlibel Təşkilatı milli azadlıq hərəkatındakı öz yerini Xalq Hərəkatı Cəbhəsinə tərk edib artıq tarixə qarışmışdı.
Xalq Hərəkatı Cəbhəsinə daxil olan ayrı-ayrı kollektivlərin, fərdlərin ilk siyahısı Eldar İbrahimdə qalmışdır. Mənim əlimdə aşağıdakı kiçik siyahı vardır.
1. Axundov Elşən Məmməd oğlu - 160 nəfər.
2. Səlimov Firidun - Sərnişin Daşıma İdarəsi – 20 nəfər.
3. Cəfərov İshaq Məsim oğlu – Avtomobi Nəqliyyatı Nazirliyinin Texniki -Təchizat Bazası - 3 nəfər.
4. Şükürov Tofiq - Azıx Cəmiyyəti - 150 nəfər.
5. Nəsirov Vaqif - 30 nəfər.
6. Nəbiyev Qəhrəman - Şah İsmayıl Xətai Birliyi (EVM zavodu) -170 nəfər.
7. Məmmədov Rüstəm - 3 nəfər.
8. Həsənov Mövlud - 50 nəfər.
9. Bağırov Rəfael - Əzimzadə adına Rəssamlıq Məktəbi - 20 nəfər.
10. Mehdi Azəri - 2-ci Zabrat - 300 nəfər.
11. Abbasov Rauf (Rauf Arifoğlu – B. T.) - Azərbaycan Elmi-Tədqiqat Üzümçülük-Şərabçılıq İnstitutu - 20 nəfər.
12. Qasımov Nəriman - Yük-Avtomobil Nəqliyyatı Dəstəsi - 5 nəfər.
13. Əsgərov İmran - 31 nömrəli məktəb - 30 nəfər.
14. Mehdiyev Mehdi - Azərbaycan Neft və Kimya İnstitutu - 27 nəfər.
15. Abbasov Zahid - 25 nəfər.
16. Şükürov Haqverdi İstail oğlu.
17. Quliyev Elxan Həsənağa oğlu.
18. Quliyev Niyazi Hüseyn oğlu.
19. Almuradov Nəriman Musa oğlu.
20. Qulamov Əsgər Ağatac oğlu.
21. Quliyev Mətləb Qafar oğlu.
22. Məmmədov İntiqam Həvəskar oğlu.
23. İsmayılov Osman Hacızadə oğlu.
24. Bayramov Ziyəddin Məhərrəm oğlu.
25. Əhmədov Mahmud Fəraməz oğlu.
26. Eminov Rasim İbrahim oğlu.
27. Eldarov Nazim Eldar oğlu.
28. Qurbanov Şahin Musa oğlu.
29. Səmədov Bəybala.
30. Cavadov Eldar Cavad oğlu.
31. Kərimova Ruhinaz.
Yazıçı Məmməd Murad Azərbaycan Xalq Cəbhəsinin yaranmasından danışaraq yazır: "Azərbaycan Xalq Cəbhəsinin yaranma mənşəi də səciyyəvidir. Dövrü mətbuatın məlumatına görə, o, milli folkloru, mifologiyanı, dili, tarixi tədqiq etmək məqsədi ilə 1987-ci ildə yaradılmış "Çənlibel" cəmiyyətindən çıxmışdır"("Vışka" qəzeti, 25 may, 1991; Hatəmi).
Həmin dövrdə başqa bir qrup da «Xalq Cəbhəsi» adı altında başqa bir təşkilat yaratmaqla uğraşırdı. Bu şəxslərin kimliyi və öz məqsədlərini necə həyata keçirdikləri barədə «Əbədiyyət yolçusu kitabında çox müfəssəl və maraqlı bir məlumat bulunmaqdadır. Kitabın müəllifi yazır: «O günlər Rəfail Allahverdiyevlə, demək olar ki, hər həftə görüşürdük. Rəfail məni növbəti görüşə çağıranda dedi ki, Fuad Musayev ondan xahiş edib ki, məni Araz Əlizadə ilə tanış etsin. Xalq Cəbhəsinin yaradılmasında mən onlara kömək edim. O zaman başqa respublikalarda xalq cəbhələri artıq yaradılmışdı. Azərbaycanda da «Xalq Cəbhəsi» adlı qrup yaratmaq barədə söz-söhbət gəzirdi. Araz Əlizadə ilə görüşməkdən imtina etdim. Fuad Musayevə nifrət etdiyimi söylədim. Rəfail Fuad Musayevin, necə də olsa, Bakı şəhər partiya kimitəsinin katibi olduğunu xatırladaraq, bir də təkidlə xahiş etdi, bildirdi ki, Azərbaycanın gənc ziyalılarından ibarət böyük bir qrup yaradıblar ki, «Xalq Cəbhəsi»ni təsis etsinlər. Araz Əlizadə də gənc alimlərimizdən biridir. Mənim onunla tanış olmağımın, hər halda, heç bir zərəri yoxdur.
Araz Əlizadə
Mən etiraz etmədim. Mənə də bu adamların kimliyini öyrənmək maraqlı idi. Ertəsi günü partkom Ramiz Cabbarovla, bizə təhkim edilmiş maşınla, bələdçinin müşaiyəti ilə Baksovetin yaxınlığında yerləşən bir kabinetə gəldik. Məni Zərdüşt Əlizadə qəbul etdi. O dedi ki, Araz Əlizadənin işi çıxdığı üçün burada deyil və mənə tapşırıb ki, səninlə mən söhbət edim. O mənə təşkilatın məqsəd və hədəfləri barədə danışdı. Amma onun nə deməsinin bir o qədər də fərqi yox idi. Hər şey onsuz da göz qabağında idi. Bu qurum Bakl şəhər Partiya Komitəsinin katibi Fuad Musayevin himayəsi ilə yaranırsa, onun özü deyil, yalnız cəlbedici adı xalqa mənsub olacaqdır.
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə dedi ki, mənim fəaliyyətimlə qiyabi tanışdırlar . Mənə fəhlə sinfinin təmsilçisi kimi onlara qoşulmağımı təklif etdi. Dedim:
-Bizim əməkdaşlıq etməyimizdə heç bir məna görmürəm. Birincisi, ona görə ki, bizim «Çənlibel» kimi təşkilatımız var. İkincisi, əgər bu Xalq Cəbhəsidirsə, onu xalq yaratmalıdır» (Pənahlı, s. 128-129).
Qaynaqça
-
Hatəmi M. T. Acı həqiqətlər. Bakı, Şirvannəşr, 2006.
-
Heydər Əliyevin Milli Azadlıq Hərəkatına münasibəti. «Xural» qəzeti, 18 oktyabr 2011, sayı: 063 (473).
-
Pənahlı N. Əbədiyyət yolçusu. Əlyazma. N. Pənahlının şəxsi arxivi.
-
"Вышка" qəzeti, №-223, 1988.
-
" Вышка " qəzeti, 25 may, 1991
-
Медведев, Р. А. Почему распался Советский Союз / Р. А. Медведев // Отечественная история. – 2003. – № 4.
-
Мякшев, А. П. Межнациональные отношения и Совет Национальностей Верховного Совета СССР в 1945–1991 гг. : дис. ... д-ра ист. наук / А. П. Мякшев. – Саратов, 2004.
-
Ответы Владимира Путина на вопросы во время встречи с доверенными лицами (12 февраля 2004 г., г. Москва, МГУ им. М. В. Ломоносова). http://www.putin2004.ru, свободный. Заглавие с экрана.
-
Перестройка – наше прошлое или будущее? // Конференция в Горбачев-Фонде (1 марта 2001 г.). http://www.gorby.ru/activity/ conference/show_332/, свободный. – Заглавие с экрана.
-
Печенев, В. А. «Смутное время» в новейшей истории России (1985–2003): исторические свидетельства и размышления участника событий / В. А. Печенев. – М., 2004.
-
Пиценко О. В. Распад Советского Союза: Ретроспективный взгляд в 90-е гг. XX в. ы. 84-90 (http://xn--80aai1dk.xn--p1ai/files/documents/44-redaktor/nauka/izdaniya/nauch_potentsial/4/picenko.pdf).
-
Рыбаков С. Е. Нации и национализм / С. Е. Рыбаков. – М., 2001. Чешко С.В. СССР был болен или его "залечили"? (Попытка паталого-анатомического анализа) // Мир России. 1995. № 1, s. 91-123.
-
Смирнова Л. В. Советская национальная политика в условиях административно-командной ыистемы // «Вестник» ОГУ, № 7, июль 2007., s. 122-127.
-
Станкевич, З. А. История крушения СССР: Политико-правовые аспекты / З. А. Станкевич. – М., 2001.
-
Тишков, В. А. Этнология и политика / В. А. Тишков. – М., 2001.
-
Трагедия великой державы: национальный вопрос и распад Советского Союза : сб. – М., 2005. – С. 443–468.
Dostları ilə paylaş: |