15. Hicr ('Hicr') surəsi
1; Əlif. Ləm. Ra. Bunlar Kitabın və açıq-aydın Quranın ayələridir.
2; Kafirlər mütləq müsəlman olmalarını arzulayacaqlar.
3; Qoy onlar bir müddət yeyib-içsinlər, əylənsinlər və xam xəyallar onların başlarını qatsın. Tezliklə biləcəklər.
4; Məhv etdiyimiz hər bir diyarın məlum bir yazısı var idi (həlak olacaqları vaxt əvvəlcədən müəyyən edilmişdi).
5; Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubada bilər.
6; Kafirlər dedilər: “Ey özünə Zikr nazil edilən kəs! Doğrudan da, sən dəlisən.
7; Əgər doğru danışanlardansansa, nəyə görə dediyinə şahidlik edə bilən mələkləri bizə gətirmirsən?”
8; Biz mələkləri ancaq haqqı bərqərar etmək üçün endiririk. O zaman kafirlərə möhlət verilməz.
9; Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.
10; Biz səndən öncə də əvvəlki millətlərə elçilər göndərmişdik.
11; Onlara elə bir elçi gəlməzdi ki, ona istehza etməsinlər.
12; Beləcə, Biz küfrü günahkarların qəlbinə yeridirik.
13; Onlar hələ də ona (Qurana) inanmırlar. Halbuki əvvəlkilərin başına gələnlər onlara bəllidir.
14; Əgər onlara göydən bir qapı açsaydıq və onlar dayanmadan oraya qalxsaydılar,
15; yenə də inanmayıb: “Gözlərimiz dumanlanmış, daha doğrusu biz sehrlənmişik” – deyərdilər.
16; Biz səmada bürclər yaratdıq və onu baxanlar üçün bəzədik.
17; Onları qovulmuş hər bir şeytandan qoruduq.
18; Ancaq şeytanlardan kim göy əhlinin danışıqlarına xəlvətcə qulaq assa, onu yandırıb yaxan alov təqib edər.
19; Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və orada hər şeydən lazım olduğu qədər yetişdirdik.
20; Orada həm sizin üçün, həm də sizin ruzi vermədikləriniz üçün dolanışıq vasitələri yaratdıq.
21; Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Biz onu ancaq müəyyən ölçüdə endiririk.
22; Biz küləkləri dölləndirici (buludlarda su əmələ gətirən, bitkiləri tozlandıran bir vasitə) kimi göndərdik, göydən yağmur yağdırıb onu sizə içirtdik. Belə olmasaydı, siz onu yığıb saxlaya bilməzdiniz.
23; Şübhəsiz ki, Biz həm dirildir, həm də öldürürük və hər şeyə varis olan da Bizik.
24; Həqiqətən, sizdən əvvəl gəlib-gedənləri də bilirik, sonra kimlərin gələcəyini də bilirik.
25; Həqiqətən, Rəbbin onları bir yerə toplayacaq. Çünki O, Müdrikdir, Biləndir.
26; Biz insanı başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən yaratdıq.
27; Cinləri isə daha öncə qızmar alovdan yaratmışdıq.
28; Bir zaman Rəbbin mələklərə dedi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən insan yaradacağam!
29; Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!”
30; Mələklərin hamısı ona səcdə etdilər.
31; Yalnız İblisdən başqa. O, səcdə edənlər arasında olmaqdan imtina etdi.
32; Allah dedi: “Ey İblis! Nə üçün sən səcdə edənlər arasında deyilsən?”
33; İblis dedi: “Sənin, başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən yaratdığın insana səcdə etmək mənə yaraşmaz!”
34; Allah dedi: “Oradan çıx! Artıq sən qovuldun.
35; Haqq-hesab gününə qədər sənə lənət olacaqdır”.
36; İblis dedi: “Ey Rəbbim! Onların dirildiləcəkləri günə qədər mənə möhlət ver”.
37; Allah dedi: “Sən möhlət verilənlərdənsən.
38; Ancaq məlum vaxtın gününə qədər”.
39; İblis dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara pis işləri gözəl göstərib onların hamısını azdıracağam.
40; Yalnız Sənin seçilmiş, ixlaslı qullarından başqa”.
41; Allah dedi: “Bu, Mənə tərəf gətirib çıxaran düz yoldur.
42; Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökmün yoxdur. Yalnız sənə uyan azğınlardan başqa”.
43; Həqiqətən, Cəhənnəm onların hamısına vəd olunmuş yerdir.
44; Onun yeddi qapısı vardır. Hər qapı üçün onlardan müəyyən bir dəstə təyin olunmuşdur.
45; Sözsüz ki, müttəqilər Cənnət bağlarında və çeşmələr başında olacaqlar.
46; Onlara deyiləcək: “Oraya sağ-salamat və xatircəmliklə daxil olun!”
47; Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaqlar.
48; Onlara orada heç bir yorğunluq toxunmayacaq və onlar oradan çıxarılmayacaqlar.
49; Qullarıma xəbər ver ki, Mən Bağışlayanam, Rəhmliyəm.
50; Əzabım isə ağrılı-acılı əzabdır.
51; Onlara İbrahimin qonaqları barəsində də xəbər ver.
52; O zaman onlar İbrahimin yanına daxil olub: “Salam!” – dedilər. İbrahim: “Biz sizdən ehtiyat edirik!” – dedi.
53; Mələklər: “Qorxma! Həqiqətən, biz səni bilikli bir oğulla müjdələyirik!” – dedilər.
54; İbrahim dedi: “Qocalıq məni haqladığı bir vaxtda mənə müjdə verirsiniz? Məni nə ilə müjdələyirsiniz?”
55; Onlar dedilər: “Biz sənə həqiqətlə müjdə veririk. Sən ümidini üzənlərdən olma!”
56; İbrahim dedi: “Doğru yoldan azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər?”
57; İbrahim dedi: “Ey elçilər! Vəzifəniz nədir?”
58; Onlar dedilər: “Biz günahkar adamları məhv etməyə göndərilmişik;
59; yalniz Lutun ailəsindən başqa. Biz onların hamısını xilas edəcəyik.
60; Lutun arvadından başqa. Biz onun geridə qalanlardan olmasına qərar verdik”.
61; Elçilər Lut əhlinin yanına gəldikdə
62; o dedi: “Siz yad adamlarsınız!”
63; Onlar dedilər: “Xeyr, biz sənin yanına onların şübhə etdiyi əzab ilə gəlmişik.
64; Biz sənin yanına doğru xəbərlə gəlmişik. Həqiqətən də, biz doğru danışanlarıq.
65; Gecənin bir vaxtı ailəni yola çıxart və özün də onların arxasınca get. Sizdən heç kəs çevrilib arxaya baxmasın. Sizə əmr olunan yerə yollanın”.
66; Biz ona vəhy etdik ki, sübh çağı onların kökü kəsiləcək.
67; Şəhər əhalisi bir-birini muştuluqlayaraq onun yanına gəldilər.
68; Lut dedi: “Bunlar mənim qonaqlarımdır. Məni biabır etməyin!
69; Allahdan qorxun və məni hörmətdən salmayın!”
70; Onlar dedilər: “Məgər biz sənə bura gələn adamları qonaq saxlamağı qadağan etməmişik?”
71; O dedi: “Bunlar mənim qızlarımdır! Əgər istəyirsinizsə, onlarla evlənin!”
72; (Ey Muhəmməd!) Sənin canına and olsun ki, onlar sərxoşluqları içində veyl-veyl gəzirdilər.
73; Günəş doğanda qorxunc səs onları yaxaladı.
74; Oranın altını üstünə çevirdik və onların üzərinə odda bişmiş gil daşlar yağdırdıq.
75; Şübhəsiz ki, bunda başa düşənlər üçün dəlillər vardır.
76; Həqiqətən, onlar Məkkədən Şama gedən yolun üstündə yaşayırdılar.
77; Şübhəsiz ki, bunda möminlər üçün dəlillər vardır.
78; Əykə əhli də zalım idi.
79; Onlardan da intiqam aldıq. Hər iki kənd aydın görünən yol üzərində yerləşirdi.
80; Hicr əhli də elçiləri yalançı saydı.
81; Biz onlara ayələrimizi göndərdik, lakin onlar bu ayələrdən üz döndərdilər.
82; Onlar təhlükəsizlikdə qalmaq üçün dağlarda evlər yonurdular.
83; Onları sübh çağı qorxunc səs yaxaladı.
84; Qazandıqları dünya malı isə onlara heç bir fayda vermədi.
85; Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O Saat mütləq gələcəkdir. Odur ki, Sən onları gözəl tərzdə bağışla.
86; Həqiqətən, Rəbbin Yaradandır, Biləndir.
87; Biz sənə təkrarlanan yeddi ayəni və əzəmətli Quranı verdik.
88; Onların bəzi təbəqələrinə verdiyimiz fani dünya malına gözünü dikmə, onlara görə kədərlənmə, möminlərlə yumşaq davran
89; və de: “Şübhəsiz ki, mən açıq-aşkar bir xəbərdar edənəm!”
90; Biz Quranı bölənlərə də beləcə əzab endirmişdik.
91; Onlar Quranı hissələrə böldülər (bir qisminə inanıb, digər qismini inkar etdilər).
92; Rəbbinə and olsun ki, Biz onların hamısından soruşacağıq –
93; törətdikləri əməllər barəsində.
94; Sənə buyurulanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir.
95; Sözsüz ki, istehza edənlərə qarşı Biz sənə yetərik.
96; O kəslər ki, Allaha başqa məbudu şərik qoşurlar. Onlar tezliklə biləcəklər.
97; Biz onların dediklərindən sənin qəlbinin daraldığını bilirik.
98; Sən həmd-səna ilə Rəbbini təriflə və səcdə edənlərdən ol!
99; Sənə ölüm gələnədək Rəbbinə ibadət et.
Dostları ilə paylaş: |