Chapter 1 (Sura 1)



Yüklə 1,86 Mb.
səhifə19/100
tarix07.01.2022
ölçüsü1,86 Mb.
#81841
1   ...   15   16   17   18   19   20   21   22   ...   100
20. Ta ha ('Ta ha') surəsi

1; Ta. Ha.

2; Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən.

3; Onu Allahdan qorxanlar üçün ancaq nəsihət kimi göndərdik.

4; O, yeri və uca göyləri yaradan Allah tərəfindən nazil olmuşdur.

5; Mərhəmətli Allah Ərşə ucaldı.

6; Göylərdə, yerdə, onların arasında və torpağın altında nə varsa, Ona məxsusdur.

7; Sən ucadan danışsan da, danışmasan da, fərqi yoxdur. Çünki Allah sirri də, bundan daha gizli olanı da bilir.

8; Allah! Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Ən gözəl adlar təkcə Ona xasdır!

9; Musanın əhvalatı sənə gəlib çatdımı?

10; O zaman o, bir od görüb ailəsinə demişdi: “Dayanın! Mən bir od gördüm. Bəlkə, ondan sizə bir köz gətirdim, ya da odun yanında bir bələdçi tapdım!”

11; Oda yaxınlaşdıqda bir səda gəldi: “Ey Musa!

12; Həqiqətən, Mən sənin Rəbbinəm. Başmaqlarını çıxart. Çünki sən müqəddəs Tuva vadisindəsən!

13; Mən səni seçmişəm. Sənə vəhy olunanı dinlə!

14; Həqiqətən, Mən Allaham. Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!

15; Həmin Saat hökmən gələcək! Hər kəsə törətdiklərinin əvəzi verilsin deyə, Mən onu az qala Özümdən belə gizlədirəm.

16; Qoy ona inanmayan və nəfsinin istəklərinə uyan bir kəs səni ondan yayındırmasın, yoxsa məhv olarsan!

17; Sağ əlindəki nədir, ey Musa?”

18; Musa dedi: “Bu mənim əsamdır. Ona söykənir və onunla qoyunlarıma yarpaq silkələyirəm. Bu, mənim üçün başqa işlərə də yarıyır”.

19; Allah buyurdu: “At onu yerə, ey Musa!”

20; Musa onu yerə atdı və o, dərhal ilan olub sürətlə sürünməyə başladı.

21; Allah buyurdu: “Götür onu, qorxma! Biz onu əvvəlki halına qaytaracağıq.

22; Əlini qoynuna sal ki, əlin oradan başqa bir möcüzə kimi ləkəsiz, ağappaq çıxsın.

23; Belə etdik ki, sənə ən böyük möcüzələrimizdən bir neçəsini göstərək.

24; Fironun yanına get! Çünki o, həddini aşmışdır”.

25; Musa dedi: “Ey Rəbbim! Köksümü açıb genişlət!

26; İşimi yüngülləşdir!

27; Dilimdəki düyünü aç ki,

28; sözümü anlasınlar!

29; Mənə öz ailəmdən bir köməkçi ver –

30; Qardaşım Harunu!

31; Onun sayəsində mənim gücümü artır!

32; Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki,

33; Sənə çoxlu təriflər deyək

34; və Səni çox zikr edək.

35; Şübhəsiz ki, Sən bizi görürsən!”

36; Allah buyurdu: “Dilədiyin sənə verildi, ey Musa!

37; Sənə bir dəfə də mərhəmət göstərmişdik.

38; O vaxt ki, anana vəhy olunacaq şeyi belə vəhy etdik:

39; “Onu bir sandığa qoyub çaya burax ki, çay onu sahilə atsın və həm Mənim düşmənim, həm də onun düşməni olan birisi onu götürsün”. Gözlərim önündə boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə qarşı qullarım arasında məhəbbət oyatdım.

40; O zaman bacın gedib camaata deyirdi: “Sizə onun qayğısına qalacaq birisini göstərimmi?” Beləliklə, gözü aydın olsun və qəm yeməsin deyə, səni anana qaytardıq. Sən boya-başa çatdıqda bir nəfəri öldürdün. O vaxt Biz səni qəm-qüssədən qurtardıq. Biz səni çətin sınaqlardan keçirtdik. Sən illərlə Mədyən əhli içində qaldın. Sonra da müəyyən olunmuş məqama gəlib çatdın, ey Musa!

41; Mən səni Özümə peyğəmbər seçdim!

42; Sən və qardaşın möcüzələrimlə gedin və Məni zikr etməkdə zəiflik göstərməyin.

43; Fironun yanına gedin. Çünki o, həddini aşmışdır.

44; Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!”

45; Onlar dedilər: “Ey Rəbbimiz! Biz, onun bizə şiddətli cəza verməsindən və ya həddini aşmasından qorxuruq”.

46; Allah buyurdu: “Qorxmayın, çünki Mən sizinləyəm, eşidirəm və görürəm!

47; Onun yanına gedib deyin: “Biz sənin Rəbbinin elçiləriyik. İsrail oğullarını bizimlə göndər və onlara əziyyət vermə. Biz sənin yanına Rəbbindən dəlillə gəlmişik. Doğru yolla gedənlərə salam olsun!

48; Bizə vəhy olundu ki, əzab, haqqı yalan sayıb üz döndərənlərə veriləcəkdir!”

49; Firon dedi: “Rəbbiniz kimdir, ey Musa?”

50; Musa dedi: “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir!”

51; Firon dedi: “Bəs əvvəlki nəsillərin halı necə olacaq?”

52; Musa dedi: “Onlar haqqındakı bilgi Rəbbimin yanında olan bir Kitabdadır. Rəbbim nə xəta edir, nə də unudur!”

53; O, yer üzünü sizin üçün beşik etmiş, orada sizin üçün yollar salmış və göydən su endirmişdir. Biz onunla cürbəcür bitkilərdən cüt-cüt yetişdirdik.

54; Onlardan həm özünüz yeyin, həm də heyvanlarınızı yemləyin. Həqiqətən, bunlarda başa düşənlər üçün dəlillər vardır.

55; Biz sizi torpaqdan yaratdıq. Sizi ora qaytaracaq və bir daha oradan çıxardacağıq.

56; Biz dəlillərimizin hamısını Firona göstərdik. O isə bu dəlilləri yalan sayıb qəbul etmədi.

57; Firon dedi: “Sən öz sehrinlə bizi öz torpağımızdan qovub çıxartmağamı gəlmisən, ey Musa?

58; Biz də sənə buna bənzər bir sehr göstərə bilərik. Bizimlə öz aranda görüş vaxtı təyin et. Nə biz, nə də sən vədə xilaf çıxmayaq. Bu hamımız üçün münasib bir yerdə olsun”.

59; Musa dedi: “Görüş vaxtınız bayram günü, camaatın bir yerə toplaşacağı səhər vaxtıdır!”

60; Firon üz çevirdi, sonra da bütün hiyləgərlik vasitələrini (sehrbazlarının hamısını) toplayıb gəldi.

61; Musa onlara dedi: “Vay halınıza! Allaha qarşı yalan uydurmayın, yoxsa O sizi əzabla məhv edər. İftira yaxan ziyana uğrayar.

62; Fironun adamları öz aralarında işləri barəsində mübahisə edib xəlvətcə söhbət etdilər.

63; Onlar dedilər: “Bu ikisi, doğrudan da, sehrbazdır. Onlar öz sehrləri ilə sizi torpağınızdan qovub çıxartmaq və sizin ən gözəl yolunuzu aradan götürmək istəyirlər.

64; Odur ki, bütün hiylələrinizi cəmləşdirib meydana dəstə-dəstə gəlin. Bu gün qələbə çalan xilas olacaqdır”.

65; Sehrbazlar dedilər: “Ey Musa! Ya sən əvvəlcə əlindəkini at, ya da birinci atan biz olaq!”

66; Musa dedi: “Yox, siz atın!” Sehrbazlar əllərindəkiləri yerə atan kimi sehrləri sayəsində ona elə gəldi ki, onların kəndirləri və çomaqları hərəkətə gəlib sürünür.

67; Musanın ürəyi xoflandı.

68; Biz dedik: “Qorxma, qalib gələn mütləq sən olacaqsan!

69; Sağ əlindəkini yerə at, onların qurduqlarını udsun. Onların qurduqları sadəcə sehrbaz hiyləsidir. Sehrbaz isə, hara gedirsə-getsin, uğur qazanmaz”.

70; Sehrbazlar səcdəyə qapanıb dedilər: “Biz Harunun və Musanın Rəbbinə iman gətirdik!”

71; Firon dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm. Onda hansımızın əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!”

72; Onlar dedilər: “Biz heç vaxt səni bizə gələn bu aydın dəlillərdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm verəcəksənsə, ver. Sən ancaq bu dünyada hökm verə bilərsən!

73; Həqiqətən, biz Rəbbimizə iman gətirdik ki, O bizi günahlarımıza və sənin bizi məcbur etdirdiyin sehrə görə bağışlasın. Allahın mükafatı daha xeyirli, cəzası isə daha sürəklidir!”

74; Kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, cəhənnəmlik olar. O, orada nə ölər, nə də yaşayar.

75; Kim Onun hüzuruna yaxşı əməllər etmiş bir mömin kimi gələrsə, onlara ən yüksək dərəcələr nəsib olar –

76; ağacları altından çaylar axan Ədn bağları. Onlar orada əbədi qalarlar. Bu, günahlardan təmizlənənlərin mükafatıdır.

77; Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx, əsanı suya vurmaqla onlar üçün dənizdə quru yol aç. Düşmənin sizə çatmasından qorxma, çəkinmə!” – deyə vəhy etdik.

78; Firon öz ordusu ilə onları təqib etdi və dəniz onları qaplayıb batırdı.

79; Firon öz xalqını azğınlığa sürüklədi və onlara doğru yol göstərmədi.

80; Ey İsrail oğulları! Biz sizi düşməninizdən xilas etdik. Sizə sağ tərəfinizdəki dağın yanına gəlməyiniz üçün vədə verdik. Sizə göydən manna və bildirçin endirdik.

81; Sizə verdiyimiz ruzilərin təmizindən yeyin və bunda həddi aşmayın, yoxsa sizə qəzəbim tutar. Qəzəbimə gəlmiş kimsə isə bədbəxt olar.

82; Mən, həqiqətən də, tövbə edib, iman gətirib yaxşı işlər görən, sonra da doğru yolu tutanları bağışlayıram.

83; Allah buyurdu: “Səni öz qövmündən ayrılmağa tələsdirən nə idi, ey Musa?”

84; Musa dedi: “Onlar da arxamca gəlirlər. Məndən razı qalasan deyə, Sənin yanına tələsdim, ey Rəbbim!”

85; Allah buyurdu: “Səndən sonra qövmünü sınağa çəkdik. Samiri onları yoldan çıxartdı”.

86; Musa qəzəbli, kədərli halda qövmünün yanına qayıdıb dedi: “Ey qövmüm! Məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdimi? Doğrudanmı bu vaxt sizə uzun gəldi? Yoxsa Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib mənə verdiyiniz vədə xilaf çıxdınız?”

87; Onlar dedilər: “Biz sənə verdiyimiz vədə öz ixtiyarımızla xilaf çıxmadıq. Lakin biz o xalqın zinət əşyasından olan ağır yüklərlə yüklənmişdik. Biz onları oda atdıq. Həmçinin Samiri də onu oda atdı”.

88; Samiri onlar üçün böyürən bir buzov heykəli düzəltdi. Buzova məftun olanlar: “Sizin də məbudunuz, Musanın da məbudu budur. Lakin o bunu unutmuşdur” – dedilər.

89; Məgər bu heykəlin onlara heç bir cavab vermədiyini, onlara nə bir zərər, nə də bir fayda verməyə qadir olmadığını görmürdülərmi?!

90; Bundan əvvəl Harun onlara demişdi: “Ey qövmüm! Siz bununla ancaq sınağa çəkildiniz. Həqiqətən, sizin Rəbbiniz Mərhəmətli Allahdır. Mənə tabe olun və əmrimə itaət edin!”

91; Onlar: “Musa yanımıza qayıtmayınca biz ona sitayiş etməkdən əl çəkməyəcəyik!” – dedilər.

92; Musa dedi: “Ey Harun! Onların azdıqlarını gördüyün zaman sənə nə mane oldu ki,

93; ardımca gəlmədin? Əmrimə qarşımı çıxdın?

94; Harun dedi: “Ey anamın oğlu! Saqqalımdan, saçımdan tutma. Doğrusu, mən sənin: “İsrail oğullarını bir-birindən ayırdın, sözümə baxmadın!” – deyəcəyindən qorxdum.

95; Musa dedi: “Məqsədin nə idi, ey Samiri?”

96; O dedi: “Mən onların görmədiklərini gördüm. Mən o elçinin ləpirindən (Cəbrailin atının ayağı dəydiyi yerdən) bir ovuc torpaq götürdüm və onu bəzək əşyalarının üstünə atdım. Nəfsim məni buna sövq etdi”.

97; Musa dedi: “Çıx get! Sən həyatın boyu: “Mənə toxunmayın, mən də sizə toxunmayım!” – deməli olacaqsan. Səni həm də qurtula bilməyəcəyin əzab günü gözləyir. Sən sitayiş etdiyin məbuduna bax. Biz onu yandıracaq, sonra da dənizə sovuracağıq.

98; Sizin məbudunuz yalnız Özündən başqa heç bir məbud olmayan Allahdır. O, elm ilə hər şeyi əhatə edir”.

99; Beləcə, olub-keçmiş əhvalatlardan sənə danışırıq. Artıq sənə Öz tərəfimizdən Zikr vermişik.

100; Ondan üz döndərənlər Qiyamət günü ağır bir günah yükü daşıyacaqlar.

101; Onlar bu vəziyyətdə əbədi qalacaqlar. Qiyamət günü onların daşıyacağı yük nə pis yük olacaqdır!

102; O gün sur üfürüləcək və o gün günahkarları gözləri göm-göy göyərmiş halda bir yerə toplayacağıq.

103; Onlar öz aralarında pıçıldaşıb deyəcəklər: “Dünyada cəmi on gün qaldınız!”

104; Biz onların nə deyəcəklərini də yaxşı bilirik. Onların ən ağıllısı: “Dünyada cəmisi bir gün qaldınız!” – deyəcək.

105; Səndən dağlar haqqında soruşurlar. De: “Rəbbim onları dağıdıb havaya sovuracaq,

106; oranı boş düzəngaha çevirəcəkdir.

107; Sən orada nə bir eniş, nə də bir yoxuş görməyəcəksən”.

108; O gün insanlar heç bir yana meyl etmədən carçının arxasınca yeriyəcəklər. Mərhəmətli Allahın qarşısında səslər kəsiləcək və sən yalnız pıçıltı eşidəcəksən.

109; O gün Mərhəmətli Allahın izin verdiyi və söz deməsinə razı olduğu şəxslərdən başqa heç kimin şəfaəti fayda verməyəcəkdir.

110; Allah onların gələcəyini də, keçmişini də bilir. Onların elmi isə Onu ehtiva edə bilməz!

111; O gün üzlər əbədi Yaşayan, yaradılanların Qəyyumu olan Allah qarşısında zəlil bir görkəm alacaq. Günaha batanlar isə ziyana uğrayacaqlar.

112; Mömin olub yaxşı işlər görən şəxslər isə nə haqsızlıqdan, nə də naqislikdən qorxmazlar.

113; Beləliklə, Biz onu ərəbcə Quran olaraq nazil etdik. Biz orada təhdidləri dönə-dönə açıqladıq ki, bəlkə, onlar pis əməllərindən çəkinsinlər və ya ibrət alsınlar.

114; Haqq Hökmdar olan Allah ucadır! Onun ayələrinin vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Elmimi artır!” – de.

115; Biz bundan əvvəl Adəmlə də əhd bağlamışdıq. Lakin o, əhdi unutdu və Biz onda əzm görmədik.

116; Bir zaman mələklərə: “Adəmə səcdə edin!” – demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdədən imtina etdi.

117; Biz dedik: “Ey Adəm! Bu, həm sənin, həm də zövcənin düşmənidir. O sizi Cənnətdən çıxartmasın, yoxsa bədbəxt olarsan.

118; Sən orada nə ac qalacaq, nə də çılpaq olacaqsan.

119; Sən orada nə susayacaq, nə də bürküdən əziyyət çəkəcəksən!”

120; Şeytan ona vəsvəsə edib dedi: “Ey Adəm! Sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülkü göstərimmi?”

121; İkisi də ondan yedilər və ayıb yerləri özlərinə göründü. Onlar üstlərinə Cənnət ağaclarının yarpaqlarından örtməyə başladılar. Beləliklə, Adəm Rəbbinə asi olub səhv yol tutdu.

122; Sonra Rəbbi onu seçib tövbəsini qəbul etdi və onu doğru yola yönəltdi.

123; Allah buyurdu: “Bir-birinizə düşmən kəsilərək hamınız buradan yerə enin. Məndən sizə doğru yol göstəricisi gəldiyi zaman hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar.

124; Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik”.

125; O deyəcək: “Ey Rəbbim! Mən dünyada görürdümsə, indi nə üçün məni kor olaraq gətirdin?”

126; Allah deyəcək: “Elədir! Çünki sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün də sən beləcə unudulacaqsan!”

127; Biz həddi aşanı və Rəbbinin ayələrinə inanmayanı belə cəzalandırırıq. Axirət əzabı isə, daha şiddətli və daha sürəklidir.

128; Onlardan əvvəl öz məskənlərində gəzib dolaşan neçə-neçə nəsilləri məhv etməyimiz, onlara dərs olmadımı? Həqiqətən, bunda ağıl sahibləri üçün ibrətlər vardır.

129; Əgər Rəbbin tərəfindən əvvəlcədən vəd edilmiş Söz və müəyyən edilmiş bir vaxt olmasaydı, əzab onları dərhal yaxalayardı.

130; Onların dediklərinə səbir et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini həmd-səna ilə təriflə, gecənin bəzi saatlarında və gündüzün iki başında Ona təriflər de ki, bəlkə razı qalasan.

131; Kafirlərdən bəzisini sınamaq üçün onlara dünya həyatının bərbəzəyi kimi verdiyimiz şeylərə gözünü dikmə. Rəbbinin ruzisi daha xeyirli və daha davamlıdır.

132; Ailənə namaz qılmağı əmr et, özün də onu səbirlə yerinə yetir. Biz səndən ruzi istəmirik, əksinə sənə ruzi verən Bizik. Gözəl aqibət təqvaya bağlıdır.

133; Kafirlər: “Nə üçün o, Rəbbindən bizə bir dəlil gətirmir?” – dedilər. Məgər onlara əvvəlki səhifələrdə olanların açıq-aydın dəlili çatmadımı?

134; Əgər Biz onları bundan əvvəl (Muhəmməd peyğəmbər və Quran gəlməzdən öncə) əzabla məhv etsəydik, deyərdilər: “Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər göndərmədin ki, biz də zəlil və rüsvay olmazdan əvvəl Sənin ayələrinə tabe olaq?”

135; De: “Hamı gözləyir, siz də gözləyin. Yaxında siz kimin doğru yol sahibi olduğunu və kimin haqq yola yönəldiyini biləcəksiniz!”




Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin