26. Şuəra ('Şairlər') surəsi
1; Ta. Sin. Mim.
2; Bunlar aydın Kitabın ayələridir.
3; Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən?
4; Biz istəsəydik, göydən onlara elə bir əlamət göndərərdik ki, onun önündə başları itaətkarlıqla əyilərdi.
5; Mərhəmətli Allahdan onlara elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər.
6; Onlar ayələri uydurma saydılar. Məsxərəyə qoyduqlarının xəbəri onlara yetişəcəkdir.
7; Yoxsa, onlar yer üzündə cürbəcür gözəl bitkilər bitirdiyimizi görmürlər?
8; Həqiqətən də, bunda bir əlamət vardır. Lakin onların əksəriyyəti mömin olmadı.
9; Bəli, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
10; Bir zaman Rəbbin Musaya demişdi: “Get o zalım qövmün –
11; Firon xalqının yanına! Onlar qorxmurlarmı?”
12; Musa dedi: “Ey Rəbbim! Qorxuram ki, onlar məni yalançı hesab edələr,
13; belə olduqda ürəyim sıxılar, dilim də söz tutmaz. Buna görə Haruna da vəhy göndər.
14; Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram”.
15; Allah dedi: “Xeyr, bu mümkün deyil! İkiniz də möcüzələrimizlə onların yanına gedin! Şübhəsiz ki, Biz də sizinləyik, hər şeyi eşidirik.
16; Fironun yanına gedib deyin: “Biz aləmlərin Rəbbinin elçiləriyik!
17; İsrail oğullarını bizimlə birgə burax!”
18; Firon dedi: “Biz səni körpə ikən götürüb saxlayıb boya-başa çatdırmadıqmı? Sən ömrünün bəzi illərini bizimlə yaşamadınmı?
19; Elədiyin pis əməli də elədin. Doğrudan da, sən bir nankorsan!”
20; Musa dedi: “Mən onu edəndə nadan olmuşam.
21; Mən sizdən qorxduğum üçün yanınızdan qaçıb getdim. Amma sonradan Rəbbim mənə hökmranlıq (peyğəmbərlik) verdi və məni elçilərdən etdi.
22; Başıma qaxdığın o nemətin də İsrail oğullarını özünə kölə etməyindir”.
23; Firon dedi: “Aləmlərin Rəbbi nədir?”
24; Musa dedi: “Əgər yəqinliklə inanırsınızsa, bilin ki, O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!”
25; Firon ətrafındakılara dedi: “Onun nə danışdığını eşitmirsinizmi?”
26; Musa dedi: “O sizin də, ulu babalarınızın da Rəbbidir!”
27; Firon dedi: “Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!”
28; Musa dedi: “Əgər anlayırsınızsa, bilin ki, O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!”
29; Firon dedi: “Əgər məndən başqasına sitayiş etsən, səni məhbusların yanına ataram!”
30; Musa dedi: “Bəs sənə açıq-aşkar bir şey göstərsəm necə?”
31; Firon dedi: “Əgər doğru danışanlardansansa, göstər onu!”
32; Musa əsasını yerə atınca, o dərhal dönüb açıq-aşkar bir ilana çevrildi.
33; Əlini qoynundan çıxardan kimi o, baxanların gözü qabağında ağappaq nur saçan bir əl oldu.
34; Firon ətrafındakı zadəganlara dedi: “Həqiqətən də, bu, bilikli bir sehrbazdır!
35; O öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?”
36; Onlar dedilər: “Onu qardaşı ilə bir qədər gözlət və şəhərlərə adam yığanlar göndər ki,
37; bütün bilikli sehrbazları sənin yanına gətirsinlər”.
38; Beləliklə, sehrbazlar bəlli bir günün müəyyən edilmiş vaxtında toplandılar.
39; Camaata deyildi: “Siz də yığışırsınızmı?
40; Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq”.
41; Sehrbazlar gələn kimi Firona dedilər: “Əgər qalib gəlsək, bizə mükafat veriləcəkmi?”
42; Firon dedi: “Bəli! Belə olacağı təqdirdə sizi özümə yaxın adamlardan edəcəyəm”.
43; Musa onlara dedi: “Nə atacaqsınızsa, atın!”
44; Onlar iplərini və əsalarını yerə atıb: “Fironun qüdrətinə and olsun ki, biz qalib gələcəyik!” – dedilər.
45; Sonra Musa əsasını atdı və əsa onların düzəltdikləri şeyləri uddu.
46; Sehrbazlar səcdəyə qapandılar
47; və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə –
48; Musanın və Harunun Rəbbinə!”
49; Firon dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz! Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm”.
50; Onlar dedilər: “Zərər yox, biz onsuz da öz Rəbbimizə qayıdacağıq.
51; Biz Firon xalqı arasından ilk iman gətirənlər olduğumuza görə Rəbbimizdən günahlarımızı bağışlayacağını umuruq”.
52; Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız” – deyə vəhy etdik.
53; Firon şəhərlərə əsgər toplayanlar göndərdi.
54; O dedi: “Bunlar kiçik bir dəstədir.
55; Onlar bizi qəzəbləndirmişlər.
56; Biz hamımız ayıq-sayıq olmalıyıq”.
57; Biz onları (o zalım tayfanı) bağlardan və çeşmələrdən çıxartdıq;
58; xəzinələrdən və gözəl yerlərdən də qovduq.
59; Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik.
60; Günəş üfüqdən qalxarkən Firon öz əsgərləri ilə onları izləməyə başladılar.
61; İki dəstə bir-birini görüncə Musanın səhabələri: “Biz yaxalanacağıq!” – dedilər.
62; Musa dedi: “Xeyr, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcəkdir!”
63; Biz Musaya: “Əsanla dənizə vur!” – deyə vəhy etdik. Dəniz dərhal yarıldı, on iki yol açıldı və hər biri nəhəng bir dağ kimi oldu.
64; O birilərini də ora yaxınlaşdırdıq.
65; Musa və onunla birlikdə olanların hamısını xilas etdik.
66; O birilərini isə suya qərq etdik.
67; Şübhəsiz ki, bu hekayətdə bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi.
68; Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
69; Onlara İbrahimin əhvalatını da oxu.
70; Bir zaman o öz atasına və tayfasına: “Nəyə ibadət edirsiniz?” – demişdi.
71; Onlar dedilər: “Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik”.
72; O dedi: “Onlara yalvardığınız zaman sizi eşidirlərmi?
73; Yaxud sizə xeyir və ya zərər verirlərmi?”
74; Onlar dedilər: “Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük”.
75; O dedi: “Siz nəyə ibadət etdiyinizi görürsünüzmü –
76; həm siz, həm də ulu babalarınız?
77; Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir.
78; O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir;
79; O Rəbb ki, məni yedirdir və içirdir;
80; O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir;
81; O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir;
82; O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram.
83; Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur!
84; Sonra gələnlər arasında həmişə yad edilim deyə mənə yaxşı ad qismət elə!
85; Məni Nəim bağının varislərindən et!
86; Atamı bağışla! Çünki o, azanlardandır.
87; Onların dirildiləcəyi gün məni rüsvay etmə!
88; O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək.
89; Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!”
90; Cənnət müttəqilərə yaxınlaşdırılar.
91; Cəhənnəm də azğınlara göstərilər.
92; Onlara deyilər: “Hanı sizin sitayiş etdikləriniz –
93; Allahdan başqa pənah apardıqlarınız? Onlar sizə kömək edə bilərlərmi, yaxud özlərinə köməkləri dəyə bilərmi?”
94; Onlar azğınlarla birlikdə oraya (Cəhənnəmə) atılarlar,
95; İblisin bütün əsgərləri də habelə.
96; Onlar orada höcətləşərək deyərlər:
97; “Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik –
98; o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq.
99; Bizi ancaq günahkarlar azdırdı.
100; İndi isə bizim nə şəfaətçilərimiz,
101; nə də bizə canıyanan bir dostumuz var!
102; Bir də dünyaya qayıda bilsəydik, möminlərdən olardıq!”
103; Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.
104; Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
105; Nuh tayfası da elçiləri yalançı saydı.
106; O vaxt qardaşları Nuh onlara dedi: “Məgər qorxmursunuz?
107; Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm.
108; Allahdan qorxun və mənə itaət edin.
109; Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
110; Allahdan qorxun və mənə itaət edin!”
111; Onlar dedilər: “Sənə ən rəzil adamlar tabe olduğu halda biz sənə inanarıqmı?”
112; Nuh dedi: “Mən onların nə etdiklərini bilmirəm!
113; Onların haqq-hesabı yalnız Rəbbimə aiddir. Kaş başa düşəydiniz!
114; Mən iman gətirənləri qovan deyiləm.
115; Mən yalnız açıq-aşkar bir qorxudanam”.
116; Onlar dedilər: “Ey Nuh! Əgər dəvətinə son qoymasan, mütləq daşqalaq ediləcəksən”.
117; Nuh dedi: “Ey Rəbbim! Qövmüm məni yalançı hesab etdi.
118; Mənimlə onların arasında qəti hökm ver, məni və mənimlə birlikdə olan möminləri əzabdan qurtar!”
119; Biz onu və onunla birlikdə olanları yüklü gəmidə xilas etdik.
120; Yerdə qalanları isə suya qərq etdik.
121; Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.
122; Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
123; Ad tayfası da elçiləri yalançı saydı.
124; O vaxt qardaşları Hud onlara dedi: “Məgər qorxmursunuz?
125; Həqiqətən, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm.
126; Allahdan qorxun və mənə itaət edin!
127; Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
128; Əcəba, siz hər təpədə əbəs yerə bir əlamətmi qurursunuz (hündür binalarmı tikirsiniz)?
129; Sanki əbədi qalacaqsınız deyə qalalarmı tikirsiniz?
130; Bir kəsi yaxaladığınız zaman qəddar hökmdar kimi yaxalayırsınızmı?
131; Allahdan qorxun və mənə itaət edin!
132; Bildiyiniz nemətləri sizə verəndən qorxun.
133; O sizə heyvanat və oğul-uşaq verdi,
134; üstəlik bağlar və çeşmələr də əta etdi.
135; Mən sizə üz verəcək böyük günün əzabından qorxuram”.
136; Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün birdir.
137; Bu, yalnız və yalnız əvvəlkilərin adətidir.
138; Biz əzaba düçar olan da deyilik”.
139; Onlar onu yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.
140; Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
141; Səmud tayfası da elçiləri yalançı saydı.
142; O vaxt qardaşları Saleh onlara dedi: “Məgər qorxmursunuz?
143; Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm.
144; Allahdan qorxun və mənə itaət edin.
145; Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
146; Məgər siz burada olanların içində sərbəst buraxılacaqsınız?
147; Bağlar və bulaqlar içində,
148; əkinlər və yumşaq meyvəli xurmalıqlar içində arxayınlıqla qalacaqsınız?
149; Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz?
150; Allahdan qorxun və mənə itaət edin!
151; Həddi aşanların əmrinə tabe olmayın.
152; Onlar yer üzündə fəsad törədir və özlərini günahdan təmizləmirlər”.
153; Onlar dedilər: “Sən yalnız və yalnız sehrlənmişlərdənsən.
154; Sən də bizim kimi ancaq bir insansan. Əgər doğru danışanlardansansa, bizə bir möcüzə göstər”.
155; Saleh dedi: “Möcüzə bu dişi dəvədir! Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. (Bir gün o, su içməli, bir gün də siz içməlisiniz).
156; Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar”.
157; Onlar dəvənin diz vətərini kəsdilər, sonra da peşman oldular.
158; Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.
159; Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
160; Lut tayfası da elçiləri yalançı saydı.
161; O vaxt qardaşları Lut onlara dedi: “Məgər qorxmursunuz?
162; Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm.
163; Allahdan qorxun və mənə itaət edin!
164; Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
165; Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir
166; və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan adamlarsınız”.
167; Onlar dedilər: “Ey Lut! Əgər təbliğatına son qoymasan, mütləq qovulanlardan olacaqsan!”
168; O dedi: “Mən sizin əməllərinizə nifrət edənlərdənəm.
169; Ey Rəbbim! Məni və ailəmi onların tutduqları işdən xilas et!”
170; Biz onu və onun bütün ailəsini xilas etdik.
171; Geridə qalanlar arasındakı yaşlı qadından başqa.
172; Sonra da o birilərini darmadağın etdik.
173; Biz onların üstünə daşlardan yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman imiş!
174; Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.
175; Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
176; Əykə əhli də elçiləri yalançı saydı.
177; O vaxt Şueyb onlara dedi: “Məgər qorxmursunuz?
178; Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm.
179; Allahdan qorxun və mənə itaət edin!
180; Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
181; Ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın.
182; Düz tərəzi ilə çəkin.
183; İnsanların əşyalarını əksik verməyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin.
184; Sizi və əvvəlki nəsilləri Yaradandan qorxun!”
185; Onlar dedilər: “Sən yalnız və yalnız sehrlənmişlərdənsən.
186; Sən də bizim kimi ancaq bir insansan. Biz səni yalançılardan biri hesab edirik.
187; Əgər doğru danışanlardansansa, göyün bir parçasını üstümüzə endir”.
188; Şueyb dedi: “Rəbbim sizin nələr etdiyinizi daha yaxşı bilir”.
189; Onlar isə onu yalançı saydılar və buna görə də kölgəli günün əzabı onları yaxaladı. Həqiqətən, o, böyük bir günün əzabı idi.
190; Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.
191; Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
192; Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir.
193; Onu sadiq Ruh (Cəbrail) endirdi –
194; sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan.
195; Bu Quran açıq-aydın ərəb dilində nazil edildi.
196; Şübhəsiz ki, o, keçmiş ümmətlərin kitablarında da xatırlanır.
197; Məgər İsrail oğullarından olan alimlərin onu bilmələri bunlar üçün bir dəlil deyilmi?
198; Əgər Biz onu ərəb olmayanlardan birinə nazil etsəydik,
199; və o, bunu onlara oxusaydı, yenə də ona iman gətirməzdilər.
200; Biz küfrü günahkarların qəlbinə belə salarıq.
201; Onlar ağrılı-acılı əzabı görməyənədək ona inanmazlar.
202; O əzab onlara özləri də hiss etmədən qəflətən gələcəkdir.
203; Onlar deyəcəklər: “Bizə möhlət veriləcəkmi?”
204; Yenədəmi əzabımızın tez gəlməsini istəyirlər?
205; Bilirsənmi, əgər onlara illərcə firavanlıq nəsib etsək,
206; sonra vəd olunduqları əzab onlara yetişsə,
207; onlara nəsib olmuş firavanlıq əzabımızı onlardan dəf edə bilməz.
208; Biz heç bir kəndi onu xəbərdar edənlər olmadan məhv etmədik.
209; Xəbərdar edənləri də öyüd-nəsihət vermək üçün göndərdik. Biz əsla zalım olmamışıq!
210; Quranı şeytanlar endirmədi.
211; Onlar buna layiq deyildirlər və bunu bacara da bilməzlər.
212; Çünki onlar vəhyə qulaq asmaqdan kənar edilmişdilər.
213; Odur ki, Allahla yanaşı başqa bir məbuda ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan.
214; Ən yaxın qohumlarını qorxut!
215; Sənə tabe olan möminləri qanadının altına al (onlara qarşı təvazökar ol)!
216; Əgər onlar sənə asi olsalar, de: “Şübhəsiz ki, mən sizin etdiyiniz əməllərdən uzağam!”
217; Qüdrətli və Rəhmli olana təvəkkül et!
218; O səni namaza duranda da görür,
219; səcdə edənlər içində hərəkət edəndə də.
220; Həqiqətən də, O, Eşidəndir, Biləndir!
221; Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?
222; Onlar hər bir yalançıya və günahkara nazil olarlar.
223; Şeytanlar vəhydən eşitdiklərini kahinlərə təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır!
224; Şairlərə gəldikdə isə, onlara ancaq azğınlar uyar.
225; Məgər görmürsənmi ki, onlar hər vadidə veyl-veyl gəzir (hər mövzuda şer uydurur)
226; və etmədikləri şeylərə aid söhbət açırlar?
227; Təkcə iman sahibi olub xeyirxah əməllər edən, Allahı tez-tez yada salan və haqsızlığa məruz qaldıqdan sonra dini müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər.
Dostları ilə paylaş: |