36. Ya sin ('Ya sin') surəsi
1; Ya. Sin.
2; And olsun hikmətli Qurana!
3; Həqiqətən, sən göndərilmiş elçilərdənsən,
4; doğru yoldasan.
5; Bu Quran Qüdrətli və Rəhmli Allah tərəfindən nazil edilmişdir ki,
6; ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir tayfanı xəbərdar edəsən.
7; Onların əksəriyyəti barəsindəki söz gerçəkləşdi. Çünki onlar iman gətirmədilər.
8; Həqiqətən, Biz onların boyunlarına, çənələrinə dirənmiş zəncirlər keçirtmişik. Odur ki, başları təkəbbürlə yuxarı qalxmışdır.
9; Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar haqqı görmürlər.
10; Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməyəcəklər.
11; Sən ancaq Zikrə tabe olub Mərhəmətli Allahı görmədən Ondan çəkinən şəxsi qorxuda bilərsən. Beləsini bağışlanma və çox gözəl bir mükafatla müjdələ.
12; Həqiqətən, ölüləri dirildən, onların bu dünyada törətdiklərini və tərk etdiklərini yazan Bizik. Biz hər şeyi açıq-aydın Yazıda (Lövhi-məhfuzda) qeydə almışıq.
13; Sən onlara o zaman elçilər gəlmiş şəhər sakinlərini misal çək.
14; O zaman onlara iki nəfər elçi göndərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də elçilərimizi üçüncüsü ilə qüvvətləndirdik. Elçilər: “Həqiqətən, biz sizə göndərilmiş elçilərik” – dedilər.
15; Onlar dedilər: “Siz də bizim kimi sadəcə bir insansınız. Mərhəmətli Allah sizə heç bir şey nazil etməmişdir. Siz ancaq yalan danışırsınız”.
16; Elçilər dedilər: “Rəbbimiz bilir ki, biz, həqiqətən də, sizə göndərilmiş elçilərik.
17; Bizim vəzifəmiz ancaq vəhy olunanı aşkar təbliğ etməkdir”.
18; Onlar dedilər: “Biz sizdə bəd əlamət gördük. Əgər dəvətinizə son qoymasanız, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq ağrılı-acılı bir əzab toxunacaqdır”.
19; Elçilər dedilər: “Sizin uğursuzluğunuz öz ucbatınızdandır. Məgər sizə edilən öyüd-nəsihəti bəd əlamət sayırsınız? Doğrusu, siz həddi aşmış bir millətsiniz”.
20; Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: “Ay camaat! Elçilərin ardınca gedin!
21; Sizdən heç bir mükafat istəməyən, özləri də doğru yolda olan şəxslərin ardınca gedin!
22; Mənə nə olub ki, məni yaradana və hüzuruna qaytarılacağınız Allaha ibadət etməyim?
23; Mən heç Ondan başqa məbudlar qəbul edərəmmi? Əgər Mərhəmətli Allah mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər.
24; Bax onda mən açıq-aydın azğınlığa düşmüş olaram.
25; Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Mənə qulaq asın!”
26; Şəhərin sakinləri bu kişini öldürdükdən sonra ona: “Cənnətə daxil ol!” – deyildi. O dedi: “Kaş xalqım biləydi ki,
27; Rəbbim məni bağışladı və məni hörmətli adamlardan etdi”.
28; Biz ondan sonra xalqının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik.
29; Onları məhv edən ancaq dəhşətli bir səs oldu. Onlar birdən sönüb getdilər.
30; Vay bu qulların halına! Onlara elə bir elçi gəlməyib ki, ona istehza etməsinlər.
31; Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi və onların bir daha geriyə – bunların yanına qayıtmadığını görmürlərmi?
32; Hamısı bir yerdə Bizim hüzurumuza gətiriləcəklər.
33; Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu yağışla dirildir, oradan taxıl çıxardırıq, onlar da ondan yeyirlər.
34; Biz orada xurma bağları və üzümlüklər yaratdıq, bulaqlar qaynadıb çıxartdıq ki,
35; onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər. Bəs onlar şükür etməyəcəklərmi?
36; Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan Allah pakdır, müqəddəsdir.
37; Gecə də onlar üçün bir dəlildir. Biz gündüzü ondan ayırıb çıxaran kimi onlar zülmət içində qalırlar.
38; Günəş də özünün qaldığı yerə axıb gedir. Bu, Qüdrətli, Bilən Allahın əzəli hökmüdür.
39; Ay üçün də mənzillər müəyyən etmişik. Nəhayət, o tədricən dönüb xurma ağacının qurumuş budağı kimi əyri olur.
40; Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri öz orbiti ilə üzüb gedir.
41; Onların nəslini yüklü gəmidə daşımağımız da onlar üçün bir dəlildir.
42; Biz onlar üçün buna bənzər daha neçə-neçə minik vasitələri yaratdıq.
43; Əgər istəsək, onları suya qərq edərik. Onda nə onların imdadına çatan olar, nə də onlar xilas ola bilərlər.
44; Yalnız Bizim onlara rəhm etməyimiz və onlara, müəyyən edilmiş vaxtadək, gün-güzəran nəsib etməyimiz istisnadır.
45; Onlara: “Önünüzdə olan və arxanızca gələndən (dünyada və axirətdə olan əzabdan) qorxun ki, bəlkə sizə rəhm oluna!” – deyildikdə üz çevirirlər.
46; Onlara öz Rəbbinin ayələrindən elə bir ayə gəlmir ki, ondan üz döndərməsinlər.
47; Onlara: “Allahın sizə verdiyi ruzidən sərf edin!” – deyildikdə, kafirlər möminlərə deyirlər: “Allahın istədiyi təqdirdə yedirdəcəyi kimsəni bizmi yedirdəcəyik? Siz ancaq açıq-aydın azğınlıq içindəsiniz”.
48; Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?” – deyə soruşurlar.
49; Onlar sadəcə olaraq, bir-birləri ilə höcətləşərkən özlərini yaxalayacaq bir tükürpədici səsi gözləyirlər.
50; Onlar nə bir vəsiyyət etməyə qadir olacaq, nə də ailələrinin yanına qayıda biləcəklər.
51; Sur ikinci dəfə üfürülən kimi onlar dərhal qəbirlərdən çıxıb Rəbbinə tərəf axışacaqlar.
52; Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Mərhəmətli Allahın vəd etdiyi qiyamətdir. Elçilər doğru deyirlərmiş”.
53; Bircə dəhşətli səs qopan kimi onların hamısı hüzurumuza gətiriləcəklər.
54; Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Sizə ancaq etdiyiniz əməllərin əvəzi veriləcəkdir.
55; Həqiqətən də Cənnət əhli həmin gün nemətlər işində kef çəkəcək.
56; Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər.
57; Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır.
58; Üstəlik Rəhmli Rəbb onlara: “Salam” deyəcək.
59; “Bu gün möminlərdən ayrılın, ey günahkarlar!
60; Ey Adəm övladları! Məgər Mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aydın düşməninizdir,
61; Mənə ibadət edin? Doğru yol budur!
62; Artıq şeytan içərinizdən bir çoxlarını yoldan çıxartmışdır. Məgər dərk etmirdiniz?
63; Bu sizə vəd edilmiş Cəhənnəmdir.
64; Kafir olduğunuza görə bu gün orada yanın!”
65; Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları günahlar barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər.
66; Əgər istəsəydik, onların gözlərini kor edərdik və onda onlar düz yolla getməyə çalışardılar. Amma necə görə bilərdilər?
67; Əgər istəsəydik, onları yerlərindəcə elə eybəcər hala salardıq ki, nə irəli gedə, nə də geri qayıda bilərdilər.
68; Kimə uzun ömür veririksə, onu xilqətcə tərsinə çeviririk. Məgər başa düşmürlər?
69; Biz ona (Muhəmmədə) şer öyrətmədik, bu ona heç yaraşmaz da. Bu ancaq öyüd-nəsihət və aydın Qurandır ki,
70; diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin.
71; Məgər onlar görmürlər ki, Biz onlardan ötrü sahib olduqları mal-qaranı Öz əllərimizlə yaratmışıq?
72; Yaratdıqlarımızı öz istifadələrinə verdik ki, bəzilərindən minik kimi yararlansınlar və bəzilərini də yesinlər.
73; Bunlarda onlar üçün başqa mənfəətlər və içiləcək süd də vardır. Yenə də şükür etməyəcəklərmi?
74; Bir çarə tapmaları üçün müşriklər Allahdan başqa məbudlar qəbul etdilər.
75; Amma məbudlar onlara heç bir kömək edə bilməzlər. Hərçənd ki, onlar bunlar üçün hazır durmuş əsgərlərdir.
76; Onların sözü səni kədərləndirməsin. Şübhəsiz ki, Biz onların nəyi gizli saxladıqlarını və nəyi aşkar etdiklərini bilirik.
77; Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir.
78; O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?”
79; De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir.
80; O sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız”.
81; Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?! Şübhəsiz ki, O, Yaradandır, Biləndir.
82; Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar.
83; Əlində hər şeyin hökmü Olan Allah pak və müqəddəsdir. Siz ancaq Onun hüzuruna qaytarılacaqsınız.
Dostları ilə paylaş: |