52. Tur ('Dağ') surəsi
1; And olsun dağa!
2; And olsun yazılmış Kitaba –
3; nazik dəri üzərində olan Kitaba!
4; And olsun Beytulməmura!
5; And olsun yüksək tavana!
6; And olsun alovlanan dənizə!
7; Rəbbinin əzabı hökmən vaqe olacaqdır.
8; Heç nə onun qarşısını ala bilməz.
9; O gün göy şiddətlə sarsılacaq,
10; dağlar da hərəkətə gələcəkdir.
11; O gün vay halına haqqı yalan sayanların!
12; O kəslər ki, yalan bataqlığında əylənirlər.
13; O gün onlar amansızcasına sürüdülərək Cəhənnəm oduna atılacaqlar.
14; Onlara deyiləcək: “Bu sizin yalan saydığınız Cəhənnəm odudur!
15; Bəlkə bu da sehrdir, siz görmürsünüz?
16; Yanın orada! Dözsəniz də, dözməsəniz də sizin üçün eynidir. Sizə ancaq etdiyiniz əməllərin cəzası verilir”.
17; Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və nemət içində yaşayacaqlar.
18; Rəbbinin onlara bəxş etdiyinə sevinəcəklər. Rəbbi onları Cəhənnəm əzabından xilas etmişdir.
19; Onlara deyiləcək: “Xeyirxah əməllərinizin əvəzi olaraq nuşcanlıqla yeyin, için!”
20; Onlar səflərlə salınmış mütəkkələrə dirsəklənəcəklər. Biz onları iri qaragözlü hurilərlə evləndirəcəyik.
21; Möminlərin imanda onların arxasınca gedən nəsillərini də Cənnətdə özlərinə qovuşduracağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs qazandığının girovudur.
22; Onlara istədikləri meyvədən və ətdən bol-bol verəcəyik.
23; Onlar orada bir-birinə şərab dolu badə uzadacaqlar. Bu şərab onları nə boşboğazlığa, nə də günaha təhrik etməz.
24; Onların ətrafında xidmətlərinə verilmiş, qorunub saxlanılan mirvari kimi yeniyetmə oğlanlar dolanacaqlar.
25; Onlar bir-birinə üz tutub soruşacaqlar.
26; Onlar deyəcəklər: “Biz əvvəllər ailəmiz içində olarkən Allahdan qorxurduq.
27; Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel əzabından qorudu.
28; Biz əvvəllər Ona dua edirdik. Həqiqətən, O, yaxşılıq edəndir, Rəhmlidir!”
29; Onlara xatırlat! Sən öz Rəbbinin neməti sayəsində nə kahinsən, nə də dəli!
30; Yoxsa onlar: “O bir şairdir. Biz onun ölümünü gözləyirik!” – deyirlər.
31; De: “Gözləyin, mən də sizinlə birlikdə gözləyənlərdənəm!”
32; Yoxsa onların ağılları bunu onlara əmr edir? Yaxud onlar azğın adamlardır?
33; Yoxsa onlar: “Bunu özündən uydurdun!” – deyirlər. Xeyr, onlar iman gətirmirlər.
34; Əgər doğru söyləyirlərsə, qoy ona (Qurana) bənzər bir kəlam gətirsinlər.
35; Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır?
36; Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar.
37; Yoxsa sənin Rəbbinin xəzinələri onlardadır? Yaxud onlar hökm sahibidirlər?
38; Yoxsa onların, üstünə çıxıb mələklərin söhbətlərini dinlədikləri bir nərdivanı vardır? Onda qoy onların mələkləri dinləyənləri anlaşıqlı bir dəlil gətirsinlər!
39; Yoxsa qızlar Onun, oğlanlar isə sizindir?
40; Yoxsa sən onlardan bir mükafat istəyirsən və onlar da borclu qaldıqlarına görə ağır yük altındadırlar?
41; Yoxsa onlar qeybi bilir və onu yazırlar?
42; Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma kafirlər özləri o hiylənin qurbanı olacaqlar.
43; Yoxsa onların Allahdan başqa bir məbudu var? Allah onların qoşduqları şəriklərdən uzaqdır.
44; Əgər onlar göy parçalarının düşdüyünü görsələr: “Bulud topasıdır!” – deyərlər.
45; Sən onları sarsılacaqları günə qovuşana qədər tərk et!
46; O gün hiylələri onlara heç bir fayda verməyəcək və onlara kömək göstərilməyəcəkdir.
47; Həqiqətən, zalımlar üçün bundan başqa əzab da hazırlanmışdır. Lakin onların çoxu bunu bilmir.
48; Sən öz Rəbbinin hökmünə səbir et! Həqiqətən, sən Bizim Gözlərimiz önündəsən. Yuxudan qalxdıqda Rəbbini həmd ilə zikr et!
49; Gecənin bir vaxtında, bir də ulduzlar batandan sonra Onun şəninə təriflər de!
Dostları ilə paylaş: |