54. Qamər ('Ay') surəsi
1; O Saat yaxınlaşdı və ay bölündü.
2; Onlar bir möcüzə gördükdə üz döndərib: “Bu, tez keçib-gedən bir sehrdir” deyirlər.
3; Onlar Peyğəmbəri yalançı saydılar və öz nəfslərinin istəklərinə tabe oldular. Halbuki hər bir iş bərqərar olacaqdır.
4; Onlara küfrdən çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.
5; Bu böyük bir hikmətdir. Lakin arxa çevirənlərə təhdidlər nə fayda verə bilər?!
6; Sən də onları tərk et! Carçının onları xoşagəlməz bir şeyə çağıracağı gün
7; onlar zəlil baxışlarla gözlərini aşağı dikmiş halda ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.
8; Kafirlər carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!” – deyəcəklər.
9; Onlardan əvvəl Nuh qövmü elçiləri yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: “O, dəlidir!” – dedilər və ona hədə-qorxu gəldilər.
10; O, Rəbbinə yalvarıb: “Məni üstələdilər! Mənə kömək et!” – dedi.
11; Biz göyün qapılarını leysan yağışı ilə açdıq.
12; Yeri yarıb bulaqlar qaynatdıq. Göydən tökülən və yerdən çıxan sular əzəldən yazılmış bir iş üçün bir-birinə qovuşdu.
13; Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq.
14; İnkar edilmiş peyğəmbərə mükafat olaraq o gəmi Gözlərimiz önündə üzüb gedirdi.
15; Biz onu (həmin hadisəni) nəsillərə ibrət üçün saxladıq. Amma heç bir yada salan varmı?
16; Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!
17; Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
18; Ad qövmü də elçiləri yalançı saydı. Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!
19; Biz uzun sürən uğursuz bir gündə onların üstünə çox soyuq külək göndərdik.
20; O, insanları kökündən çıxardılmış xurma kötükləri kimi qopardıb atırdı.
21; Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!
22; Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
23; Səmud qövmü də xəbərdarlıqları yalan saydı.
24; Onlar dedilər: “Özümüzdən olan bir adamamı tabe olacağıq? Onda biz azğınlığa düşər və ağılsız iş görmüş olarıq!
25; Zikr aramızdan təkcə onamı verildi? Xeyr, o, yalançıdır, lovğadır!”
26; Sabah onlar kimin yalançı və lovğa olduğunu mütləq biləcəklər.
27; Biz onları sınağa çəkmək üçün bir dişi dəvə göndərəcəyik. Sən isə gözlə və səbir et!
28; Onlara xəbər ver ki, bu su, dəvə ilə onlar arasında bölüşdürülmüşdür. Hər biri su içməyə öz növbəsində gəlsin!”
29; Onlar öz yoldaşlarını çağırdılar. O da dəvəni tutub diz vətərini kəsdi.
30; Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!
31; Həqiqətən, Biz onlara bircə tükürpədici səs göndərdik və onlar mal-qara ağılında istifadə edilən quru saman kimi oldular.
32; Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
33; Lut qövmü də xəbərdarlıqları yalan saydı.
34; Biz onların üstünə qasırğa ilə birgə daşlar göndərdik. Yalnız Lutun ailəsini sübh çağı xilas etdik –
35; Özümüzdən bir mərhəmət olaraq! Biz şükür edənləri belə mükafatlandırırıq.
36; Lut onları Bizim əzabımızla hədələdi, onlar isə bu xəbərdarlıqlara şübhə ilə yanaşdılar.
37; Onlar Lutdan qonaqlarını israrla tələb etdilər. Biz də onları kor etdik və dedik: “Əzabımı və təhdidlərimi dadın!”
38; Sübh tezdən onlara yaxalarından əl çəkməyəcək bir əzab gəldi.
39; Elə isə əzabımı və təhdidlərimi dadın!
40; Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
41; Xəbərdarlıqlar Firon nəslinə də göndərildi.
42; Onlar dəlillərimizin hamısını yalan saydılar. Biz də onları Qüvvət və Qüdrətimizə layiq şəkildə əzabla yaxaladıq.
43; Sizin kafirləriniz onlardan yaxşıdırmı? Yoxsa Kitablarda sizə toxunulmazlıq vəd edilmişdir?
44; Yoxsa onlar: “Biz qalib gələcək bir dəstəyik!” – deyirlər?
45; Bu dəstə mütləq məğlub olacaq və arxaya dönüb qaçacaqdır.
46; Xeyr! Onlara vəd edilmiş vaxt o Saatdır. O Saat isə daha ağır, daha acıdır.
47; Şübhəsiz ki, günahkarlar azğınlıq və əzab-əziyyət içindədirlər.
48; O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək və onlara: “Cəhənnəmin təmasını dadın!” – deyiləcəkdir.
49; Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq.
50; Biz bircə dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetir.
51; Biz neçə-neçə həmtaylarınızı məhv etmişik. Amma heç yada salan varmı?
52; Onların etdiyi hər şey əməllərinin yazıldığı kitablarındadır.
53; Hər bir kiçik və böyük əməl yazılmışdır.
54; Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və çaylar kənarında,
55; qadir Hökmdarın hüzurundakı haqq məclisində olacaqlar!
Dostları ilə paylaş: |