Chapter 1 (Sura 1)


Mucadilə ('Mücadilə') surəsi



Yüklə 1,86 Mb.
səhifə57/100
tarix07.01.2022
ölçüsü1,86 Mb.
#81841
1   ...   53   54   55   56   57   58   59   60   ...   100
58. Mucadilə ('Mücadilə') surəsi

1; Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin söhbətinizi eşidir. Həqiqətən, Allah Eşidəndir, Görəndir.

2; Sizlərdən öz qadınlarını anaya bənzədərək özlərinə haram edənlərin zövcələri onların anaları deyillər. Anaları ancaq onları doğmuş qadınlardır. Onlar yaramaz və yalan söz danışırlar. Şübhəsiz ki, Allah əfv edəndir, Bağışlayandır.

3; Qadınlarını anaya bənzədərək özlərinə haram edib, sonra sözlərini geri götürənlər onlarla yaxınlıq etməzdən əvvəl bir kölə azad etməlidirlər. Bu sizə verilən öyüd-nəsihətdir. Allah nə etdiklərinizdən xəbərdardır.

4; Buna imkan tapa bilməyən kəs, qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay ardıcıl oruc tutmalıdır. Buna gücü çatmayan kimsə altmış yoxsulu yedirtməlidir. Bu sizin Allaha və Onun Elçisinə iman gətirməniz üçündür. Bunlar Allahın hüdudlarıdır. Kafirləri isə ağrılı-acılı bir əzab gözləyir.

5; Allaha və Onun Elçisinə qarşı çıxanlar, özlərindən əvvəlkilərin alçaldıqları kimi alçaldılacaqlar. Biz artıq açıq-aydın ayələr nazil etdik. Kafirləri alçaldıcı bir əzab gözləyir.

6; O gün Allah onların hamısını dirildəcək və etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah onları hesaba almış, onlar isə etdiklərini unutmuşlar. Allah hər şeyə şahiddir.

7; Məgər Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsən? Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, onların dördüncüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, Allah onların yanındadır. Sonra Qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi bilir.

8; Gizli söhbət qadağan ediləndən sonra yenə də qadağan olunmuş əmələ qayıdıb günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə öz aralarında xısın-xısın danışanları görmədinmi? Onlar sənin yanına gəldikdə səni Allahın salamladığı kimi salamlamır və öz-özlərinə: “Bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?” – deyirlər. Cəhənnəm onlara yetər. Onlar orada yanacaqlar. Ora necə də pis dönüş yeridir.

9; Ey iman gətirənlər! Gizli danışdığınız zaman günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə danışmayın. Yaxşı işlər və Allahdan qorxmaq barədə danışın, hüzuruna toplanılacağınız Allahdan qorxun!

10; Gizli söhbətlər iman gətirənləri kədərləndirməyə çalışan şeytandandır. Amma Allahın izni olmadıqca o, onlara heç bir zərər yetirə bilməz. Qoy möminlər Allaha təvəkkül etsinlər.

11; Ey iman gətirənlər! Sizə: “Məclislərdə yer verin!” – deyildikdə yer verin ki, Allah da sizə geniş yer versin. Habelə sizə: “Qalxın!” – deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah nə etdiklərinizdən xəbərdardır.

12; Ey iman gətirənlər! Peyğəmbərlə gizli söhbət edəcəyiniz zaman bu söhbətinizdən əvvəl sədəqə verin. Bu sizin üçün daha xeyirli və daha pakdır. Əgər bir şey tapmasanız bilin ki, Allah Bağışlayandır, Rəhmlidir.

13; Məgər siz gizli söhbətinizdən əvvəl sədəqə verməkdən qorxdunuzmu? Əgər siz bunu etməmisinizsə və Allah da tövbənizi qəbul edibsə, onda namaz qılıb zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır.

14; Məgər sən, Allahın qəzəbləndiyi adamlarla dostluq edənləri görmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar bilə-bilə yalandan and içirlər.

15; Allah onlar üçün şiddətli bir əzab hazırlamışdır. Onların etdiyi əməllər necə də pisdir.

16; Onlar andlarını özlərinə sipər edib insanları Allah yolundan döndərdilər. Onları alçaldıcı bir əzab gözləyir.

17; Allaha qarşı nə malları, nə də övladları onlara heç bir fayda verə bilməyəcək. Onlar Cəhənnəm sakinləridir və orada əbədi qalacaqlar.

18; Allah onların hamısını dirildəcəyi gün onlar sizə and içdikləri kimi, Ona da and içəcək və nə isə əldə etdiklərini güman edəcəklər. Əslində, onlar əsl yalançılardır.

19; Şeytan onları üstələmiş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsindəndirlər. Şübhə yoxdur ki, şeytanın firqəsindəkilər ziyana uğrayanlardır.

20; Məhz Allaha və Onun Elçisinə qarşı çıxanlar ən zəlil kimsələr arasında olacaqlar.

21; Allah əzəldən belə yazmışdır: “Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir.

22; Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə – dostluq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. Allah onları ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Həqiqətən, məhz Allahın firqəsi nicat tapanlardır.


Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin