69. Haqqə ('Haqq olan') surəsi
1; Haqq olan Qiyamət!
2; Nədir haqq olan Qiyamət?
3; Sən nə biləsən ki, nədir haqq olan Qiyamət?
4; Səmud və Ad tayfaları qəlbləri qorxuya salan Qiyaməti yalan saydılar.
5; Səmud tayfası qorxunc bir səslə məhv edildi.
6; Ad tayfası isə hədsiz soyuq və şiddətli küləklə yox edildi.
7; Allah onu yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi. Sən orada olsaydın, o tayfanı xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərilmiş görərdin.
8; Sən onlardan qalan bir kimsəyə heç rast gəlmisənmi?
9; Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlər (Lut qövmü) də günah işlətmişdilər.
10; Onlar öz Rəbbinin elçisinə asi oldular, O da onları şiddəti artan bir əzabla yaxaladı.
11; Su aşıb-daşdıqda Biz sizi üzən gəmidə daşıdıq.
12; Sizə bir xatırlatma olsun və yadda saxlayan qulaqlar onu yadda saxlasın deyə belə etdik.
13; Sur bircə dəfə üfürüləcəyi,
14; yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman –
15; həmin gün Vaqiə qopacaq.
16; Göy yarılacaq və həmin gün o, süst olacaqdır.
17; Mələklər isə onun ətrafında olacaqlar. O gün sənin Rəbbinin Ərşini səkkiz mələk daşıyacaqdır.
18; O gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir.
19; Kitabı sağ əlinə verilən deyəcəkdir: “Budur, oxuyun kitabımı!
20; Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam”.
21; O, xoşbəxt həyat sürəcəkdir –
22; uca bir Cənnətdə –
23; elə bir Cənnətdə ki, onun meyvələri lap yaxınlıqda olacaqdır.
24; Onlara: “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!” – deyiləcəkdir
25; Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi!
26; Hesabımdan da xəbərim olmayaydı!
27; Kaş ilk ölümüm həmişəlik olaydı!
28; Var-dövlətim məni əzabdan qurtarmadı.
29; Hökmranlığım da məhv olub getdi”.
30; Mələklərə deyiləcək: “Onu yaxalayıb zəncirləyin!
31; Sonra da Cəhənnəmə atın!
32; Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun!
33; Çünki o, Böyük Allaha iman gətirmirdi,
34; və heç kəsi kasıbı yedirtməyə rəğbətləndirmirdi.
35; Bu gün burada onun üçün bir dost tapılmaz.
36; Qanlı irindən başqa yeməyi də yoxdur.
37; Onu ancaq günahkarlar yeyər”.
38; And içirəm həm gördüklərinizə
39; və həm də görmədiklərinizə!
40; Bu, möhtərəm bir Elçinin sözüdür.
41; O, şair sözü deyildir! Necə də az inanırsınız!
42; O, kahin sözü də deyildir! Necə də az düşünürsünüz!
43; O, aləmlərin Rəbbi tərəfindən vəhy edilmişdir!
44; Əgər Muhəmməd bəzi sözləri özündən uydurub Bizə aid etsəydi,
45; Biz onu sağ əlindən yaxalayar,
46; sonra da şah damarını kəsərdik.
47; İçərinizdən heç kəs buna mane ola bilməzdi.
48; Həqiqətən, bu Quran müttəqilər üçün bir nəsihətdir.
49; Aranızdan Quranı yalan sayanlar olduğunu da bilirik!
50; Həqiqətən, bu, kafirlər üçün bir peşmançılıqdır.
51; Sözsüz ki, bu Quran əsl həqiqətdir.
52; Elə isə Böyük Rəbbinin adına təriflər de!
Dostları ilə paylaş: |