70. Məaric ('Dərəcələr') surəsi
1; İstəyən kimsə baş verəcək əzabı istədi –
2; bunu kafirlər üçün dilədi. O əzabın qarşısını alan tapılmayacaq.
3; O, dərəcələr sahibi olan Allahdandır.
4; Mələklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar.
5; Sən təmkinlə səbir et!
6; Doğrusu, kafirlər o əzabın uzaq olduğunu güman edirlər.
7; Biz isə onun yaxın olduğunu görürük.
8; O gün göy əridilmiş metal kimi olacaqdır.
9; Dağlar da didilmiş yuna bənzəyəcəklər.
10; Dost dostunun halını xəbər almayacaq.
11; Halbuki onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını,
12; həyat yoldaşını və qardaşını,
13; ona sığınacaq vermiş nəslini
14; və yer üzündə olanların hamısını – təki bu onu xilas etsin.
15; Xeyr! Bu, alovu şölələnən Oddur –
16; başın dərisini sıyırıb çıxaran bir od.
17; O od çağırır haqqa arxa çevirəni, ondan üz döndərəni
18; və mal-dövlət yığıb saxlayanı.
19; Həqiqətən, insan kəmhövsələ yaradılmışdır.
20; Ona bir pislik toxunduqda özündən çıxır,
21; bir xeyir nəsib olduqda isə xəsislik edir.
22; Namaz qılanlar istisnadır.
23; O kəslər ki, namazlarını həmişə qılırlar.
24; O kəslər ki, onların mallarında məlum bir haqq vardır-
25; dilənən və həya edib dilənməyən miskinlər üçün.
26; O kəslər ki, Haqq-hesab gününü təsdiq edirlər.
27; O kəslər ki, Rəbbinin əzabından qorxurlar.
28; Axı Rəbbinin əzabı onlar üçün də təhlükəsiz deyil.
29; O kəslər ki, tənasül üzvlərini zinadan qoruyurlar –
30; zövcələrindən və sahib olduqları cariyələrdən başqa. Buna görə onlar əsla qınanmazlar.
31; Bundan artığını istəyənlər isə həddi aşanlardır.
32; O kəslər ki, əmanəti danmır və əhdlərini pozmurlar.
33; O kəslər ki, şahidliklərində mətindirlər.
34; Bir də o kəslər ki, namazlarını dəqiqliklə qılırlar.
35; Cənnət bağlarında hörmət göstəriləcək insanlar da elə onlar olacaqdır.
36; Sənə doğru tələsən kafirlərə nə olub belə –
37; sağdan-soldan dəstələrlə ətrafına yığışırlar?
38; Deyəsən onların hamısı Nəim cənnətinə bir təhər girə biləcəklərini düşünürlər?
39; Xeyr! Bu mümkün deyil! Biz onları bildikləri şeydən xəlq etmişik.
40; And içirəm məşriqlərin və məğriblərin Rəbbinə! Biz doğrudan da, elə bir qüdrətə malikik ki, –
41; onları daha yaxşıları ilə əvəz edə bilərik. Bunda qarşımıza çıxa bilən tapılmaz.
42; Vədə verilmiş günə çatanadək onlarla daha işin olmasın, qoy boş-boş danışsınlar və əylənsinlər.
43; O gün, məbudlarına ibadətə can atırmışlar kimi onlar qəbirlərdən çıxacaqlar.
44; O gün onların baxışları yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Budur onların xəbərdar edildikləri Gün!
Dostları ilə paylaş: |