71. Nuh ('Nuh') surəsi
1; Həqiqətən, Biz Nuhu öz qövmünə göndərdik və dedik: “Sən öz qövmünü, onlara ağrılı-acılı bir əzab gəlməmişdən əvvəl xəbərdar et!”
2; O dedi: “Ey qövmüm! Şübhəsiz ki, mən sizi aydın bir tərzdə xəbərdar edənəm!
3; Allaha ibadət edin, Ondan qorxun və mənə itaət edin!
4; Belə etsəniz, O sizin günahlarınızdan keçər və sizə müəyyən vaxtadək möhlət verər. Həqiqətən, Allahın müəyyən etdiyi vaxt gəlib çatdıqda əsla təxirə salınmaz. Kaş biləydiniz!”
5; O dedi: “Ey Rəbbim, mən xalqımı gecə də, gündüz də dəvət etdim.
6; Amma dəvətim onların haqdan qaçmalarını daha da artırdı.
7; Sən onları bağışlayasan deyə mən hər dəfə onları imana dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, küfrlərində israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər.
8; Sonra mən onları aşkarcasına dəvət etdim.
9; Sonra mən onlara həm uca səslə, həm də gizlicə bildirib
10; dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır!
11; O, sizin üzərinizə bol-bol yağış göndərər,
12; var-dövlət və oğul-uşaqla sizin imdadınıza çatar, sizin üçün bağlar salar və çaylar yaradar.
13; Necə olub ki, siz Allahın böyüklüyünü layiqincə uca tutmursunuz?
14; Axı O sizi mərhələlərlə yaratdı.
15; Məgər Allahın yeddi göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüz?
16; Ayı bir nur, günəşi də çıraq etmişdir.
17; Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir.
18; Sonra O sizi ora qaytaracaq və yenidən çıxardacaqdır.
19; Allah yeri sizin üçün xalı təki döşədi.
20; Belə etdi ki, orada geniş yollarla hərəkət edəsiniz”.
21; Nuh dedi: “Ey Rəbbim! Onlar mənə asi oldular və var-dövləti, övladı özünə zərərdən başqa bir şey artırmayan bir adama tabe oldular.
22; Onlar mənə qarşı böyük bir hiylə işlətdilər
23; və özlərinə tabe olanlara dedilər: “Öz məbudlarınızı tərk etməyin; Vəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!”
24; Artıq onlar çoxlarını azdırmışlar. Sən də zalımlara azğınlıqdan başqa bir şey artırma”.
25; Onlar öz günahlarına görə suya qərq edildilər və oda atıldılar. Onlar özlərinə Allahdan savayı köməkçilər tapmadılar.
26; Nuh dedi: “Ey Rəbbim, kafirlərdən yer üzündə bir nəfəri belə sağ qoyma!
27; Əgər Sən onları sağ qoysan, onlar qullarını azdıracaq və yalnız günahkar, kafir övladlar doğub-törədəcəklər.
28; Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və bütün mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır”.
Dostları ilə paylaş: |