72. Cinn ('Cinlər') surəsi
1; De: “Mənə vəhy olundu ki, cinlərdən bir dəstə Quranı dinlədikdən sonra öz tayfalarına qayıdıb dedilər: “Həqiqətən, biz heyrətamiz bir Quran dinlədik!
2; O, doğru yola yönəldir. Biz ona inandıq və bundan sonra əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq.
3; Doğrudan da, Rəbbimizin əzəməti çox yüksəkdir. O, nə zövcə, nə də övlad sahibi olmamışdır.
4; Bizim səfehimiz İblis Allaha qarşı hədsiz yalanlar danışır.
5; Biz zənnə qapılaraq düşünürdük ki, insanlar da, cinlər də Allaha iftira atmazlar.
6; Həqiqətən, insanlardan bəziləri cinlərin bəzilərinə sığınırdılar. Bu isə onların azğınlığını artırırdı.
7; Onlar da siz zənn etdiyiniz kimi, elə düşünürdülər ki, Allah ölənləri diriltməyəcəkdir.
8; Biz səmaya qalxdıqda onun sərt gözətçilər və yandırıb-yaxan alovlarla dolu olduğunun şahidi olduq.
9; Biz əvvəllər gizlicə qulaq asmaq üçün göyün bəzi sahələrində oturardıq. Amma kim bunu indi etmək istəsə, o, pusquda gözləyən yandırıcı alova rast gələr.
10; Biz bilmirik, bununla yerdəkilərə pislik etmək qəsd edilmişdir, yoxsa Rəbbi onları doğru yola yönəltmək istəmişdir?
11; Əlbəttə, aramızda xeyirxah əməl sahibləri də, onlar kimi olmayanlar da var. Biz ayrı-ayrı yollar tutmuşuq.
12; Biz yəqin etdik ki, yer üzündə Allahdan yaxa qurtara bilmərik. Göyə qaçmalı olsaq da Onun əzabından yayına bilməyəcəyik.
13; Biz doğru yolu göstərən rəhbəri eşitdiyimiz zaman ona iman gətirdik. Rəbbinə iman gətirən, nə savabının azalmasından, nə də haqsızlığa uğramaqdan qorxmaz.
14; Sözsüz ki, bizlərdən müsəlmanlar da var, doğru yoldan sapanlar da. Müsəlman olan şəxslər doğru yol tutanlardır.
15; Doğru yoldan sapanlar Cəhənnəm üçün odun olacaqlar”.
16; Əgər onlar o yolda sabit qalsaydılar, Biz onlara bol-bol su verərdik.
17; Belə edərdik ki, bununla onları sınayaq. Kim öz Rəbbinin zikrindən üz döndərərsə, O, həmin şəxsi şiddətli bir əzaba məruz qoyar.
18; Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin!
19; Allahın qulu qalxıb Allaha dua etdikdə cinlər az qala onun dövrəsində bir-birinə keçib çəpər yaradırdılar.
20; De: “Mən yalnız öz Rəbbimə dua edirəm və kimisə Ona şərik qoşmuram!”
21; De: “Mən sizə nə ziyan verməyə, nə də sizi doğru yola yönəltməyə qadir deyiləm!”
22; De: “Həqiqətən, məni Allahdan kimsə xilas edə bilməz və mən Ondan başqa bir pənah yeri tapa bilmərəm!
23; Mənim əlimdən gələn ancaq Allahı və Onun göndərdiklərini təbliğ etməkdir. Kim Allaha və Onun Elçisinə asi olarsa, onun üçün içərisində əbədi qalacaqları Cəhənnəm odu hazırlanmışdır”.
24; Onlar özlərinə vəd olunmuş əzabı gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.
25; De: “Mən sizə vəd olunmuş əzabın yaxın olduğunu və yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin etmiş olduğunu bilmirəm.
26; O, qeybi Biləndir və Öz qeybini heç kəsə açmaz;
27; razı qaldığı elçidən başqa. Həqiqətən, Allah onların önündə və arxasında gözətçilər qoyur ki,
28; hər kəs onların, Rəbbinin göndərdiklərini necə təbliğ etdiyini bilsin. Allah onların nə etdiklərini nəzarəti altında saxlayır və hər şeyi ayrı-ayrılıqda hesaba alır”.
Dostları ilə paylaş: |