85. Buruc ('Bürclər') surəsi
1; And olsun bürclü göyə!
2; And olsun vədə verilmiş günə!
3; And olsun şahidlik edənə və edilənə!
4; Məhv olsun xəndək kənarında yığışanlar!
5; Odunla alışdırılmış xəndək.
6; Onlar o xəndəyin qırağında oturub,
7; möminlərə öz verdikləri işgəncələrə şahidlik edirdilər.
8; Kafirlər onlardan yalnız Qüdrətli, Tərifəlayiq Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.
9; Halbuki, göylərdə və yerdə mütləq hakimiyyət Ona məxsusdur. Allah hər şeyə Şahiddir.
10; O kəslər ki, mömin kişi və qadınları yandırmaqla sınağa çəkmiş, sonra da tövbə etməmişlər, onlara Cəhənnəm əzabı və onları yandırıb-yaxacaq od əzabı hazırlanmışdır.
11; Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər üçün ağacları altından çaylar axan Cənnət bağları vardır. Bu, böyük müvəffəqiyyətdir.
12; Doğrudan da, Rəbbinin günahkarları yaxalaması çox şiddətlidir!
13; Həqiqətən, O, hər şeyi ilkin yaradır və onu yenidən bərpa edir!
14; Bağışlayan da, Sevən də Odur!
15; Ərşin sahibidir, Şan-şöhrətlidir!
16; İstədiyini edəndir.
17; Qoşunlar haqqında əhvalat sənə çatıbmı?
18; Firon və Səmud qoşunlarının.
19; Xeyr, küfr edənlər haqqı yalan saymaqdadırlar.
20; Allah onları arxadan əhatə etmişdir.
21; Bəli, bu şanlı Qurandır.
22; O, mühafizə edilən lövhədədir.
Dostları ilə paylaş: |