89. Fəcr ('Dan yeri') surəsi
1; And olsun dan yerinə!
2; And olsun on gecəyə!
3; And olsun cütə və təkə!
4; And olsun keçib getməkdə olan gecəyə!
5; Məgər bu andlar ağıl sahibi üçün kifayət deyilmi?
6; Məgər görmədinmi ki, Rəbbin nələr etdi Ad qövmünə,
7; sütunlar sahibi İrəm qəbiləsinə –
8; halbuki, yer üzündə onlar kimisi xəlq edilməmişdi.
9; Habelə vadidə qayaları yonan Səmud qövmünə?
10; Eləcə də sütunlar sahibi Firona?
11; Onlar o kəslər idi ki, ölkələrində həddi aşmış,
12; çoxlu fitnə-fəsad törətmişdilər.
13; Rəbbin də onları əzabla qamçıladı.
14; Həqiqətən, sənin Rəbbin nəzarət edir.
15; İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə: “Rəbbim mənə ehtiram göstərdi!” – deyər.
16; Amma onu sınamaq üçün ruzisini azaldanda: “Rəbbim məni alçaltdı!” – deyər.
17; Xeyr! Əslində siz yetimə ehtiram göstərmirsiniz,
18; kasıbı yedirməyə bir-birinizi təhrik etmirsiniz,
19; mirası hərisliklə yeyirsiniz,
20; var-dövləti də hərisliklə sevirsiniz.
21; Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq,
22; sənin Rəbbin və səf-səf düzülmüş mələklər gələcək
23; və o gün Cəhənnəm gətiriləcək. O gün insan günahlarını xatırlayacaqdır. Lakin bu xatırlamanın ona nə faydası?
24; O: “Kaş axirət həyatım üçün əvvəlcədən hazırlıq görəydim!” – deyəcəkdir.
25; O gün heç kəs Allahın verdiyi əzab kimi əzab verə bilməz
26; və heç kəs Onun buxovladığı kimi buxovlaya bilməz.
27; O gün möminə deyiləcəkdir: “Ey arxayın olan kəs!
28; Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön!
29; Mənim qullarımın cərgəsinə keç!
30; Cənnətimə daxil ol!
Dostları ilə paylaş: |