92. Leyl ('Gecə') surəsi
1; And olsun yer üzünü zülmətə bürüməkdə olan gecəyə!
2; And olsun günəşin çıxması ilə aydınlaşan gündüzə!
3; And olsun kişini və qadını yaradana!
4; Sizin can atdıqlarınız başqa-başqadır.
5; Kim haqqını verir və Allahdan qorxursa,
6; və ən gözəl olanı (lə ilahə illəllahı) təsdiq edirsə,
7; Biz onu ən asan olana nail edəcəyik.
8; Kim də xəsislik edərək Rəbbinə ehtiyacı olmadığını güman edirsə
9; və ən gözəl olanı (lə ilahə illəllahı) yalan hesab edirsə,
10; Biz onun üstünə ən çətin olanı yükləyəcəyik.
11; Cəhənnəmə düşdükdə var-dövləti ona fayda verməyəcək.
12; Şübhəsiz ki, doğru yola yönəltmək Bizə aiddir.
13; Sözsüz ki, Axirət də, dünya həyatı da Bizimdir.
14; Mən sizi alov saçan bir odla qorxutdum.
15; Ona ancaq ən bədbəxt kimsə girər.
16; O kimsə ki, haqqı yalan sayır və ondan üz döndərir.
17; Allahdan ən çox qorxan isə o Oddan uzaqlaşdırılar.
18; O kimsə ki, malını Allah yolunda verir, günahlardan təmizlənir.
19; Əvəzi veriləcək nemət üçün onun heç kəsə minnəti olmaz.
20; O bunu ancaq Ən Uca Rəbbinin Üzünü dilədiyindən edər.
21; O, mütləq razı qalacaqdır!
Dostları ilə paylaş: |