97. Qədr ('Qədr gecəsi') surəsi
1; Həqiqətən, Biz Quranı Qədr gecəsində nazil etdik!
2; Sən haradan biləsən ki, Qədr gecəsi nədir?
3; Qədr gecəsi min aydan xeyirlidir.
4; O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə yerə enirlər.
5; O gecə sübh açılanadək əmin-amanlıq olur.
98. Beyyinə ('Açıq-aydın dəlil') surəsi
1; Kitab əhlindən və müşriklərdən inkar edənlər onlara açıq-aydın dəlil gəlməyincə küfrlərindən əl çəkmədilər.
2; Bu dəlil pak səhifələri oxuyan Allahın göndərdiyi Elçidir.
3; Onların içində doğru yazılar vardır.
4; Kitab verilənlər onlara yalnız aydın bir dəlil gəldikdən sonra firqələrə bölündülər.
5; Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!
6; Həqiqətən, Kitab əhlindən və müşriklərdən inkar edənlərin məskəni Cəhənnəm odu olacaq və orada əbədi qalacaqlar. Onlar məxluqatın ən pisləridir.
7; Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər məxluqların ən yaxşısıdırlar.
8; Onların Rəbbinin yanındakı mükafatı ağacları altından çaylar axan, içində əbədi qalacaqları Ədn bağlarıdır. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu nemətlər, Rəbbindən qorxan kimsələrdən ötrüdür!
Dostları ilə paylaş: |