Chapter 1 (Sura 1)



Yüklə 1,86 Mb.
səhifə37/100
tarix07.01.2022
ölçüsü1,86 Mb.
#81841
1   ...   33   34   35   36   37   38   39   40   ...   100
38. Sad ('Sad') surəsi

1; Sad. Öyüd-nəsihətlə dolu Qurana and olsun!

2; Kafirlər təkəbbür və nifaq içindədirlər.

3; Biz onlardan öncə də neçə-neçə nəsilləri məhv etmişik. Onlar yalvarıb imdad diləyirdilər, lakin artıq qurtulma vaxtı keçmişdi.

4; Öz aralarından onlara xəbərdarlıq edən bir peyğəmbər gəldiyinə təəccüb edərək kafirlər dedilər: “Bu, yalançı bir sehrbazdır!

5; O, bütün məbudları bir məbudmu etdi? Həqiqətən, bu, əcaib bir şeydir”.

6; Onların adlı-sanlı adamları çıxıb gedərək dedilər: “Gedin öz məbudlarınızla səbirlə davranın. Doğrusu, bu sizdən istənilən bir şeydir.

7; Biz bunu axırıncı dində də eşitməmişik. Bu, uydurmadan başqa bir şey deyil.

8; Məgər içimizdən təkcə onamı Zikr vəhy edilmişdir?” Xeyr, onlar Mənim Zikrimə şəkk gətirirlər. Xeyr, onlar Mənim əzabımı hələ dadmayıblar.

9; Yoxsa sənin Qüdrətli və Bəxşedən Rəbbinin rəhmət xəzinələri onlardadır?

10; Ya da, göylərin, yerin və onların arasında olanların üzərində hakimiyyət onlaramı verilmişdir? Qoy onda istənilən yolla göyə qalxsınlar.

11; Bu ordu da əvvəlki əlbir dəstələr kimi darmadağın ediləcəkdir.

12; Onlardan əvvəl Nuh qövmü, Ad və dirəklər sahibi Firon da elçiləri yalançı saymışdılar.

13; Həmçinin Səmud, Lut qövmü və Əykə əhli də. Bunlar əlbir dəstələr idi.

14; Hər biri elçiləri yalançı hesab etdi və Mənim cəzam da gerçəkləşdi.

15; Onlar təkcə olaraq, qarşısıalınmaz bir tükürpədici səsi gözləyirlər.

16; Onlar istehza edərək: “Ey Rəbbimiz! Bizim payımızı Hesablaşma günü gəlməmişdən əvvəl tezliklə ver!” – dedilər.

17; Onların dediklərinə səbir et və qüdrətli qulumuz Davudu yadına sal! O, daim Allaha üz tutardı.

18; Biz dağları ona ram etmişdik. Onlar axşam çağı və səhər onunla birlikdə Allahın şəninə təriflər deyirdilər.

19; Biz quşları da toplum halda ona ram etmişdik. Hamısı daima Allaha üz tutardı.

20; Biz onun mülkünü möhkəmləndirdik, özünə də hikmət (peyğəmbərlik) və düzgün qərar çıxartmaq qabiliyyəti bəxş etdik.

21; Davudun yanında çəkişənlərin xəbəri sənə gəlib çatdımı? O zaman onlar divarı aşıb məbədə girdilər.

22; Onlar Davudun yanına daxil olduqda Davud onlardan qorxdu. Onlar dedilər: “Qorxma! Biz iki iddiaçıyıq. Birimiz digərinin haqqını tapdalamışdır. Aramızda ədalətlə hökm ver, haqsızlıq etmə və bizə düz yolu göstər!

23; Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mənim isə bircə qoyunum vardır. Bununla belə: “Onu mənə ver!” – dedi və mübahisədə mənə üstün gəldi”.

24; Davud dedi: “O sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə, sənə qarşı haqsızlıq etmişdir. Həqiqətən, şəriklərin çoxu bir-birinin haqqını tapdalayar. Yalnız iman gətirib yaxşı işlər görənlərdən başqa. Onlar isə çox azdırlar!” Bunları dedikdən sonra, Davud Bizim onu sınağa çəkdiyimizi yəqinləşdirərək, Rəbbindən özünün bağışlanmasını dilədi və səcdəyə qapanıb tövbə etdi.

25; Biz bunu ona bağışladıq. Həqiqətən, o Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır.

26; Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik. Elə isə insanlar arasında ədalətlə hökm ver, nəfsin istəyinə uyma, yoxsa o səni Allahın yolundan azdırar. Həqiqətən, Allahın yolundan azanları Hesablaşma gününü unutduqları üçün şiddətli bir əzab gözləyir.

27; Biz göyü, yeri və onların arasındakılarını nahaq yerə xəlq etməmişik. Bu, kafirlərin zənnidir. Vay o kafirlərin Oddakı halına!

28; Biz heç iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərə tay tutarıqmı? Ya da Allahdan qorxanları günahkarlara tay tutarıqmı?

29; Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik.

30; Biz Davuda Süleymanı bəxş etdik. O necə də gözəl qul idi! Daima Allaha üz tutardı.

31; Bir dəfə axşam çağı ona üç ayağı üstündə durub bir ayağının dırnağını yerə vuran, çapar atlar göstərildi.

32; Süleyman dedi: “Mən, günəş üfüqdə batanadək nemətə olan məhəbbəti Rəbbimi zikr etməkdən üstün tutdum – atlar məni əsr namazından yayındırdı”.

33; Süleyman: “Onları yanıma qaytarın!” – dedi. O, atların qıçlarını və boyunlarını vurmağa başladı.

34; Biz Süleymanı sınağa çəkib taxtının üstünə cansız bir cəsəd atdıq. Sonra o tövbə edib qayıtdı.

35; O dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın. Həqiqətən, Sən Bəxşedənsən.

36; Biz də, onun əmri ilə istədiyi yerə sakitcə əsən küləyi ona ram etdik.

37; Həmçinin şeytanlardan olan müxtəlif nəqşlər vuran bənnaları, dalğıcları

38; və başqalarını da zəncirlənmiş halda ona tabe etdik

39; və buyurduq: “Bu Bizim hədiyyəmizdir! Bunlardan istədiyinə versən də, verməsən də səndən haqq-hesab tələb olunmayacaqdır”.

40; Həqiqətən, o Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır.

41; Qulumuz Əyyubu da yada sal! Bir zaman o öz Rəbbinə yalvarıb demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!”

42; Biz ona dedik: “Ayağını yerə vur! Budur yuyunmaq və içmək üçün sərin su!”

43; Bizdən bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona ailəsini yenidən və üstəlik bir o qədər də əlavə övlad bəxş etdik.

44; Biz ona dedik: “Əlinə bir dəstə çubuq götür və onunla arvadını vur. Andını pozma”. Həqiqətən, Biz onu səbir edən gördük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı.

45; Qüdrət və bəsirət sahibi olan qullarımız İbrahimi, İshaqı və Yəqubu da yada sal!

46; Biz onları Axirət yurdunu sadiq ürəklə andıqlarına görə seçdik.

47; Həqiqətən, onlar Bizim yanımızda seçilmiş ən yaxşı kimsələrdəndirlər.

48; İsmaili, əl-Yəsə´i və Zül-Kifli də yada sal! Onların hamısı ən yaxşı kimsələrdəndir.

49; Bu, bir xatırlatmadır. Allahdan qorxanları gözəl bir qayıdış yeri gözləyir –

50; qapıları onlar üçün açılmış Ədn bağları.

51; Onlar orada taxtlara dirsəklənib çoxlu-çoxlu meyvələr və cənnətə məxsus içkilər istəyəcəklər.

52; Onların yanında gözlərini ərindən çəkməyən həmyaşıdları olacaqdır.

53; Hesablaşma günü üçün sizə vəd olunanlar bunlardır.

54; Bəli, bu Bizim verdiyimiz nemətdir. O, tükənməzdir.

55; Bax belə! Şübhəsiz ki, azğınları da çox pis qayıdış yeri gözləyir –

56; içində yanacaqları Cəhənnəm. Ora nə pis yataqdır!

57; Bu, qaynar su və irindir. Qoy onu dadsınlar!

58; Kafirlər üçün əzabın buna bənzər başqa növləri də vardır.

59; Kafirlərin başçılarına deyiləcək: “Bu sizinlə birlikdə Cəhənnəmə girən dəstədir. Başçılar deyəcəklər: “Onlara salam olmasın! Şübhəsiz ki, onlar odda yanacaqlar”.

60; Tabe olanlar deyəcəklər: “Xeyr, sizin özünüzə salam olmasın! Bunu bizə siz təqdim edirdiniz. Ora necə də pis qərar tutulan yerdir!”

61; Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bunu bizə kim təqdim edibsə, onun əzabını odda ikiqat elə!”

62; Günahkarlar deyəcəklər: “Bizə nə olub ki, dünyada ikən pis adamlar saydığımız kişiləri burada görmürük?

63; Biz onları haqsızcasınamı məsxərəyə qoyurduq? Nə isə, onlar gözə dəymirlər?”

64; Şübhəsiz ki, bu, od sakinlərinin bir-biri ilə höcətləşməsi bir həqiqətdir.

65; De: “Mən yalnız xəbərdar edənəm. Tək olan, hər şeyə Qalib gələn Allahdan başqa məbud yoxdur”.

66; O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. O, Qüdrətlidir, Bağışlayandır.

67; De: “O, böyük xəbərdir.

68; Siz isə ondan üz döndərirsiniz.

69; Ali toplum mübahisə apararkən mənim onlardan heç bir xəbərim yox idi.

70; Mənə, ancaq açıq-aydın xəbərdar edən olduğuma görə vəhy olunur”.

71; Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam.

72; Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!”

73; Mələklərin hamısı birlikdə səcdə etdi,

74; yalnız İblisdən başqa! O təkəbbür göstərdi və kafirlərdən oldu.

75; Allah dedi: “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, böyüklərdənmi olmuşdun?”

76; İblis dedi: “Mən ondan daha xeyirliyəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!”

77; Allah dedi: “Çıx oradan! Sən artıq rəhmətimdən qovulmuşsan!

78; Haqq-hesab gününə qədər lənətim sənin üzərində olacaqdır!”

79; İblis dedi: “Ey Rəbbim! Onlar dirildiləcəkləri günə qədər mənə möhlət ver”.

80; Allah dedi: “Sən möhlət verilənlərdənsən –

81; vaxtı məlum olan günə qədər!”

82; İblis dedi: “Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam;

83; Təkcə Sənin seçilmiş ixlaslı qullarından başqa!”

84; Allah dedi: “Budur haqq! Mən yalnız haqqı deyirəm!

85; Mən Cəhənnəmi səninlə və sənə tabe olanların hamısı ilə dolduracağam!”

86; De: “Mən buna görə sizdən heç bir mükafat istəmirəm və mən özümdən bir şey uydurmağa çalışmıram.

87; Bu Quran aləmlərə ancaq xatırlatmadır.

88; Siz onun verdiyi xəbəri bir vaxtdan sonra mütləq biləcəksiniz!”


Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin