Chapter 1 (Sura 1)



Yüklə 1,86 Mb.
səhifə43/100
tarix07.01.2022
ölçüsü1,86 Mb.
#81841
1   ...   39   40   41   42   43   44   45   46   ...   100
44. Duxan ('Duman') surəsi

1; Ha. Mim.

2; And olsun bu aydın Kitaba!

3; Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz qorxuduruq.

4; Hər bir hikmətli iş o gecədə ayırd edilir –

5; dərgahımızdan vəhy edilən əmr ilə. Həqiqətən, kitabları və elçiləri Biz göndəririk –

6; sənin Rəbbindən mərhəmət olaraq. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir.

7; Əgər yəqinliklə inanırsınızsa, bilin ki, Allah göylərin, yerin və onların arasında olanların Rəbbidir.

8; Ondan başqa ibadətə layiq olan məbud yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbidir.

9; Lakin onlar şəkkə qapılıb əylənirlər.

10; Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə.

11; O tüstü ki, insanları bürüyəcəkdir. Bu, ağrılı-acılı bir əzabdır.

12; Onlar: “Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar, biz də iman gətirək” – deyəcəklər.

13; Onlar necə öyüd-nəsihət eşidə bilərlər ki, artıq onlara açıq-aşkar bir peyğəmbər gəlsə də,

14; onlar ondan üz çevirib: “Öyrədilmiş bir dəlidir!” – dedilər.

15; Biz əzabı bir az sizdən uzaqlaşdırarıq, amma siz yenə azğınlığa qayıdacaqsınız.

16; Kafirləri böyük bir müsibətlə yaxalayacağımız gün, Biz onlardan intiqam alacağıq.

17; Biz onlardan əvvəl Fironun xalqını da sınadıq. Onlara möhtərəm bir elçi gəldi.

18; O dedi: “Allahın qullarını mənə qaytarın. Həqiqətən, mən sizin üçün etibarlı bir elçiyəm.

19; Allaha qarşı təkəbbür göstərməyin. Həqiqətən, mən sizə aydın bir sübut gətirmişəm.

20; Mən sizin məni daşa basmanızdan həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha sığınıram.

21; Əgər mənə inanmırsınızsa, onda məndən uzaq olun!”

22; Sonra o, Rəbbinə yalvarıb dedi: “Həqiqətən, bunlar günahkar adamlardır!”

23; Allah dedi: “Qullarımla birlikdə gecə yola çıx. Şübhəsiz ki, siz təqib olunacaqsınız.

24; Dənizi də sakit burax! Onlar suda batırılacaq əsgərlərdir!”

25; Onlar neçə-neçə bağlar, çeşmələr qoyub getdilər;

26; Habelə əkinlər, möhtəşəm yerlər

27; və içində həzz aldıqları nemətləri də qoyub getdilər.

28; Bax belə! Biz o nemətlərə başqalarını varis etdik.

29; Nə göy, nə də yer onlardan ötrü ağlamadı. Onlara möhlət də verilmədi.

30; Artıq İsrail oğullarını alçaldıcı əzabdan qurtardıq –

31; Firondan. Həqiqətən, o, özünü yüksək tutan və həddi aşanlardan idi.

32; Biz onları (İsrail oğullarını) Öz elmimizlə aləmlərdən üstün tutduq.

33; Onlara içində açıq-aydın imtahan olan dəlillər verdik.

34; Bunlar mütləq deyəcəklər:

35; “Bizim ancaq bircə ölümümüz var. Biz bir daha dirildilməyəcəyik.

36; Əgər doğru deyirsinizsə, onda atalarımızı dirildib gətirin!”

37; Bunlar yaxşıdır, yoxsa Tubba tayfası və onlardan əvvəlkilər? Biz onları məhv etdik. Çünki onlar günahkar adamlar idi.

38; Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün və əbəs yerə yaratmadıq.

39; Biz onları əsl həqiqət kimi yaratdıq, lakin çoxları bunu bilmir.

40; Şübhəsiz ki, ayırd etmə günü onların hamısı üçün müəyyən olunmuş vaxtdır.

41; O gün dost dosta heç bir şeylə fayda verə bilməyəcək, onlara kömək də edilməyəcəkdir.

42; Allahın rəhm etdiyi kimsələrdən başqa! Həqiqətən, O, Qüdrətlidir, Rəhmlidir.

43; Həqiqətən, zəqqum ağacı

44; günahkar adamın yeməyidir.

45; Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar –

46; qaynar su qaynayan kimi.

47; Onu tutub Cəhənnəmin ortasına sürüyün!

48; Sonra əzab vermək üçün başına qaynar su tökün!

49; Dad bu əzabı! Sən ki qüdrətli və şərəfli idin.

50; Sizin şübhə etdiyiniz əzab budur!

51; Allahdan qorxanlar isə təhlükəsiz bir yerdə –

52; bağçalarda və çeşmələr başında olacaqlar!

53; Taftadan və atlazdan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər.

54; Bax belə! Üstəlik onları iri qaragözlü hurilərlə də evləndirəcəyik.

55; Onlar orada əmin-amanlıq içində hər meyvədən istəyəcəklər.

56; Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. Allah onları Cəhənnəm əzabından qorumuşdur

57; sənin Rəbbinin lütfkarlığı sayəsində. Məhz bu, böyük uğurdur.

58; Biz Quranı sənin dilində asanlaşdırdıq ki, onlar öyüd-nəsihət ala bilsinlər.

59; Sən gözlə! Şübhəsiz ki, onlar da gözləyirlər.




Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin