76. İnsan ('İnsan') surəsi
1; Doğrudanmı insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir?
2; İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik.
3; Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun.
4; Doğrudan da, kafirlərdən ötrü zəncirlər, buxovlar və alovsaçan od hazırlamışıq.
5; Sözsüz ki, itaətkarlar kafur qatılmış şərabla dolu badələrdən nuş edəcəklər.
6; Bu elə bir bulaqdır ki, Allahın qulları ondan doyunca içər və onun mənsəbini istədikləri səmtə yönəldərlər.
7; Onlar vəd etdikləri nəziri verər və dəhşəti hər yeri sarsıdacaq gündən qorxarlar.
8; Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər
9; və deyərlər: “Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləyirik!
10; Əslində, biz, Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik!”
11; Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər;
12; onlara səbir etdiklərinə görə Cənnəti bəxş edər və orada geyəcəkləri ipəklə mükafatlandırar.
13; Onlar orada taxtlar üzərində mütəkkələrə dirsəklənəcək və orada nə günəş, nə də şaxta görməyəcəklər.
14; Cənnət ağaclarının kölgələri özləri onlara yaxınlaşacaq, meyvələri də tam onların ixtiyarına veriləcək.
15; Onların ətrafına təamlarla dolu gümüşdən hazırlanmış qablar və büllur qədəhlər dolandırılacaq.
16; Gümüşdən olan elə büllur qədəhlər ki, xidmətçilər onları cənnətdəkilərin içmək istədikləri həcmdə hazırlamışlar.
17; Orada onlara zəncəfil qatılmış şərab badəsi içirdiləcək.
18; Bu elə bir bulaqdandır ki, o, Cənnətdə Səlsəbil adlanır.
19; Onların ətrafında həmişə gənc olan xidmətçi cavanlar dolanacaqlar. Onları gördükdə səpələnmiş mirvari dənələri olduqlarını sanarsan.
20; Cənnətdə hara baxsan nemət və əzəmətli səltənət nişanəsi görərsən.
21; Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların qoluna gümüş bilərziklər bağlanacaq. Onların Rəbbi onlara tərtəmiz şərab içirdəcəkdir.
22; Onlara deyiləcəkdir: “Həqiqətən, bu sizə bir hədiyyədir və səyiniz təşəkkürə layiqdir”.
23; Biz Quranı sənə hissə-hissə aramla nazil etdik.
24; Belə ki, Rəbbinin qərar verəcəyinə qədər səbir et və onlardan heç bir günahkara və ya nankora itaət etmə!
25; Səhər-axşam Rəbbinin adını zikr et!
26; Gecənin bir hissəsində Ona səcdə et və gecədə uzun müddət Onun şəninə təriflər de!
27; Əsl həqiqətdə, bunlar ötəri dünyanı üstün tutaraq qarşılarındakı ağır günü görməməzliyə vururlar.
28; Biz onları yaratdıq və xilqətini möhkəmlətdik. Əgər istəsək, onları özlərinə bənzərləri ilə dəyişdirərik.
29; Həqiqətən, bu bir ibrətdir. İstəyən, Rəbbinə doğru aparan bir yol tutar.
30; Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! Həqiqətən, Allah Biləndir, Müdrikdir!
31; O, istədiyini Öz mərhəmətinə qovuşdurar. Zalımlara isə, O, ağrılı-acılı əzab hazırlamışdır.
Dostları ilə paylaş: |