Chapter 1 (Sura 1)


Nəml ('Qarışqalar') surəsi



Yüklə 1,86 Mb.
səhifə16/28
tarix05.03.2018
ölçüsü1,86 Mb.
#44154
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

27. Nəml ('Qarışqalar') surəsi

1; Ta. Sin. Bu, Quranın və açıq-aydın bir Kitabın ayələridir.

2; Möminlərə doğru yol göstəricisi və müjdədir.

3; O kəslərə ki, namaz qılır, zəkat verir və axirətə qətiyyətlə inanırlar.

4; Həqiqətən, Axirətə iman gətirməyənlərin bəd əməllərini onlara yaxşı kimi göstərdik. Odur ki, onlar azğınlıqları üzündən heç nə anlamadan yer üzündə veyllənirlər.

5; Bunlar əzabı ağır olacaq kimsələrdir; Axirətdə ən çox ziyana uğrayacaq kəslər də elə onlardır.

6; Həqiqətən, sən Quranı Müdrik və Bilən Allahdan alırsan.

7; Bir zaman Musa öz ailəsinə: “Mən, doğrudan da, bir od gördüm. Qoy gedib ondan sizə bir xəbər və ya bir köz gətirim ki, qızınasınız” – demişdi.

8; Musa oraya gəlib çatanda ona nida gəldi: “Odun içindəki də, ətrafındakı da mübarəkdirlər. Aləmlərin Rəbbi olan Allah pak və müqəddəsdir!

9; Ey Musa! Qüdrətli, Müdrik Allah Mənəm!

10; Əsanı yerə at!” Musa onun ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı və geriyə də dönmədi. Allah dedi: “Ey Musa! Qorxma! Elçilər Mənim hüzurumda qorxmazlar.

11; Ancaq kim haqsızlıq edib sonra da pisliyin əvəzinə yaxşılıq edərsə, bilsin ki, Mən Bağışlayanam, Rəhmliyəm!

12; Əlini qoynuna sal ki, əlin oradan ləkəsiz, ağappaq çıxsın. Firona və onun tayfasına göndərilən doqquz möcüzədən biri budur. Həqiqətən, onlar fasiq bir tayfadır!”

13; Möcüzələrimiz onlara aşkar şəkildə göstərildikdə: “Bu, açıq-aydın bir sehrdir!” – dedilər.

14; Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu!

15; Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: “Bizi Öz mömin qullarının çoxundan üstün tutan Allaha həmd olsun!”

16; Süleyman Davuda peyğəmbərlikdə varis oldu və dedi: “Ey insanlar! Bizə quş dili öyrədildi və bizə hər şeydən verildi. Həqiqətən, bu, bizə göstərilən açıq-aşkar üstünlükdür”.

17; Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplanıldı. Onlar müntəzəm şəkildə yerbəyer edildilər.

18; Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və onun qoşunu özləri də hiss etmədən sizi tapdayıb məhv etməsinlər”.

19; Süleyman qarışqanın bu sözünə gülümsədi və dedi: “Ey Rəbbim! Mənə həm mənim özümə, həm də valideynlərimə əta etdiyin nemətə şükür etmək üçün, Sənin razı qalacağın yaxşı əməl etmək üçün ilham ver və məni Öz mərhəmətinlə əməlisaleh qullarına qovuşdur!”

20; Süleyman quşları nəzərdən keçirib dedi: “Hüdhüdü nə üçün görmürəm? Yoxsa o burada yoxdur?

21; O, ya mənə aşkar bir dəlil gətirməlidir, ya da mən ona şiddətli bir əzab verməliyəm və yaxud da tutub boğazını üzməliyəm”.

22; Çox keçmədən hüdhüd gəlib dedi: “Mən sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm.

23; Mən onlara padşahlıq edən, özünə hər şey verilmiş və çox böyük bir taxtı olan bir qadın gördüm.

24; Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə etdiklərinin şahidi oldum. Şeytan onların əməllərini özlərinə gözəl göstərmiş və onları haqq yoldan çıxartdığına görə haqqın yolunu tapa bilmirlər.

25; Şeytan ona görə belə etmişdir ki, göylərdə və yerdə gizli olanı aşkara çıxardan, sizin gizlətdiklərinizi də, üzə çıxartdıqlarınızı da Bilən Allaha səcdə etməsinlər.

26; Böyük Ərşin Rəbbi olan Allahdan başqa ibadətə layiq olan məbud yoxdur”.

27; Süleyman dedi: “Baxaq görək, sən doğru deyirsən, yoxsa yalançılardansan.

28; Mənim bu məktubumu apar onların yanına at. Sonra bir qədər uzaqda dur və bax gör nə cavab verəcəklər!”

29; Qadın dedi: «Ey əyanlar! Mənə çox əhəmiyyətli bir məktub atıldı.

30; O məktub Süleymandandır və onda deyilir: “Mərhəmətli və Rəhmli Allahın adı ilə!

31; Mənə qarşı təkəbbür göstərməyin və yanıma müsəlman olaraq gəlin!”»

32; Qadın dedi: “Ey əyanlar! Bu iş barəsində mənə məsləhət verin. Mən heç vaxt siz yanımda olmayınca qəti qərar verməmişəm”.

33; Onlar dedilər: “Biz böyük bir qüvvət və qüdrət sahibiyik. Buyuruq isə sənindir. Nə buyuracağını özün fikirləş!”

34; Qadın dedi: Hökmdarlar hər hansı bir məmləkətə soxulduqları zaman onu viran qoyar, xalqının hörmətli adamlarını da zəlil edərlər. Onlar bax belə edərlər.

35; Mən onlara bir hədiyyə göndərəcəyəm və baxacağam görüm elçilər nə ilə qayıdacaqlar.

36; Elçilər Süleymanın yanına gəldikdə o dedi: “Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə bəxş etdiyi sizin verdiyinizdən daha yaxşıdır. Siz isə ancaq öz bəxşişlərinizlə fərəhlənirsiniz.

37; Onların yanına qayıt! Biz onların üstünə qarşısında dura bilməyəcəkləri bir ordu ilə gəlib onları oradan zəlil və alçalmış vəziyyətdə çıxardarıq!”

38; Süleyman dedi: “Ey əyanlar! Onlar müti olaraq yanıma gəlməmiş hansınız onun taxtını mənə gətirə bilər?”

39; Cinlərdən çox qüvvətli birisi dedi: “Sən məclisdən qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!”

40; Kitabdan xəbəri olan bir başqa kimsə isə belə dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” Süleyman taxtı yanında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nankor olsa, bilsin ki, həqiqətən, Rəbbim onun şükrünə möhtac deyildir, Səxavətlidir!”

41; Süleyman dedi: “Onun taxtını tanınmaz hala salın, görək onu tanıyacaq və ya tanımayanlardan olacaq?”

42; Qadın gəldikdə ona: “Taxtın bu cürdürmü?” – deyildi. O dedi: “Deyəsən odur!” Süleyman dedi: “Bizə ondan əvvəl elm verilmiş və biz müsəlman olmuşuq!”

43; Allahdan başqa tapındığı şeylər o qadını tövhiddən yayındırmışdır. Çünki o, kafir bir tayfadan idi.

44; Qadına: “Saraya daxil ol!” – deyildi. O, sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və baldırlarını açdı. Süleyman dedi: “Bu, büllurdan hamarlanıb düzəldilmiş bir saraydır!” Qadın dedi: “Ey Rəbbim! Mən özümə zülm etmişdim. İndi isə Süleymana tabe olub aləmlərin Rəbbi olan Allaha təslim oldum!”

45; Biz Səmud tayfasına – Allaha ibadət edin deyə, qardaşları Salehi elçi göndərdik. Onlar isə bir-biri ilə mübarizə aparan iki firqəyə bölündülər.

46; O dedi: “Ey camaatım! Nə üçün yaxşılıqdan qabaq pisliyə tələsirsiniz? Nə üçün Allahdan bağışlanmağınızı diləmirsiniz? Ola bilsin ki, sizə rəhm oluna”.

47; Onlar dedilər: “Biz sənin və səninlə birlikdə olanların ucbatından uğursuzluğa uğradıq”. Saleh dedi: “Sizin uğursuzluğunuz Allah yanındadır. Siz sınağa çəkilən bir qövmsünüz”.

48; Şəhərdə doqquz adam var idi ki, bunlar yer üzündə fitnə-fəsad törədir, yaxşı işlər görmürdülər.

49; Onlar dedilər: “Bir-birinizin yanında Allaha and için ki, gecə ona və ailəsinə basqın edib öldürəcək, sonra da onun yaxın qohumuna deyəcəyik ki, biz onun ailəsinin öldürüldüyünü görməmişik və biz, həqiqətən, düzünü deyirik”.

50; Onlar hiylə qurdular, Biz də hiylə qurduq. Lakin onlar bunu hiss etmədilər.

51; Bax gör onların hiylələrinin aqibəti necə oldu. Biz onları bütün tayfalarıyla birlikdə yerlə-yeksan etdik.

52; Haqsızlıqları üzündən viran qalmış evləri də budur. Həqiqətən, bunda bilən adamlar üçün ibrət vardır.

53; İman gətirib Allahdan qorxanları isə xilas etdik.

54; Lutu da yada sal. Bir zaman o öz qövmünə demişdi: “Gözünüz görə-görə murdar işmi görəcəksiniz?

55; Siz qadınları qoyub şəhvətlə kişilərin yanınamı gedəcəksiniz? Yox, siz cahil bir qövmsünüz!”

56; Qövmünün cavabı isə ancaq: “Lutun ailəsini kəndinizdən çıxarın. Çünki onlar təmiz qalmaq istəyən adamlardır!” – demələri oldu.

57; Biz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. Biz onun arvadının geridə qalanlardan olmasına qərar verdik.

58; Biz onların üstünə daşlardan yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman imiş!

59; De: “Həmd olsun Allaha, salam olsun Onun seçdiyi qullarına! Allah yaxşıdır, yoxsa Ona şərik qoşduqlarınız?

60; Göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən kimdir? Biz onunla gözəl bağçalar saldıq. Halbuki siz onların ağaclarını böyüdə bilməzdiniz. Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onlar haqdan yayınan adamlardır.

61; Yeri məskən edən, arasından çaylar axıdan, üzərində möhkəm duran dağlar yaradan və iki dənizin arasında maneə qoyan kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onların əksəriyyəti bunu bilmirlər.

62; Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz?

63; Qurunun və dənizin qaranlıqlarında sizə doğru yol göstərən, küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi kimi göndərən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Allah onların qoşduqları şəriklərdən ucadır.

64; Məxluqatı əvvəldən yaradan, sonra onu yenidən dirildən, sizə göydən və yerdən ruzi verən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var?” De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin”.

65; De: “Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər.

66; Həm də onların elmi axirəti qavrayıb dərk edə bilməz. Üstəlik də onun barəsində şəkk-şübhə içindədirlər, hətta ona qarşı kor kimi baxarlar”.

67; Kafirlər dedilər: “Məgər biz və atalarımız torpağa qarışdıqdan sonra qəbirlərdən çıxardılacağıq?

68; Bu dirilmə həm bizə, həm də əvvəllər atalarımıza vəd olunmuşdu. Bu, keçmişdəkilərin uydurduğu əfsanələrindən başqa bir şey deyildir”.

69; De: “Yer üzündə gəzib dolaşın və görün günahkarların aqibəti necə olmuşdur”.

70; Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də ürəyini sıxma.

71; Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?” – deyirlər.

72; De: “Ola bilsin ki, tələsik istədiyiniz şeyin bir qismi, artıq sizə yaxınlaşmışdır”.

73; Həqiqətən, sənin Rəbbin insanlara qarşı lütfkardır, lakin onların əksəriyyəti naşükürdürlər.

74; Şübhəsiz ki, sənin Rəbbin onların qəlblərinin gizli saxladıqlarını və onların aşkar etdiklərini bilir.

75; Göydə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-məhfuzda) olmasın.

76; Həqiqətən, bu Quran İsrail oğullarına ixtilafda olduqları şeylərin çoxunu anlatmaqdadır.

77; Həqiqətən, o, möminlərə doğru yol göstəricisi və bir mərhəmətdir.

78; Şübhəsiz ki, sənin Rəbbin onların arasında Öz hökmünü verəcəkdir. O, Qüdrətlidir, Biləndir!

79; Sən yalnız Allaha təvəkkül et! Çünki sən açıq-aydın haqq yoldasan.

80; Sözsüz ki, sən nə ölülərə haqqı eşitdirə bilərsən, nə də dönüb gedən karlara çağırışı çatdıra bilərsən.

81; Sən korları düşdükləri azğınlıqdan doğru yola çıxara bilməzsən. Sən haqqı yalnız müsəlman ikən ayələrimizə inananlara eşitdirə bilərsən.

82; O söz (Qiyamət) onların başlarının üstünü aldığı zaman onlar üçün yerdən elə bir heyvan (dabbə) çıxardarıq ki, onlarla danışıb insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər.

83; Həmin gün hər ümmətin ayələrimizi yalan sayanlarından bir dəstə toplayarıq. Sonra da onlar bir yerdə məhşərə sürüklənərlər.

84; Nəhayət haqq-hesab yerinə gəldikləri zaman Allah deyər: “Ayələrimi başa düşmədiyiniz halda, onları yalanmı saydınız? Bəs siz nə iş görürdünüz?”

85; Zülm etdiklərinə görə o söz onları haqlayacaq və onlar danışa bilməyəcəklər.

86; Məgər onlar görmürlərmi ki, Biz gecəni onların həmin vaxt istirahət etməsi üçün yaratmış, gündüzü isə işıqlı etmişik? Şübhəsiz ki, bunda iman gətirən adamlar üçün dəlillər vardır.

87; Sur üfürüləcəyi gün Allahın istədiklərindən başqa, göylərdə və yerdə olanlar dəhşətə düşəcək və hamısı Onun hüzuruna baş əyərək gələcəkdir.

88; Sən dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi kamil şəkildə edən Allahın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır.

89; Hər kim yaxşı əməllə gəlsə, ona daha yaxşısı (Cənnət) verilər. Onlar o gün dəhşətli qorxu hissindən uzaq olarlar.

90; Pis əməllə gələnlər isə üzüstə oda atılarlar. Onlara deyilər: “Məgər siz ancaq etdiyiniz əməllərə görə cəzalandırılmırsınızmı?”

91; De: “Mənə ancaq bu şəhərin (Məkkənin) Rəbbinə ibadət etmək əmr edilmişdir. O şəhər ki, Rəbbim onu haram buyurmuşdur. Hər şey yalnız Onundur. Mənə əmr olunub ki, müsəlman olum

92; və Quran oxuyum!” Kim doğru yolda olsa, yalnız özü üçün doğru yolda olmuş olar. Haqq yoldan azana isə belə de: “Mən ancaq xəbərdar edənlərdənəm!”

93; De: “Həmd olsun Allaha! O Öz dəlillərini sizə göstərəcək, siz də onları tanıyacaqsınız. Rəbbin sizin etdiyiniz əməllərdən xəbərsiz deyildir!”



28. Qasas ('Əhvalat') surəsi

1; Ta. Sin. Mim.

2; Bu, açıq-aydın Kitabın ayələridir.

3; Biz sənə, iman gətirən insanlar üçün, Musa ilə Fironun əhvalatını olduğu kimi oxuyacağıq.

4; Həqiqətən, Firon yer üzündə təkəbbürlük göstərib onun əhalisini zümrələrə bölmüşdü. Firon onlardan bir zümrəni zəiflədir, onların oğlan uşaqlarını öldürür, qadınlarını isə sağ buraxırdı. Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi.

5; Biz istədik ki, həmin yerdə aciz qalanlara mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək,

6; yer üzündə onlara hökmranlıq bəxş edək, Firona, Hamana və onların əsgərlərinə qorxub çəkindikləri şeyi göstərək.

7; Biz Musanın anasına: “Onu əmizdir. Ondan ötrü qorxduqda isə onu çaya at. Qorxma və kədərlənmə. Çünki Biz onu sənə qaytaracaq və onu elçilərdən edəcəyik” – deyə vəhy etdik.

8; Fironun ailəsi onu tapıb götürdülər ki, axırda onlara düşmən və başlarına bəla olsun. Həqiqətən, Firon, Haman və onların əsgərləri günahkar idilər.

9; Fironun zövcəsi dedi: “Bu uşaq həm mənim, həm də sənin üçün gözaydınlığıdır. Onu öldürməyin. Ola bilsin ki, o bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik”. Onlar bu işin sonunu bilmirdilər.

10; Musanın anasının ürəyi boş qalmışdı (övlad dərdindən başqa heç bir şey haqda düşünmürdü). Əgər Biz, vədimizə inananlardan olsun deyə, onun qəlbinə səbir verməsəydik, az qala gördüyü işi açıb bildirəcəkdi.

11; Anası onun bacısına: “Onun dalınca get!” – dedi. O da heç kimə hiss etdirmədən kənardan Musaya göz qoyurdu.

12; Daha öncə Biz ona öz anasından başqa bütün süd analarını (onların döşünü əmməyi) qadağan etmişdik. Musanın bacısı dedi: “Sizin üçün onun qayğısına qalacaq və ona qarşı xeyirxah olacaq bir ailəni sizə göstərimmi?”

13; Beləliklə, Biz onu öz anasına qaytardıq ki, gözü aydın olsun, kədərlənməsin və Allahın vədinin haqq olduğunu bilsin. Lakin onların çoxu bunu bilmir.

14; Musa yetkinləşib kamillik dövrünə çatdıqda Biz ona hökmranlıq (peyğəmbərlik) və elm əta etdik. Biz xeyirxah işlər görənləri belə mükafatlandırırıq.

15; O, şəhərə əhalisi xəbərsiz ikən daxil oldu və orada bir-biri ilə vuruşan iki kişi gördü. Biri onun tərəfdarlarından, o biri isə düşmənlərindən idi. Tərəfdarlarından olan kəs onu düşməninə qarşı köməyə çağırdı. Musa onu vurub öldürdü və: “Bu, şeytan əməlindəndir. Həqiqətən, o, haqq yoldan azdıran açıq-aydın bir düşməndir!” – dedi.

16; Musa dedi: “Ey Rəbbim! Mən özüm-özümə zülm etdim. Məni bağışla!” O da onu bağışladı. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir.

17; Musa dedi: “Ey Rəbbim! Mənə nemət bəxş etdiyin üçün mən heç vaxt günahkarlara arxa olmayacağam!”

18; Səhəri gün qorxu içində ətrafa göz qoya-qoya şəhərə çıxdı. Birdən dünən onu köməyə çağıran kəs yenə fəryad qoparıb onu köməyə çağırdı. Musa ona: “Sən, doğrudan da, açıq-aşkar yolunu azmışın birisən!” – dedi.

19; Musa ikisinin də düşməni olan kəsi (misirlini) yaxalamaq istədikdə o dedi: “Ey Musa! Sən dünən birini vurub öldürdüyün kimi, məni də öldürməkmi istəyirsən? Sən yer üzündə ancaq bir zülmkar olmaq istəyirsən. Sən islah edənlərdən olmaq istəmirsən”.

20; Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: “Ey Musa! Zadəganlar səni öldürmək barəsində məşvərət edirlər. Çıx get! İnan ki, mən sənin yaxşılığını istəyənlərdənəm!”

21; Musa qorxu içində ətrafa baxa-baxa oradan çıxıb: “Ey Rəbbim! Məni zalım adamların əlindən qurtar!” – dedi.

22; O, Mədyən tərəfə yollanıb: “Ola bilsin ki, Rəbbim mənə doğru yolu göstərsin!” – dedi.

23; O, Mədyən sularına gəlib çatanda quyunun başında heyvanlarına su verən adamlar gördü. Onların yaxınlığında da qoyunlarını o biri heyvanlardan geri çəkən iki qız görüb: “Sizə nə olub?” – dedi. Onlar dedilər: “Çobanlar heyvanlarını sürüb aparmamış biz qoyunlarımıza su verə bilmirik. Atamız da çox qocadır”.

24; Musa onların yerinə qoyunlara su verdi, sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var!”

25; Bir qədər sonra qızlardan biri utana-utana onun yanına gəlib dedi: “Atam bizim yerimizə qoyunları sulamağının haqqını ödəməkdən ötrü səni çağırır”. Musa onun yanına gəlib başına gələn əhvalatı ona danışdıqda o dedi: “Qorxma! Sən zalım adamların əlindən xilas olmusan!”

26; Qızlardan biri dedi: “Atacan! Onu muzdla işə götür, çünki o, muzdla işə götürdüklərinin ən yaxşısı, güclü və etibarlı olanıdır”.

27; Şueyb dedi: “Səkkiz il mənə işləmək şərti ilə qızlarımdan birini sənə ərə vermək istəyirəm. Əgər sən bu müddəti on ilə çatdırsan, bu, sənin tərəfindən bir lütf olar. Mən sənə əziyyət vermək istəmirəm. Allah qoysa mənim əməlisalehlərdən olduğumu görəcəksən”.

28; Musa dedi: “Bu, ikimizin arasında olan razılıqdır. Bu iki müddətdən hansını başa çatdırsam, mənə qarşı haqsızlıq olmamalıdır. Allah da dediyimizə Şahiddir!”

29; Musa müddətini başa vurub ailəsi ilə birlikdə yola çıxdığı zaman dağın yanında bir od gördü və ailəsinə dedi: “Dayanın! Mən bir od gördüm. Mən ondan sizə bir xəbər və ya bir köz gətirərəm ki, qızınasınız”.

30; Musa oraya gəlib çatdıqda sağ tərəfindəki vadinin yaxınlığında olan mübarək yerdəki ağac tərəfdən ona nida gəldi: “Ey Musa! Aləmlərin Rəbbi olan Allah Mənəm!

31; Əsanı yerə at!” Musa onun ilan kimi qıvrıldığını görüb, geriyə belə baxmadan dönüb qaçmağa başladı. Allah dedi: “Ey Musa! Yaxın gəl, qorxma! Sən əmin-amanlıqda olanlardansan!

32; Əlini qoynuna sal ki, əlin oradan ləkəsiz, ağappaq çıxsın. Qorxu keçib getsin deyə əlini özünə sıx. Bu, Firona və onun əyanlarına qarşı sənin Rəbbindən olan iki tutarlı dəlildir. Həqiqətən, onlar fasiq adamlardır”.

33; Musa dedi: “Ey Rəbbim! Mən onlardan birini öldürmüşəm, qorxuram ki, onlar da məni öldürələr.

34; Qardaşım Harun dildə məndən daha bəlağətlidir. Onu da, dediklərimi təsdiqləyən bir köməkçi kimi mənimlə birlikdə göndər. Mən, həqiqətən də, onların məni yalançı sayacaqlarından qorxuram”.

35; Allah dedi: “Biz səni qardaşınla qüvvətləndirəcək, ikinizə də dəlil verəcəyik. Onlar sizə heç bir pislik toxundura bilməyəcəklər. Möcüzələrimiz sayəsində siz və sizə tabe olanlar mütləq qalib gələcəksiniz”.

36; Musa onların yanına açıq-aydın dəlillərimizlə gəldikdə onlar: “Bu ancaq uydurulmuş bir sehrdir. Biz ulu babalarımızdan belə bir şey eşitməmişik” – dedilər.

37; Musa dedi: “Rəbbim Öz tərəfindən kimin doğru yolu göstərən rəhbər gətirdiyini və Axirət yurdunun kimə nəsib olacağını daha yaxşı bilir. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!”

38; Firon dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir məbud tanımıram. Ey Haman! Mənim üçün palçığın üzərində od qala və bir qüllə düzəlt ki, Musanın məbudunun yanına qalxım. Mən, həqiqətən də, onu yalançılardan hesab edirəm.

39; Firon və onun əsgərləri yer üzündə haqsız yerə təkəbbür göstərdilər və elə güman etdilər ki, hüzurumuza qaytarılmayacaqlar.

40; Biz də onu və onun əsgərlərini tutub dənizə atdıq. Bax gör zalımların aqibəti necə oldu.

41; Biz onları oda çağıran rəhbərlər etdik. Qiyamət günü onlara kömək edilməyəcəkdir.

42; Bu dünyada onları lənətə düçar etdik. Qiyamət günü isə onlar Allahın rəhmətindən qovulmuş kimsələrdən olacaqlar.

43; Biz əvvəlki nəsilləri məhv etdikdən sonra Musaya insanlar üçün açıq-aydın dəlillər, doğru yol göstəricisi və rəhmət olaraq Kitab verdik ki, bəlkə, düşünüb ibrət alsınlar.

44; Biz Musaya əmri yerinə yetirməyi tapşırdıqda sən dağın qərb tərəfində deyildin. Sən buna şahid olanlardan da deyildin.

45; Lakin Biz Musadan sonra neçə-neçə nəsillər yaratdıq və onlar uzun ömür sürdülər. Sən Mədyən sakinləri arasında olub ayələrimizi onlara oxumurdun. Lakin elçiləri Biz göndəririk.

46; Biz Musanı çağırdığımız zaman da sən dağın yanında deyildin. Lakin səndən əvvəl özlərinə xəbərdar edən peyğəmbər gəlməmiş bir tayfanı xəbərdar edəsən deyə, Rəbbindən bir mərhəmət olaraq səni peyğəmbər göndərdik ki, bəlkə, düşünüb anlayalar.

47; Özlərinin etdikləri əməllərə görə onlara bir müsibət üz verdikdə: “Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər göndərmədin ki, biz də Sənin ayələrinə tabe olub möminlərdən olaq?” – deməsəydilər, səni peyğəmbər göndərməzdik.

48; Bizim tərəfimizdən onlara haqq gəldikdə onlar: “Nə üçün Musaya verilənin bənzəri ona da verilmədi?” – dedilər. Məgər onlar daha öncə Musaya veriləni inkar etməmişdilərmi? Onlar demişdilər: “Bir-birini dəstəkləyən iki sehr (Tövrat və Quran)!” Həmçinin demişdilər: “Biz heç birinə inanmırıq!”

49; De: “Əgər doğru deyirsinizsə, Allah tərəfindən elə bir Kitab gətirin ki, bu ikisindən daha doğru yol göstərən bir rəhbər olsun və mən də ona tabe olum!”

50; Əgər sənə cavab verməsələr, bil ki, onlar nəfslərinin istəklərinə uymuşlar. Allahdan bir doğru yol göstəricisi gəlməyincə öz nəfsinin istəyinə uyandan daha çox azmış kim ola bilər?! Şübhəsiz ki, Allah zalım adamları doğru yola yönəltməz.

51; Biz Sözü onlara çatdırdıq ki, düşünüb ibrət alsınlar.

52; Qurandan əvvəl özlərinə Kitab verdiyimiz kəslər ona iman gətirirlər.

53; Onlara Quran oxunduğu zaman: “Biz ona iman gətirdik. O, həqiqətən də, Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl də müsəlman idik!” – deyirlər.

54; Səbir etdiklərinə görə onlara mükafatları ikiqat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edir və özlərinə verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər.

55; Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!” – deyirlər.

56; Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları daha yaxşı tanıyır.

57; Kafirlər dedilər: “Əgər biz səninlə birlikdə doğru yolla getsək, yurdumuzdan qovularıq”. Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər cür meyvənin gətirildiyi, müqəddəs, təhlükəsiz bir yerdə yerləşdirmədikmi? Lakin onların çoxu bunu bilmir.

58; Biz xoş güzəranı ilə qürrələnən neçə-neçə şəhəri məhv etdik. Budur onların yurdları. Özlərindən sonra bəzilərindən başqa orada heç kəs sakin olmadı. Onlara Biz varis olduq.

59; Sənin Rəbbin şəhərlərdən ən mühüm olanına, özlərinə ayələrimizi oxuyan bir elçi göndərməmiş o şəhərləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan şəhərləri məhv etdik.

60; Sizə verilən hər şey ancaq dünya həyatının keçici zövqü və onun bərbəzəyidir. Allah yanında olanlar isə daha xeyirli və daha sürəklidir. Məgər başa düşmürsünüz?

61; Məgər verdiyimiz gözəl bir vədə (Cənnətə) qovuşan kimsə, dünya həyatının keçici zövqünü bəxş etdiyimiz, sonra da qiyamət günü Cəhənnəmə gətiriləcək kimsə ilə eyni ola bilərmi?

62; O gün Allah onları çağırıb deyəcəkdir: “İddia etdiyiniz şəriklərim haradadırlar?”

63; Barələrində Sözün gerçəkləşəcəyi kimsələr deyəcəklər: “Ey Rəbbimiz! Bunlar bizim azdırdığımız kimsələrdir. Özümüz azdığımız kimi onları da azdırdıq. Biz onlardan uzaqlaşıb Sənə üz tuturuq. Doğrusu, onlar bizə ibadət etmirdilər”.

64; Müşriklərə: “Şəriklərinizi çağırın!” – deyiləcək. Müşriklər onları çağıracaq, lakin şərikləri onlara cavab verməyəcəklər. Onlar əzabı görəcəklər. Yaxşı olardı ki, onlar doğru yolla getmiş olaydılar.

65; O gün Allah onları çağırıb: “Elçilərə nə cavab verdiniz?” – deyəcək.

66; O gün xəbərlər onlardan gizli qalacaqdır. Onlar bir-birindən heç bir şey soruşa bilməyəcəklər.

67; Tövbə edib iman gətirən və yaxşı işlər görən kimsəyə gəlincə, ola bilsin ki, o, nicat tapanlardan olsun.

68; Rəbbin istədiyini yaradır və istədiyini də peyğəmbər seçir. Onların isə seçməyə haqqı yoxdur. Allah pakdır, müqəddəsdir və onların qoşduqları şəriklərdən ucadır.

69; Sənin Rəbbin onların qəlbinin həm gizli saxladıqlarını, həm də aşkar etdiklərini bilir.

70; O, Allahdır. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Dünyada da, Axirətdə də həmd Ona məxsusdur. Hökm Onundur və siz Ona qaytarılacaqsınız.

71; De: “Bir deyin görək, əgər Allah gecəni üstünüzdə Qiyamətə qədər uzatsa, Allahdan başqa hansı məbud sizə bir işıq gətirə bilər? Məgər siz eşitmirsiniz?”

72; De: “Bir deyin görək, əgər Allah gündüzü üstünüzdə qiyamətə qədər uzatsa, Allahdan başqa hansı məbud dincəldiyiniz gecəni sizə gətirə bilər? Məgər siz görmürsünüz?”

73; O, Öz mərhəməti ilə sizin üçün gecəni və gündüzü yaratdı ki, dincələsiniz və Onun lütfündən ruzi axtarasınız. Bəlkə, şükür edəsiniz.

74; O gün Allah onları çağırıb: “İddia etdiyiniz şəriklərim haradadırlar?” – deyəcəkdir.

75; Biz hər ümmətdən bir şahid çıxardacaq və: “Dəlilinizi gətirin!” – deyəcəyik. Onlar biləcəklər ki, haqq yalnız Allaha məxsusdur. Uydurduqları bütlər isə onları qoyub gedəcəklər.

76; Həqiqətən, Qarun Musa ilə həmtayfa idi. Amma onlara qarşı yamanlıq edirdi. Biz ona elə xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi. Qövmü ona dedi: “Öyünmə! Həqiqətən, Allah öyünənləri sevmir.

77; Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də başqalarına yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevmir”.

78; Qarun dedi: “Bu mənə ancaq məndə olan biliyə görə verilmişdir”. Məgər o bilmirdi ki, Allah ondan əvvəlki nəsillərdən, ondan daha qüvvətli və daha çox var-dövlət yığan kəsləri məhv etmişdir? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmaz (üzlərindən tanınarlar).

79; Qarun öz zinəti içində xalqının qarşısına çıxdı. Dünya həyatını arzulayanlar dedilər: “Kaş ki, Qaruna verilənin bənzəri bizə də veriləydi! Həqiqətən, o, böyük qismət sahibidir”.

80; Elm verilmiş kəslər isə dedilər: “Vay halınıza! İman gətirib yaxşı əməl işlədən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna isə yalnız səbir edənlər nail olarlar”.

81; Biz onu öz evi ilə birlikdə yerə batırdıq. Allaha qarşı ona kömək edə biləcək havadarları yox idi. Və özü də özünə kömək edə bilmədi.

82; Dünən onun yerində olmağı arzulayanlar ertəsi gün deyirdilər: “Ah, demək Allah Öz qullarından istədiyi kəs üçün ruzini artırar da, azaldar da. Əgər Allah bizə lütf etməsəydi, bizi də yerə batırardı. Ah, demək kafirlər nicat tapmayacaqlarmış!”

83; Biz o Axirət yurdunu yer üzündə təkəbbürlük etmək və fitnə-fəsad törətmək istəməyənlərə nəsib edirik. Gözəl aqibət müttəqilərindir.

84; Kim Qiyamət günü yaxşı əməl gətirsə, ona bundan daha yaxşısı verilər. Kim də pis əməl gətirsə, pis iş görənlərə ancaq etdikləri əməllərin cəzası verilər.

85; Quranı sənə nazil edib vacib buyuran Allah qayıdacağın yerə (Məkkəyə, yaxud Axirət yurduna) səni mütləq qaytaracaqdır. De: “Rəbbim kimin hidayət gətirdiyini və kimin açıq-aydın azğınlıq içində olduğunu yaxşı bilir”.

86; Sən bu Kitabın sənə nazil olacağına ümid etmirdin. Bu ancaq Rəbbindən bir mərhəmətdir. Odur ki, heç vaxt kafirlərə arxa olma!

87; Allahın ayələri sənə nazil edildikdən sonra muğayat ol ki, onlar səni bu ayələrdən döndərməsinlər. Sən Rəbbinə dəvət et və müşriklərdən olma!

88; Allahla yanaşı başqa bir məbuda yalvarma! Ondan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Onun Üzündən başqa hər şey məhv olacaqdır. Hökm Onundur və siz Ona qaytarılacaqsınız.


Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin